SEÇMƏ

Tovuz sakini: “Uşağın qoluna sistem qoşub, iflic ediblər”

Yayımlandı: 30 Oktyabr 2022 22:41

Elvin Yusifli həkim və tibb bacısının cəzalandırılmasını istəyir

“Sentyabrın 4-də Tovuz Rayon Mərkəzi Xəstəxanasında oğlum dünyaya gəlib. Uşaq doğulandan bir neçə gün sonra həkim onun sarılığa yoluxduğunu deyib və sağ qoluna sistem vurublar. Bundan sonra uşağın qolu iflic olub. İndiyədək müalicəyə 5 min manatdan artıq pul xərcləmişəm. Fəhləyəm, artıq gücüm qalmayıb”.

Bunu Meydan TV-yə müraciətində Tovuz rayon sakini Elvin Yusifli deyib. Onun sözlərinə görə, uşağı evə apararkən körpənin qolunun işləmədiyini görüblər.

“Sanki kukla qoluydu, hərəkət etmirdi, toxunan kimi uşaq çığırırdı. Xəstəxanaya geri qaytardıq. Həkim dedi ki, doğuşda travma alıb. Ginekoloq isə uşağın tam sağlam doğulduğunu təsdiqlədi. Körpəni Bakıdakı Elmi-Tədqiqat Pediatriya İnstituna gətirdik, 21 gün xəstəxanada qaldı. Məlum oldu ki, infeksiya salıblar, iynədən sonra həmin yerə peyvənd də vurulub”,-Elvin Yusifli deyib.

Foto: Meydan TV

Şikayətçinin sözlərinə görə, həkim və tibb bacısı evinə gələrək uşağın bələyinə 200 manat qoyub və ondan şikayət etməməsini xahiş edib:

“Fəhləyəm, evdə 5 yaşında bir qızım da var. Artıq müalicəyə gücüm çatmır. Ayda 2-3 dəfə Tovuzdan Bakıya gəlirəm, yol xərci də bir tərəfdən məni çökdürür. Uşağın qolunda nisbətən irəlləyiş var. Dərmanları Moskovadan alıb gətizdirdim. Hələ uzun müddət müalicə davam etdirilməlidir, köməyim də yoxdur”.

Valideyn həkim və tibb bacısının cəzalandırılmasını tələb edir. Məsələ ilə bağlı TƏBİB, Səhiyyə Nazirliyi və Tovuz Rayon Prokrorluğuna müraciət olunub. Hadisənin üstündən 1 aydan çox keçsə də, araşdırma ilə bağlı nəticə yoxdur.

Tovuz Rayon Mərkəzi Xəstəxanasından məsələyə münasibət bildirmək istəməyiblər. TƏBİB-dən isə Meydan TV-tə deyiblər ki, araşdırma aparılır. Nəticələrinə uyğun qərar veriləcək.

Meydan TV

Gözdən qaçırmayın:  Rusiya və Paşinyan üçün sınaq

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button