2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Siyasi və ictimai fəallar Əli Əliyevin həbsini pisləyiblər

Bakı/14.01.22 İctimai və siyasi fəallar sosial şəbəkələrdə öz şərhlərində Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyevin beş ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü tənqid ediblər.

Yanvarın 13-də hakim Hüseyn Səfərovun sədrliyilə Bakının Yasamal Rayon Məhkəməsi hərbçi Emil Cəfərovun şikayəti əsasında Vətəndaş və İnkişaf Partiyasının  sədri Əli Əliyevin barəsində beş ay həbs hökmü çıxarıb. Partiya sədri məhkəmə zalında həbsə alınıb.

Partiya sədrinin həbsi ictimai-siyasi fəalların və müxalifət liderlərin tənqidi ilə qarşılaşıb. Tənqidlərin əsas leymotivi qanunsuz həbs, məhkəmə prosesində ciddi qanun pozuntuları və siyasi sifarişlə bağlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, nəticədə 14 hərbçi həlak olub, iki nəfər yaralanıb. Helikopterin qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının  sədri Əli Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə veriblər. Zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” YouTube kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. Əli Əliyev həmçinin helikopter qəzasında Rusiyanın əlinin olması ehtimalını da istisna etmir.

Hər iki zabit Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq məhkəməyə Əli Əliyevin barəsində xüsusi ittiham qaydasında şikayət edib.

Baş Prokurorluq helikopterin qəzaya uğramasına pilotların idarəetmədə yol verdikləri səhvlərin səbəb olduğunu bildirib.

Baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib ki, qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıb.

İctimai fəal Bəxtiyar Hacıyev Əli Əliyevin həbsi barədə hökmü “ekspress məhkəmə”nin qərarı  kimi qiymətləndirir.

Onun fikrincə, Əli Əliyevin məhkəməsində baş verənlər onu şoka salıb.

“Məhkəmə bir iclasda hər şeyi aydınlaşdırdı, vəkillər “çıxış üçün vaxt istəyirik” deyəndə hakim 5 dəqiqə vaxt təklif etdi, vəkillər etiraz edəndə “artıq çıxış etdiniz” dedi. Əli Əliyevə son söz təklif edildi, Əli Əliyev etiraz edəndə “son sözünüzü dediniz” deyib qaçdı müşavirə otağına və gəldi hökmü elan etdi”, -o qeyd edib.

Hacıyev hesab edir ki, siyasi partiya rəhbəri siyasi tapşırıqla, sifarişlə, şərlənərək həbs edilib.

“Heç bir vətəndaş bundan sığortalanmayıb, ona görə də hamı belə ekspress-şərləmə məhkəmələrinə etiraz etməlidir. Əli Əliyev azad edilməlidir. Tofiq Yaqublunun gözlərində o boyda xəsarətlərdən sonra cinayət işi açmayan hakimiyyət “mənə filan şeylər inandırıcı görünmür” dediyinə görə bir partiya rəhbərini həbs edir”, – o deyib.

“Müdafiə xətti” hüquq- müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov hesab edir ki, Vətəndaş və İnkişaf Partiyası sədrinin həbsi birbaşa dövlət başçısı İlham Əliyevin sifarişidir.

“Müdafiə xətti” olaraq Əli Əliyevin hüquqlarının müdafiəsində yaxından iştirak edəcəyik”, – Səfərov bildirib.

Azərbaycan Talışların İctimai Şurasının bəyanatında deyilir ki, bu qurum Əli Əliyevin qondarma ittihamlarla sifarişli həbsini qətiyyətlə pisləyir.

“Ölkəmizin cəmi azadfikirli təşkilatları və vətəndaşları kimi, bütün ziyalı və alimlərimizi də onun hüquqlarının müdafiəsində həmrəyliyə çağırırıq”, – təşkilat qeyd edir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hesab edir ki, Əli Əliyevin həbsi siyasi motivlidir.

“Məhkəmə onu hərbçilərə böhtan atıb bəhanəsilə 5 ay müddətinə azadlıqdan məhrum edib. Aydındır ki, “hərbçilərə böhtan atmaq” söhbəti, sadəcə, bəhanədir. Milyardların talan edildiyi, işgəncə ilə adam öldürənlərin məsuliyyətdən kənarda qaldığı ölkədə sözə görə partiya sədrini həbs etmək absurddur”, –  o deyib..

Əli Kərimli Əli Əliyevə və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Haqq Ədalət Partiyasının sədri Əli İnsanov bildirib ki, məhkəmənin həbs üçün irəli sürdüyü dəlillərin cinayət tərkibi yoxdur.

“Azad dünya Azərbaycanda baş verənlərlə barışa bilmir. Azərbaycanı fəlakətə sürükləyənlər inqilab nəzəriyyəsindən bixəbərdirlər. Biz partiya lideri Əli Əliyevin azadlığa buraxılmasını tələb edirik”, – İnsanov deyib.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, Əli Əliyev xüsusi sifarişlə, böyük ehtimalla hərbi əmrlə qaldırılmış iddia əsasında həbs edilib.

“Əli Əliyevin həbsi söz azadlığına qarşı amansız mübarizənin, tənqidə dözümsüzlüyün, qanuna və hüquqa hörmətsizliyin daha bir nümunəsidir. Əli Əliyevin həbsi qanunsuz və ədalətsiz olmaqla yanaşı, həm də çox kobud səhvdir. Yol verilmiş səhvi düzəltməyin, qanunsuzluğu durdurmağın yollarından biri də onun Apellyasiya Məhkəməsində azadlığa buraxılmasıdır”, – Hacılı belə düşünür.

Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus kimi tanınan Tofiq Yaqublu Stalin repressiya illərinə işarə edərək “Davam edir 37!” yazıb.

“Yasamal Rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə tamamilə siyasi sifarişlə hazırlanmış qurama bir ittiham əsasında 5 aylıq həbs cəzası verib. Repressiyalara son!” – o qeyd edib.

Ümid Partiyasının sədri İqbal Ağazadə Vətəndaş və İnkişaf Partiyası sədrinin həbsini qanunsuz, sifarişli məhkəmə qərarı olduğunu hesab edir.

“Əli Əliyevin həbsini bir siyasi partiya rəhbərinə və ümumiyyətlə, siyasətə, siyasətçilərə qarşı təzyiq kimi qiymətləndiririk və dərhal Apellyasiya Məhkəməsindən ilkin məhkəmənin çıxardığı qərarın ləğvini tələb edirik. Ümid Partiyası hakimiyyəti insan haqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə, məhkəmələri ədalətli və qərəzsiz keçirməyə çağırır”, – partiya sədrinin bəyanatında qeyd edilir.

Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu hesab edir ki, Azərbaycanda siyasi partiya liderinin, alimin, həkimin, pedaqoqun və ziyalının saxta ittihamla həbsi həm beynəlxalq, həm də yerli ictimaiyyət tərəfindən qınanmalıdır.

“Fikrimcə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev dürüst və cəsarətli çıxışlarına görə sivil cəmiyyətdən kənarlaşdırıldı, qapalı instituta salındı. Sonrası nə olacaq, onu da indidən demək çətindir, hazırkı pandemiya dövründə həbsxanada onun başına çox oyunlar gətirə bilərlər. Odur ki, Əli Əliyevə haqq etdiyi azadlığı tələb edirəm və buna tezliklə nail olmaq üçün sizləri də həmrəylik göstərməyə çağırıram”, – İbadoğlu deyib.-0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button