2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Sevinc Vaqifqızı hakimə: “Səndən fərqli olaraq, mən azad insanam” |

“AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı haqqında həbs qətimkan tədbirinin müddəti uzadılıb

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlər – nəşrin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) haqqında istintaq dövrü üçün seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb. Martın 14-də Xətai Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

Jurnalistlərin həbsdə saxlanma müddətinin artırılması üçün verilmiş hər iki təqdimata hakim Rəfael Sadıxov baxıb. Lakin məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızı haqqında həbs qətimkan tədbirinin uzadılması üçün verilmiş təqdimatı məhkəmədə müstəntiq müdafiə edib. O bildirib ki, hələ istintaq davam edir, atılacaq addımlar var. Bu müddətdə onların azadlıqda qalması məqsədəuyğun deyil. Çünki azadlıqda qalsalar, istintaqdan yayınmaq, prosesin gedişinə təsir göstərmək ehtimalı var.

Hər iki məhkəmə prosesində jurnalistlərin vəkilləri isə təqdimatın təmin olunmamasını istəyib. Vəkillər bildirib ki, istər Ülvi Həsənli, istərsə də Sevinc Vaqifqızı heç bir cinayət törətməyib, istintaq da indiyədək bununla bağlı sübut-dəlil ortaya qoymayıb. Onlar müvəkkillərinin əsassız həbsdə saxlandığını vurğulayaraq, hakimdən aylardır davam edən bu ədalətsizliyə son qoyulmasını istəyiblər.

Təqsirləndirilən jurnalistlərin özləri də onlara verilən qaçaqmalçılıq ittihamının saxta olduğunu, “AbzasMedia”dakı korrupsiya araşdırmalarına görə cəzalandırıldıqlarını bildiriblər. Onlar məhkəmədən obyektivlik və ədalətli qərar gözləntilərinin olmadıqlarını da vurğulayıblar.

Sevinc Vaqifqızının işinə baxanda onunla hakim Rəfael Sadıxov arasında mübahisə yaranıb. Jurnalist siyasi sifarişlə, hakimiyyətdəkilərin korrupsiyasını ifşa etdiklərinə görə cəzalandırıldığını deyəndə hakim onun sözünü kəsib. Bu yerdə Sevinc Vaqifqızı hakimə deyib:

“Mənim sözümü kəsə bilməzsən. Nəinki sən, sənə göstəriş verənlər də kəsə bilməz. Səndən fərqli olaraq, mən azad insanam”.

Məhkəmə proseslərinin sonunda Ülvi Həsənli barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay, Sevinc Vaqifqızı haqqında isə 2 ay 29 gün artırılıb.

Vəkillər bildirib ki, bu qərarlardan apelyasiya şikayəti verəcəklər.

Martın 7-də “AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən daha ikisi – Hafiz Babalı və Elnarə Qasımovanın da həbsdə saxlanma müddəti uzadılmışdı.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb.

Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

“AbzasMedia”dan sonra “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və bu qurumun əməkdaşı Şamo Eminov da qaçaqmalçılıq ittihamıyla həbs olundu. Hazırda onların işi üzrə istintaq Səbail rayon Polis İdarəsində davam edir.

Martın 6-da və 8-də isə “Toplum TV” kanalının və III Respublika Platformasının bir qrup əməkdaşı eyni ittihamla həbs edilib.

III Respublika Platformasının ofisindən və “Toplum TV”-nin əməkdaşlarının evindən axtarış zamanı müxtəlif məbləğlərdə pul tapıldığı iddia olunur.

Onlar isə bu ittihamı rədd edir, tapıldığı iddia edilən pulların evlərə və ofisə axtarışı aparan polislərin özləri tərəfindən qoyulduğunu deyirlər.

Xural

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button