Loading...
Loading...
SEÇMƏ

Türkiyədə inflyasiya: “Rəsmi rəqəmlərə heç kim inanmır”

Yayımlandı: 5 İyul 2022 12:36

Ölkədə inflyasiyanın 80 faizə çatdığı deyilir

“Daha kimsə Türkiyənin rəsmi rəqəmlərinə inanmır”.

“BlueBay Asset Management” firmasından Timoti Eş belə deyib.

İyun ayının rəsmi nəticələrinə görə, Türkiyədə inflyasiya 80 faizə çatıb.

Bu, son 24 ilin ən yüksək göstəricisi hesab edilir.

Türkiyənin Statistika İdarəsi açıqlayıb ki, illik qiymətlər iyunda 73.5 faizdən 78.6 faizədək qalxıb.

Müstəqil ekspertlər əslində rəsmi rəqəmlərin doğru olmadığını, real inflyasiya faizinin açıqlanandan azı 2 dəfə çox olduğunu düşünürlər.

Onların fikrincə, hökumət çaxnaşma yaratmamaq üçün real rəqəmləri gizlədir. Həmçinin müxalifət liderləri də Statistika İdarəsini prezidentin mənafeyinə uyğun rəqəmlər açıqlamaqda günahlandırır.

Ölkənin maliyyə naziri Nureddin Nebati isə öz növbəsində istehlak qiymətlərinin il sonuna doğru enəcəyini söyləyib.

Nazir bunun dekabrdan başlayaraq baş verəcəyini deyib. Hələliksə qiymətlər günbəgün arta-arta gedir.

İyulun əvvəlində Türkiyədə minimum əmək haqqı təxminən 330 dollaradək (5 min 500 lirə) qalxıb.
Hökumət açıqlama verib ki, il sonunadək minimum əməkhaqqına bir daha baxılacaq və artım ola bilər.

Ölkə başçısı Rəcəb Tayyip Ərdoğan isə Türkiyədə inflyasiya probleminin olmadığı qənaətindədir. Düşünür ki, var olan tək problem yaşama xərclərinin bahalığı ilə bağlıdır. Bu isə bütün dünyada gedən prosesdir.

Türkiyənin müstəqil ENAG İqtisadçılar Qrupunun hesablamasına görə, iyunda ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak qiymətləri 175 faiz artıb.

İstanbul Ticarət Palatasının məlumatında isə deyilir ki, bu şəhər üzrə illik inflyasiya 94 faizi keçib.

“BlueBay Asset Management” firmasından Timoti Eş də qeyd edir ki, artıq heç kim Türkiyənin rəsmi rəqəmlərinə inanmır.

Onların hamısı real rəqəmlərdən qat-qat aşağıdır. Məsələn, müxalifət lideri Kemal Kılıçdaroğlu da dövlət statistika agentliyinin açıqladığı rəqəmlərin yalan olduğu qənaətindədir.

Onun sözlərinə görə, bu qurum prezidentin xeyrinə cinayətlər törədir, səhv məlumat açıqlamaqla məşğuldur.

Türkiyənin milli valyutası olan – lirə 2012-ci ildən bəri dəyər itirir.

Hazırda 1 avro 17.58, 1 dollar isə 16.86 lirə civarındadır.

Meydan TV

Gözdən qaçırmayın:  Batumidə həbs olunan Azərbaycan vətəndaşına hökm oxunub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button