Dünya

Türkmənistan xaricə oxumağa gedənləri ölkədən buraxmır

Aşqabad hava limanında xaricdə oxumalı olan türkmən tələbələrin ölkədən çıxışına qadağa qoyulub.

Sentyabrda başlayan bu tədbirlərdən əziyyət çəkən tələbələrin dəqiq sayı bilinmir. Ancaq hadisələrin bir şahidi AzadlıqRadiosuna tələbələrin xaricə uçmalı olan reyslərdən “kütləvi” çıxarıldığını deyib.

Bəzi vətəndaşlar hökumətin bunu dekabrda keçiriləcək siyahıyaalmaya görə etdiyini düşünürlər. Bəziləri isə son illərdə Türkmənistan əhalisinin sayında misli görünməmiş azalmayla bağlayırlar.

Ölkənin avtoritar hakimiyyəti açıq şəkildə heç bir qadağa elan etməsə də, tələbələrin xaricə uçmasına imkan verməməsinin səbəblərini də açıqlamayıb. Ancaq şahidlər miqrasiya rəsmilərinin yalnız diplomları Türkmənistanda tanınmayan xarici universitetdə oxuyan tələbələri saxladığını deyirlər.

2019-cu ilin aprelində Türkmənistan Təhsil Nazirliyinin tanıdığı xarici universitetlərin siyahısı dərc olunub. Siyahıda Rusiya, Çin, Hindistan və Türkiyənin onlarla universitetinin, habelə Qazaxıstan, Ukrayna, Belarus və Gürcüstanda yerləşən az sayda universitetin adları var.

Ancaq bu sənəddə Türkmənistan vətəndaşlarının diplomları tanınmayan universitetlərdə oxuya bilməyəcəyi haqda heç nə deyilmir.

Bu sonuncu qadağa dekabr siyahıyaalması ərəfəsinə təsadüf edir. Hökumətin son illərdə keçirdiyi azı iki siyahıyaalmanın Türkmənistanın ağır demoqrafik böhran vəziyyətində olduğunu göstərdiyi bildirilir.

2020-ci ildə hökumət ölkə əhalisinin sayının 6.2 milyon nəfər olduğunu elan edib. Ancaq 2021-ci ilin sorğuları Türkmənistanda 2.8 milyona qədər əhali yaşadığını müəyyənləşdirib. Bu məlumatı AzadlıqRadiosuna sorğu keçirən quruma yaxın üç məmur anonimlik şərtilə verib.

Ancaq bu sorğunun nəticələri ictimaiyyətə açıqlanmayıb.

2019-cu ilin mayında hökumətə yaxın mənbələr AzadlıqRadiosuna 2008-2018-ci illər arasında 1,9 milyona yaxın insanın Türkmənistanı tərk etdiyini bildirmişdi. Bu insanların xarici ölkələrə ya daimi sakin qismində, ya da daimi iş üçün getdiyi deyilir. Xaricdə işləyən türkmən əmək miqrantlarının sayı bu rəqəmə daxil deyil.

Həmin məmurlar yaranmış böhranın yoxsulluqdan əziyyət çəkən ölkədən insanların kütləvi axını, doğum səviyyəsinin kəskin azalması və ölüm saylarının durmadan artması ilə bağlı olduğunu deyirlər.

Koronavirus epidemiyasına görə dayandırılan xarici reyslərin bu yaxınlarda açılması ilə daha çox insan ölkəni tərk edib. AzadlıqRadiosunun Aşqabaddakı müxbirləri ötən ay viza üçün müraciət edən insanların Rusiya səfirliyinin qarşısında uzun növbələr yaratdığını bildiriblər.

Növbədə duran insanların bir neçəsi hazırda Rusiyada Ukraynaya qarşı müharibənin yaratdığı iqtisadi və siyasi fəsadlara rəğmən bu ölkəyə köçmək istədiyini bildirib.

Türkmənlərin çoxu öz vətənlərində çox böyük çətinliklərlə üzləşir. Ölkə artıq illərdir ki, ərzaq qıtlığı, xroniki işsizlik və sürətlə artan inflyasiya ilə müşayiət olunan ağır iqtisadi böhran içindədir. Repressiv hökumət insanları hüquq və azadlıqlarından məhrum edir, onların həyatının bütün aspektlərinə tam nəzarətə almağa çalışır.

Gözdən qaçırmayın:  Dünya “sirli” raketdən danışır! Bayden bu suala belə cavab verdi

Türkmənistan rəsmiləri əvvəllər də tutarlı səbəb göstərmədən insanları beynəlxalq reyslərdən çıxarıblar. Bu hal geniş yayılmış korrupsiyaya yol açıb. Bəzi insanların ölkəni tərk edə bilmək üçün miqrasiya əməkdaşlarına 2 min- 5 min dollar rüşvət verdiyi deyilir.

Son qadağadan zərər görən tələbələrin ailələri də övladlarının ölkədən çıxa bilməsi üçün rüşvət ödəməli olduqlarını deyirlər.

Aşqabaddan bir ailə AzadlıqRadiosuna bir neçə gün öncə qızlarının təyyarəyə minməsinə icazə vermələri üçün miqrasiya əməkdaşlarına “müəyyən məbləğ” ödədiyini deyib. Qız Rusiyada təhsilini davam etdirməli imiş. Anonimlik şərtilə danışan valideynlər qızlarının oxuduğu universitetin hökumətin siyahısında olmadığını deyiblər.

Ancaq Aşqabaddan bir valideyn deyir ki, çox adam “çarəsiz durumdadır”. Onun sözlərinə görə, hökumətin bu hərəkəti gənclərin gələcəyini sual altında qoyur. Batan təyyarə biletlərinin qiymətinin, universitetlərin təhsil haqlarının ailələrə qaytarılması məsələsi də açıq qalır.

Türkmənistan rəsmiləri AzadlıqRadiosunun açıqlama xahişinə cavab verməyiblər.

24 saat” “
Türkmənistan xaricə oxumağa gedənləri ölkədən buraxmır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button