SEÇMƏ

Ter-Petrosyanın çıxışı sülh prosesini sürətləndirə bilərmi?

Yayımlandı: 27 Sentyabr 2022 17:03

Azər Qasımlı: “Petrosyan vəziyyətə uyğun davranmağı məqsədəuyğun sayır”

“Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın son çıxışı sülh prosesini sürətləndirə bilər. Yəni Ermənistanda situasiyanı düzgün qiymətləndirən, reallığı anlayan siyasətçilər nə qədər çox olsa, sülh həm özlərinə, həm də regiona daha tez gələcək”.

Bunu siyasətçi Azər Qasımlı Levon Ter-Petrosyanın müsahibəsini Meydan TV-yə şərh edərkən bildirib.

Sentyabrın 26-da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyaya müsahibəsində bildirib ki, ölkəsini ağrılı və çətin qərarlar gözləyir.

Onun qənaətincə, AzərbaycanTürkiyə ilə heç kimin bəyənməyəcəyi müqavilələr imzalanmalıdır, və bunun alternativ də yoxdur:

“Əgər sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, Ermənistan artıq Sovet İttifaqının 70 illik reallıqlarını bərpa edə bilməyəcək. Artıq Qarabağ məsələsi həll olunub. Ermənistan orada səs hüququna sahib deyil və heç bir rol oynamır”.

Azər Qasımlı hesab edir ki, Ermənistanın hazırda düşdüyü vəziyyətdən nələrsə əldə edərək çıxması mümkünsüzdür: “Əslində, sabiq dövlət başçısı Petrosyan da bunu deyir. Petrosyan vəziyyətə uyğun davranmağı məqsədəuyğun sayır ki, bu da sülhdür. Çünki sülh hər iki ölkə üçün önəmlidir”.

Azər Qasımlı, Foto: Meydan Tv

Qasımlı konfliktin uzanacağı təqdirdə, daha ağır fəsadların ola biləcəyini düşünür: “Düzdür, Ermənistan-Azərbaycan münaqişəsi İsrail-Fələstin problemi ilə eyni olmasa da, oxşar məqamlar tapmaq olar. Yəni on illərlə uzanar, hansısa həddə artıq çıxış yolu da tapılmaz. Bu baxımdan Petrosyanın son müsahibəsi Baş nazir Paşinyanın maraqlarına cavab verir”.

Fazil Mustafa: “Petrosyanın açıqlaması Paşinyana dəstəkdir”

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Musata Petrosyanın açıqlamasını Paşinyana dəstək kimi qiymətləndirir:

“Sadəcə, Petrosyan bu dəstəyi tərəfsiz adam kimi verir və müşahidələrini də bu cür dilə gətirir. Açıq deyir ki, Ermənistan AzərbaycanTürkiyə ilə sülhə getməsə, nəticə ağır olacaq. Həmçinin Petrosyan realist yanaşma ortaya qoyub. O, erməni cəmiyyətində qəbul olunan siyasətçilərdəndir. Onun müsahibəsi Ermənistanın müəyyən düşünən hissəsində reaksiya doğuracaq”.

“Biri var sıradan kimsə danışsın, biri də var uzun müddət dövlətin başında olmuş bir şəxs belə çağırış etsin. Ona görə onun atdığı addımlar Ermənistan cəmiyyətində reaksiya doğuracaq. Həmçinin Ermənistan hökumətinin də bu istiqamətdə, bəlkə, əvvəlcədən danışılmış bir strategiyası var, bunun bir tərəfində də sabiq prezident Petrosyan dayanır”, – deyə o bildirib.

Deputatın sözlərinə görə, son günlər Ermənistanın bir sıra siyasi qüvvələri və hətta hakimiyyəti də ABŞ və Qərbin bir sıra ölkələrindən gələn müəyyən çağırışlardan çaşbaş qalıblar:

Gözdən qaçırmayın:  “Oğlumun cibinə metanfetamin ataraq həbs ediblər”
Deputat Fazil Mustafa
Foto: Meydan TV

“Guya dəstək olacaqdılar, amma onlar real səhnədə vəziyyəti anlamadılar. Çünki Azərbaycanın üstünlüyünü və o cümlədən, TürkiyəRusiya amilini kənara qoymaq mümkünsüzdür. Eyni zamanda, İranın mövqeyi keçicidir. Bu ölkənin daxilində ciddi problemlər yaşanır. İkinci də, Tehranın bölgədə təxribatçı mövqeyi birbaşa Vaşinqtonun tapşırığı ilə həyata keçirilir. Ona görə də İranın açıqlamaları hansısa prosesə mane olacaq səviyyədə deyil. Bütün bunları nəzərə alaraq, Petrosyan kapitulyasiya ifadəsini işlədib və alternativin olmadığını deyir”.

Fazil Mustafa deyir ki, sülh müqaviləsinin imzalanması uzandıqca, bu, bölgədə olan ermənilərin məskunlaşmasına da ciddi zərbə vurur:

“Ağıllı erməni siyasətçilər də bunu anlayırlar. Ona görə də Bakı və Ankarayla dil tapmağı vacib sayırlar. Əvvəllər Rusiyaya çox ümid vardı. İndi Moskvayla loqistik əlaqələri kəsilməkdədir. Belə bir vəziyyətdə Azərbaycan da bu cür çağırışlara müsbət reaksiya verərək prosesin sülhə doğru irəliləməsinə çalışmalıdır”.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button