2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyənin Azərbaycan iqtisadiyyatından qazancı 7 dəfə artıb

[

Mərkəzi Bank ilin ilk doqquz ayında Azərbaycanın investisiya göstəricilərini açıqlayıb.

Bu müddətdə Azərbaycanın xarici ölkələrə yatırımları ayrıca diqqət çəkir. 2023-cü ilin ilk doqquz ayı ərzində Azərbaycan xarici ölkələrə 2 milyard 692 milyon dollar investisiya yatırıb. Müqayisə üçün: Bütün ötən il boyunca xarici ölkələrə toplam 1 milyard 152 milyon dollar investisiya yatırılmışdı. Deməli, bu ilin ilk doqquz ayında Azərbaycanın xarici ölkələrə yatırdığı investisiya məbləği ötən ilin 12 ayındakı məbləği iki dəfədən çox aşır. Bu, ölkədən Türkiyəyə yatırılan investisiya həcmindəki kəskin artımdan qaynaqlanır. Belə ki, bu ilin ilk doqquz ayında Azərbaycanın xarici ölkələrə yatırdığı vəsaitin 1 milyard 760 milyon dollar – 65.4 faizi məhz Türkiyə ilə bağlıdır. Ötən il boyunca Azərbaycandan Türkiyəyə 247 milyon dollar yatırılmışdı. Beləcə, 2023-cü ildə Azərbaycanın Türkiyəyə investisiya həcmində təxminən yeddi dəfə artım baş verib. Türkiyədən sonra ən çox investisiya yatırılan ölkə olan ABŞ-a yönəldilən vəsaitsə cəmi 259 milyon dollardır. Bu da Türkiyə ilə müqayisədə təxminən yeddi dəfə azdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bu da var ki, Türkiyə təkcə 2023-cü ildə deyil, Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bəri ən çox investisiya yatırılan ölkədir. Rəsmi rəqəmlərə görə, 1995-ci ildən bəri Azərbaycan Türkiyəyə 20 milyard dollara yaxın vəsait yatırıb. Eyni zamanda, Türkiyə şirkətləri indiyədək Azərbaycanda toplam dəyəri 18 milyard dollarlıq 517 layihəyə qatılıb. Bu zaman dilimində Azərbaycanda 5 min 800 Türkiyə şirkəti fəaliyyət göstərib, Türkiyədə isə 2 min 800 Azərbaycan şirkəti iş görüb. İki ölkənin qarşılıqlı yatırım müqayisəsi göstərir ki, Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi, Türkiyənin Azərbaycana yatırdığı investisiya həcmindən 60 faiz daha çoxdur. İndiyədək Türkiyənin Azərbaycana yatırdığı investisiya həcmi 12.5 milyard dollardır.

Azərbaycanın Türkiyədəki əsas investisiyası

Azərbaycanın Türkiyədəki ən böyük yatırımı “Star” Neft Emalı Zavodudur. İndi orada emal olunan neft məhsulları istehsalının, az qala, 25 faizi məhz bu zavodun payına düşür. Müəssisədə ilboyu 5 milyon ton dizel yanacağı istehsal edilir. Bu da Türkiyənin eyni növ məhsul idxalını 40 faiz, mayeləşdirilmiş qaz idxalını isə 70 faiz azaldıb. Açıqlanan rəqəmlərdən aydın olur ki, indiyədək SOCAR-ın Türkiyəyə yatırdığı toplam vəsait 18 milyard dollardır. Başqa deyimlə, Azərbaycanın indiyədək Türkiyəyə yatırdığı investisiyaların böyük hissəsi SOCAR-ın payına düşür. Öz növbəsində, Türkiyənin Azərbaycandakı investisiya fəaliyyəti isə daha çeşidli sahələri əhatə edir. Azərbaycana yatırılan investisiya həcminə görə Böyük Britaniya birinci olsa da, sırf qeyri-neft sektoru üzrə Azərbaycana ən çox yatırım edən ölkə Türkiyədir.

Qarabağdakı tikintilərdə türk şirkətlərinin payı

Azərbaycan 2021-ci ildən bəri işğaldan qurtulmuş ərazilərdə tikinti işlərinə başlayıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov bugünlərdə açıqlayıb ki, indiyədək dövlət büdcəsindən Qarabağdakı tikinti işlərinə toplam 7 milyard dollar ayrılıb. Türkiyə şirkətləri ilə bağlanan müqavilələrin dəyəri 3.4 milyard dollardan çox olub. Bu o deməkdir ki, indiyədək Qarabağa ayrılan vəsaitin təxminən yarısı dəyərində türk şirkətləri ilə müqavilələr imzalanıb. Bu da var ki, Qarabağın bərpasında aktiv rol alan böyük Türkiyə şirkətləri indiki Türkiyə iqtidarına yaxın sayılan şəxslərə məxsusdur. Bu şirkətlərin Türkiyədəki fəaliyyəti ilə bağlı müxtəlif korrupsiya hallarına rast gəlinib. Müstəqil jurnalistlərin araşdırmaları üzə çıxarıb ki, həmin şirkətlərin Azərbaycanda gerçəkləşdirdiyi layihələr, qanunvericilik tələb etsə də, tender keçirilmədən o şirkətlərə verilib.

 

Ticarət dövriyyəsi də artıb

Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlər iki ölkə arasındakı ticarət dövriyyəsində də kəskin artım baş verdiyini göstərir. Bu ilin 11 ayı ərzində Azərbaycanla Türkiyənin toplam ticarət dövriyyəsi 7 milyard 197 milyon dollar olub. Bu göstərici ilə Türkiyə Azərbaycanın əsas neft və qaz məhsulları idxalçısı İtaliyadan sonra ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın toplam ticarət dövriyyəsinin 15.2 faizi məhz Türkiyə ilədir. 2023-cü ildə Azərbaycan Türkiyəyə 5.1 milyard dollarlıq ixrac gerçəkləşdirib və 2.1 milyardlıq idxal həyata keçirib. Türkiyə Azərbaycanın İtaliyadan sonra ən çox ixrac gerçəkləşdirdiyi ikinci, Rusiya və Çindən sonra da ən çox idxal həyata keçirdiyi üçüncü ölkə olub. Azərbaycanın Türkiyə ilə ticarətdən qazandığı 5.1 milyard dolların cəmi 14 faizi qeyri-neft məhsullarının, 86 faizi isə enerji məhsullarının payına düşür. Bu baxımdan, Türkiyə Azərbaycanın neft və qaz məhsullarının da əsas alıcısıdır. O da var ki, Azərbaycan qazı Türkiyəyə digər ölkələrlə müqayisədə daha sərfəli şərtlərlə satılır.

Hər iki ölkənin rəsmiləri açıqlayıb ki, qarşıdakı bir neçə il ərzində Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsinin həcmi 15 milyard dollara çatdırılacaq. Bu, indiki ilə müqayisədə iki dəfə artım deməkdir və qarşıdakı illərdə hər iki ölkənin iqtisadiyyatları arasında əlaqənin bir qədər də yüksələcəyini göstərir.

 

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button