Ülvi Həsənli

Ülvi Həsənli, “AbzasMedia” internet platformasının baş direktoru və jurnalistdir. 2023-cü ilin 20 noyabrında səhər saat 7:00 radələrində xarici səfər üçün evdən hava limanına gedərkən evinin yaxınlığında saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinə aparılan Həsənlinin evində və “AbzasMedia” ofisində axtarış aparılıb. Zibeydə Sadıqova, Həsənlinin hüquqlarını müdafiə edən vəkil, ofisdəki 5 saatlıq axtarışda 40 min avro pulun tapıldığını bildirib. “AbzasMedia” bu iddiaları rədd edib və bunu Həsənliyə qarşı qurulan komplonun bir hissəsi olduğunu iddia edib. Həsənli, saxlanılma zamanı polislər tərəfindən gözündən yumruqla vurulduğunu və daha sonra Bakı Şəhər Baş Polis İdarəsində işgəncə gördüyünü bildirib.

“AbzasMedia”, Azərbaycanda yüksək rütbəli şəxslərin korrupsiya halları ilə bağlı araşdırmaları ilə tanınan bir media platformasıdır. Həsənlinin həbsi ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub, bir çox insan haqları müdafiəçiləri, jurnalistlər və siyasi xadimlər həbsin siyasi motivli olduğunu və “sifariş” olduğunu iddia ediblər. Həsənli, Prezident ailəsinin və məmurların korrupsiya halları ilə bağlı tez-tez araşdırmalar dərc etmişdir. Onun azadlığa buraxılması tələb olunur.

Həsənlinin məhkəmə prosesi davam edir və prokuror ona 6 il həbs cəzası tələb edir. Həsənli isə özünü təqsirli bilmir və həbsinə siyasi səbəblərə görə etiraz edir.

Əlaqədar yazılar