2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

‘Sorosun universiteti çoxlarında qıcıq yaradır’

Macarıstan parlamenti George Soros-un əsasını qoyduğu Mərkəzi Avropa Universitetini (ingiliscə qısaltması CEU) ölkədən çıxmağa vadar edir. Düzdür, hələlik, zəif də olsa, ümid yeri var və o ümidin ünvanı Macarıstan prezidentidir.

Azərbaycandan da bir neçə nəfərin bitirdiyi bu universitet niyə hədəf seçilib? Onun önəmi, faydası nədir? “Mərkəzi Avropa Universiteti Qərbin nüfuzlu universitetlərində istədiyi təhsili ala bilməyənlərə bir fürsətdir”, – adıçəkilən ali məktəbdə magistr təhsili alan, keçmiş siyasi məhbus Rəşadət Axundov AzadlıqRadiosu-na müsahibəsində belə deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Buna da bax: İlqar Məmmədovun oxuduğu universitetin başı dərddə

– Macarıstanda yerləşən xarici universitetlərlə bağlı qanuna təklif olunan dəyişikliklər artıq aprelin 4-də parlamentdə qəbul edildi. Bu məsələ təxminən 10 gün olar gündəmdəydi. Sadəcə, dünən (aprelin 4-də – red.) parlament 123 “hə”, 38 “yox”la qanunu qəbul etdi. Dəyişikliklərin Macarıstanda yerləşən 28 xarici universitetə tətbiq olunacağı deyilsə də, indi açıqlayacağım səbəbdən yalnız Mərkəzi Avropa Universiteti təsirə məruz qalacaq. Yerli və beynəlxalq ictimaiyyətin fikrincə, bu məsələdə hədəf Mərkəzi Avropa Universitetidir. Qanun onu nəzərdə tutur ki, Macarıstanda yerləşən xarici universitetlərin qeydiyyatda olduğu ölkələrdə öz kampusu olmalı, Macarıstanda isə filial kimi fəaliyyət göstərməlidir. 27 xarici universitet filial kimi fəaliyyət göstərsə də, bircə Mərkəzi Avropa Universitetinin ofisi və kampusu Budapeştdə yerləşir. Baxmayaraq ki, qeydiyyatı Nyu-yorkda, ABŞ-dadır və orda hər hansı ofisi yoxdur. Ona görə də yeni dəyişiklikdən sonra Mərkəzi Avropa Universitetinin Macarıstanda fəaliyyəti mümkünsüzləşir.

– Rəşadət bəy, universitetin fəaliyyətinı heç ümid yeri yoxdur?

– Növbəti addımlar hələ bəlli deyil. Universitet buna qarşı bütün hüquqi mexanizmlərdən istifadə edəcəyini bildirib. Amma məsələ ondadır ki, parlament dəyişikliyi qəbul edəndən sonra imzalamaq üçün prezidentə yollayacaq. Prezidentinsə sənədlə bağlı üç alternativi var. O, ya qanunu imzalayır, bununla da dəyişiklik qüvvəyə minir, ya yenidən baxılması üçün parlamentə qaytarır, ya da qanunu mübahisələndirmək və qərarın onlar tərəfindən verilməsi üçün Konstitusiya Məhkəməsinə yollayır. Keçən bazar və aprelin 4-də “Freedom for edication” tələbə birliyinin bununla bağlı mitinqləri keçirilib. Son mitinqdə iştirakçılar prezidenti üçüncü variantı seçməyə, sənədi Konstitusiya Məhkəməsinə göndərməyə çağırıblar. Onlar Konstitusiya Məhkəməsində hakimlərin müstəqil olduqlarını, hakimiyyətdən asılı olmadıqlarını düşündüklərindən, hansısa uğur ehtimalı var. Digər iki halda bu, mümkün deyil. Məsələ Avropa İnsan Haqları Məhkəməsinə də çıxarıla bilər.

– Bu halda uğur qazanmaq ehtimalı nə qədərdir?

– Burda uğur ehtimalı var. Amma Avropa İnsan Haqları Məhkəməsinə göndərilən işə baxılması, bəzən, çox uzun çəkir. Həmin müddətdə qanun artıq qüvvəyə minəcək, universitetin fəaliyyəti mümkün olmayacaq. Universitet rəhbərliyi də bunu bilir.

Mərkəzi Avropa Universitetinin (Central European University - CEU) loqosu.

Mərkəzi Avropa Universitetinin (Central European University – CEU) loqosu.

– Universitet rəhbərliyinin ən pis variantla bağlı planı nədir? Bir də beynəlxalq dəstək vəziyyəti nə dərəcədə dəyişə bilər? Artıq Avropada MAU-ya xeyli dəstək var.

– Təbii ki, çox yüksək səviyyədə beynəlxalq dəstək göstərilir. Akademik çevrələrdən, müxtəlif prestijli universitetlərdən, eləcə də ABŞ Dövlət Departamentindən, Avropa Komissiyasından, Almaniya prezidentindən dəstək gəlir. Bu dəqiqdir ki, universitet tam bağlanmayacaq. Onun başqa yerlərə köçürülməsi ehtimalından da söhbət gedir. Universitet rəhbərliyi, hələlik, bununla bağlı rəsmi mövqeyini açıqlamasa da, tələbələrə də, müəllimlərə də Budapeşti tərk etmək niyyətlərinin olmadığını, sonadək mübarizə aparacaqlarını bildirir. Amma son bir neçə gündə Vilnüsün meri, Budapeştdən çıxarılacağı halda, Mərkəzi Avropa Universitetini, rəsmi olaraq, öz ölkəsinə – Litvaya dəvət edib. Bir də Avstriyadan Rektorlar Birliyi universitetə rəsmi dəstək göstərərək, onu Vyanaya dəvət edib. Amma universitet rəhbərliyi bu təkliflərə hələ cavab verməyib. İndi hamı Macarıstan prezidentinin addımını gözləyir. O, 5 gün içində sözünü deməlidir. Qanun Konstitusiya Məhkəməsinə göndəriləcəksə, qərar bir aya veriləcək. Amma istənilən halda baş verənlərin indiki tələbələrə neqativ mənada dəxli yoxdur. Sadəcə, bundan sonra qəbul edilən tələbələrə problem yaradıla bilər. Məsələn, tələbə vizası verilməsində. Hökumət tələbə qəbulunu dayandırmaq istəyir. Onunla bağlı rəhbərliyin planları olacaq yəqin. Tələbələrin havada qalacağına inanmıram.

– Macarıstan hökumətinin rəsmisi CEU-nu bitirənləri casusluqda suçlayıb. Sizcə, siyasi hakimiyyətin universitetə belə qəzəbi nədən qaynaqlanır?

– Məncə, məsələyə daha böyük çərçivədə baxmaq lazımdır. Bir neçə il qabaq baş nazir Macarıstandakı durumdan danışanda “qeyri-liberal demokratiya”dan söz açmışdı. Bu da Putin-in, Erdogan-ın, elə İlham Əliyevin “Bizim öz demokratiya yolumuz var, öz inkişaf yolumuz var” tezisinin başqa variantıdır. İllərdir bu ölkədə vətəndaş cəmiyyətinə, azad mətbuata, təməl azadlıqlara qarşı sistemli mübarizə gedir. Düzdür,

Macarıstan Avropa Birliyinin üzvüdür, repressiyalar aparılmasa da, sistemli şəkildə azadlıqlar məhdudlaşdırılır, liberal müstəvinin sıxışdırılması yönündə addımlar atılır. Mərkəzi Avropa Universiteti ilə bağlı cəhdlər də növbəti mərhələdir. Bundan sonra xaricdən maliyyələşən QHT-lərlə bağlı qanun qəbul edilə bilər. Soros Fondundan və başqa mənbədən maliyyələşən QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması mümkündür. Bu, sistemli hərəkətlərdir və “qeyri-liberal demokratiyanı” tətbiq etməkdir. Hazırda dünyada sağçı populist qüvvələrin yüksəliş dövrüdür və Macarıstan hökuməti də bundan yararlanır. Burda çoxları deyir ki, ABŞ-da Donald Trump-ın prezident seçilməsi Macarıstan baş nazirinin əl-qolunu açıb. Belə fikir var ki, Trump-la Soros-un arası yoxdur və Macarıstan baş naziri də bu qanunları qəbul etdikdən sonra ABŞ-ın təpkisiylə qarşılaşmayacağına əmindir.

– Azərbaycandan da bir neçə nəfər Mərkəzi Avropa Universitetini bitirib. Sovetlərin çöküşündən sonra Soros Fondunun dəstəyilə yaradılan bu universitetin postsovet ölkələrinə önəmi nədir, onlara hansı imkanları açır?

– Bu universitet ABŞ universiteti kimi tanınır, Amerika təhsil modeli əsasında qurulub. Önəmi odur ki, postsovet ölkələrindən, üçüncü dünya ölkələrindən olan vətəndaşlara Qərb təhsil sistemini mənimsəməyə imkan verir. İkincisi, bu universitet keçid dövründə Qərb demokratiyasına, azad bazar və liberal demokratiyaya ölkələri transformasiya etmək məqsədilə həm siyasi, həm də iqtisadi kadrlar yetişdirir. Yəni Qərbin prestijli universitetlərində oxumağa imkanı çatmayan tələbələr həmin təhsili CEU kimi yüksək keyfiyyətli universitetdə əldə edirlər. Buna görə də çox əhəmiyyətli universitetdir. Rusiyanın keçmiş sosialist ölkələrinə qarşı aqressiv siyasət apardığı vaxtda çoxlarında bu universitet qıcıq yaradır və bağlanmasını istəyirlər.

– Rəşadət bəy, ikinci dəfə bu universiteti seçməyinizə səbəb nəydi?

– Mən burda 2006-2007-ci illərdə oxumuşam. Həbsdən azad ediləndən sonra fikirləşdim ki, öz sahəm üzrə yeni biliklərə yiyələnmək lazımdır. Və universitetə müraciət etdim, onlar da təqaüd ayırdılar, universitet mənə belə bir imkan yaratdı. Birillik buraya gəlmişəm. Universitetin darda olan məzunlarına təmənna güdmədən yardım göstərmək siyasəti var.

– Belə çıxır ki, sizi də sabah casusluqda ittiham edə bilərlər?

– (Gülərək) Ola bilər, mümkündür…

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button