2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşetİqtisadiyyat

Vahid Əhmədov: “Hökumətin tərkibində müəyyən dəyişikliklər ola bilər”

24saat.org saytı baş nazirin sabiq müavini, Milli Məclisin deputatı Vahid Əhmədovla müsahibəni təqdim edir.

– Vahid müəllim, Azərbaycan iqtidarı neftin qiyməti ucuzlaşdıqdan sonra kənd təsərrüfatı sahəsinə diqqəti artırıb, pambıqçılıq prioritet sahə olaraq götürülür. Hökumətin addımlarını və kənd təsərrüfatının perspektivlərini necə görürsünüz?

– Söhbət ancaq kənd təsərrüfatından getmir. Azərbaycanda qeyri-neft sektorunun bütövlükdə inkişafı bizim ölkəmiz üçün ən önəmli məsələlərdən biridir. Çünki dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın daxili bazarına böyük təsir göstərir. Tədiyyə balansına, valyuta ehtiyatlarına ciddi təsiri var. Ona görə də, cənab prezident bu sahəyə diqqəti artırır.

Saytların yığılması Saytlarin yigilmasi

İkincisi, ancaq kənd təsərrüfatı haqda danışmaq olmaz. Daha geniş baxmaq lazımdır. Qeyri-neft sektoru deyərkən kənd təsərrüfatı, sənaye, turizm və insan kapitalı nəzərdə tutulmalıdır. Tez gəlir gətirən sahələrdən biri də kənd təsərrüfatıdır. Odur ki, pambıqçılıq, baramaçılıq və digər sahələrə diqqət artırılır. Hesab edirəm ki, bu doğru xətdir. İmkan var, şərait var, torpaq var. Odur ki, bura diqqət artırılır, məhsuldarlığın yüksək olması vacib məqam kimi vurğulanır. Fikrimcə, qeyri adi bir şey baş vermir.

Üçüncüsü, mən xatırlayıram Azərbaycan dövlət başçısı hələ 10 il bundan əvvəl bütün çıxışlarında hökumətə tapşırırdı ki, qeyri-neft sektoru inkişaf etməlidir. Yəni hər çıxışında qeyri-neft sektoru ifadəsi yer alırdı. Ancaq biz bu məsələdə bir qədər ləng tərpənmişik və qeyri-neft sektoru ciddi inkişaf etməyib. İndi gec də olsa bu məsələyə diqqət artırılır. Nəzərə almalıyıq ki, bizim idxal və ixrac proseslərində neftdən savayı ixracımız çox aşağıdır, təxminən 8-10 faizdir. Bu da, aşağı rəqəmdir. Odur ki, çalışmaq lazımdır pambıq, barama və s sahələr inkişaf etdirilsin, bunların emalı həyata keçirilsin. Beləcə biz daha çox valyutanı Azərbaycana gətirə bilək.

– Bütün bunları həyata keçirmək üçün ciddi, korrupsiyadan uzaq və şəffaf kadrlar lazım deyilmi ?

– Məncə, Azərbaycanda həmişə kadrlar olub. Yəni kadr problemi yoxdur. İndi də cənab prezident referendumda bir dəyişiklik etdi. Yəni Azərbaycanda vitse-prezidentlik institutu tətbiq ediləcək. Məncə, burada da müəyyən struktur və institusion dəyişikliyi gedəcək. Biz onu gözləyirik. Ola bilər ki, hökumətin tərkibində müəyyən dəyişikliklər olsun, Nazirlər Kabinetinin tərkibində strukturu təkmilləşdirilsin, mümkündür ki, vitse-prezidentlərdən biri iqtisadiyyatla məşğul olsun. Fikrimcə, bunları gözləmək lazımdır və həm də bütün bunlar prezidentin səlahiyyətində olan məsələlərdir. Yəqin ki, biz bunları görəcəyik.

– Son zamanlar Mərkəzi Bank və Neft Fondu aksioma daha çox dollar çıxarır və bunun nəticəsində dollarla bağlı ajotaj bir qədər səngiyib. Sizcə, bu proses nə qədər davam edəcək?

– Bilirsinizmi, biz həmişə manatı qoruyub saxlamağı doğru hesab etmişik, demişik ki, imkan daxilində milli valyutanı qoruyub saxlamaq vacibdir. Amma son şərait-neftin qiymətinin kəskin aşağı düşməsi, manatın birbaşa neftin qiymətindən asılı olması onu göstərir ki, bu devalvasiya prosesi qaçılmazdır. Biz də hər zaman yumşaq devalvasiyanın tərəfdarı olaraq çıxış etmişik. Artıq ikinci devalvasiyadan sonra Mərkəzi Bank yumşaq devalvasiyaya getdi, hətta dollar bir qədər bahalaşdı və nəticədə manat ucuzlaşdı. Lakin son vaxtlar bu prosesi saxladılar və Mərkəzi Bankla Neft Fondu bazara dollar çıxardı ki, manat bir qədər möhkəmlənsin. Manatın möhkəmlənməsi şübhəsiz ki, sahibkarlığın inkişafı üçün lazımdır. Amma bu prosesi uzun müddət aparmaq mümkün deyil. O vaxt mümkün olardı ki, neftin qiyməti yüksək olsun, Azərbaycana yaxşı vəsait daxil olsun. Mən bir iqtisadçı olaraq hesab edirəm ki, manatı qoruyub saxlamağa ehtiyac yoxdur. Manatı qorumaq üçün sərf edilən vəsaiti sahibkarlara vermək lazımdır ki, ölkədə kiçik və orta sahibkarlıq inkişaf etsin. Manatı tədricən buraxmaq lazımdır. Necə ki, Qazaxıstanda tengeni, Rusiyada rublu buraxdılar. Və beləcə həmin valyuta bazarda öz təbii qiymətini tapdı, tələblə təklifə uyğun oldu.

– Təcrübəli və prosesləri təhlil edən iqtisadçı kimi kəskin devalvasiya gözləyirsinizmi?

– Açığı, mən növbəti devalvasiyanı gözləmirəm, amma yumşaq devalvasiyanın tərəfdarıyam. Yəni manat bazarda təbii qiymətini tapmalıdır. Lakin heç bir halda şok devalvasiyanın tərəfdarı deyiləm.

– İran rəsmisi elan edib ki, dünya bazarında neftin qiyməti 20-30 dollara qədər enə bilər. Sizin gözləntiləriniz necədir?

– Mən inanmıram ki, dünya bazarında neft 20 ABŞ dollarına qədər düşsün. Qənaətimcə, yaxın dövrlər üçün neft 40-50 dollar arasında oynayacaq. Amma 20 dollara düşməsi həqiqətə uyğun deyil. Çünki OPEK və digər təşkilatlar, habelə neft istehsal edən dövlətlər hazırda danışıqlar aparırlar.

– Ölkəmizdə kasıblaşma prosesi davam edəcəkmi?

– Bütün dünyada elə siyasi və iqtisadi proseslər gedir ki, Azərbaycan onun təsirindən kənarda qala bilməz. Şübhəsiz ki, bu proseslərin bizə təsiri var. Azərbaycan neft ixrac edən ölkədir. Neftin ixracı və qiyməti nə qədər aşağı olarsa, biz də bir o qədər təsir edər. Niyə kənd təsərrüfatına diqqət artırılır, sənaye parkları yaradılır, turizmə ciddi yanaşma var? Bütün bunlar ona görə edilir ki, qeyri neft sektoru inkişaf etsin, neftdən asılılığı azaldaq və post neft dövrünə hazır olaq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button