Sosial

Vəkili ‘Yeni Klinika’nın həbsdəki direktorunu qurban sayır

“Yeni Klinika”nın həbsdə olan sabiq direktoru Pərviz Abbasovun vəkili onu rüşvət və korrupsiyadan uzaq biri sayır. Vəkil iddia edir ki, müvəkkili qurbandır.

Bunu o, iyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Abbasovun ev dustaqlığına buraxılmasından ötrü vəsatətini əsaslandırarkən deyib.

Pərviz Abbasov, eləcə də klinikada onun tabeliyində çalışmış Qalib Nəcəfov, Əvəz Hüseynov, Samir MirzəyevVüsalə Əliyeva koronavirusa yoluxmuş şəxslərin klinikaya yerləşdirilməsindən ötrü onların yaxınlarından rüşvət almaqda ittiham olunurlar.

Adları sadalananlardan yalnız sabiq direktor həbsdədir. Digərləri haqqında istintaq dövrü üçün polis nəzarətinə vermə növündə qətimkan tədbiri seçilib.

“Zərurət olmadan həbs qətimkan tədbiri seçilməməlidir”

Vəkil məhkəmədə bunları deyib:

“Pərviz Abbasovun yüzlərlə xəstəsi, tələbəsi var. O, nəinki ölkə daxilində, xarici dövlətlərdə də tibb sahəsində tanınan mütəxəssisdir. Cəmiyyət üçün təhlükə yaratmır, əksinə, faydalıdır. 44 günlük müharibə dövründə xidmətlərinə görə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi onu fəxri fərmanla təltif edib. Avropa Məhkəməsi də Azərbaycana qarşı bir neçə qərarında yazır ki, zərurət olmadan şəxs haqqında həbs qətimkan tədbiri seçilməməlidir”.

“O materialların ittihama heç bir aidiyyəti yox idi”

Müdafiəçi klinikanın sabiq direktorunun həbsindən sonra prokurorluğun yaydığı videoya da toxunub. Vəkil deyir ki, orada göstərilən pulların rüşvətlə heç bir əlaqəsi yoxdur, klinikanın xərclərinə ayrılmış vəsaiti prokurorluq rüşvət kimi qələmə verib:

“Məqsəd Pərviz Abbasovu “korrupsiya nəticəsində ifşa olunmuş şəxs” kimi təqdim etməkdir. Kitabçalar göstərirlər, guya orada rüşvət alınan şəxslərin adları var, lakin o adamları dindirmirlər. O materialların ittihama heç bir aidiyyəti yox idi”.

Pərviz Abbasovun vəkilləri onun ev dustaqlığına buraxılmasını istədiyi halda, hakimlər digər dörd təqsirləndiriləndən, qadın istisna, qalan üçünün həbsinə qərar verib.

Q.Nəcəfov, Ə.Hüseynov və S.Mirzəyev haqqında polis nəzarətinə vermə qətimkan tədbiri ləğv olunub və onlar məhkəmənin ilk iclasında həbs olunublar. V.Əliyeva barədə ilkin qərar olduğu kimi qalıb.

Xatırlatma

Cinayət işinin materiallarında iddia olunur ki, “Yeni Klinika”da hər bir koronaviruslu xəstənin yerləşdirilməsi üçün onların yaxınlarından 3-5 min manat rüşvət alınıb.

P.Abbasova CM-in 311.3.2 (rüşvət alma, təkrar törədildikdə), digər təqsirləndirilən şəxslərə isə bu Məcəllənin 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik) maddələri ilə ittiham verilib.

Bu maddələrdə 8 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

24 saat” “Vəkili ‘Yeni Klinika’nın həbsdəki direktorunu qurban sayır” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button