Loading...
Loading...
SEÇMƏ

Əli Əliyevin həbs müddəti 6 ay uzadıldı

Partiya sədri: “Əxlaqsızlığa görə YAP-dan qovduqları adamdan mənə qarşı istifadə edirlər”

İyunun 23-də Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin cəzası daha 6 ay uzadılıb.
Yasamal Rayon Məhkəməsində son 6 ayda VİP sədrinə üçüncü dəfə hökm oxunub.

Budəfəki hökm Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb.

Hakim Rəşad Cavadzadənin çıxardığı hökmə əsasən, Əli Əliyev Ramiz Göyüşovu təhqir etməkdə təqsirli bilinib və Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsilə ona 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Bu cəza onun haqqında daha əvvəl çıxarılmış 6 aylıq həbs hökmüylə birləşdirilib. Ona qəti olaraq, 1 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəzanın əvvəli isə Əli Əliyevin əvvəlki hökmlə həbs olunduğu gündən – 13 yanvardan hesablanıb.

Məhkəmə prosesi qapalı keçirilib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, xüsusi ittihamçı Ramiz Göyüşov məhkəməyə gəlməyib. Onun nümayəndəsi isə Əli Əliyevə 6 ay həbs cəzası verilməsini istəyib.

Əli Əliyev son sözündə bu prosesin siyasi olduğunu, həbs müddətini artırmaq üçün Ramiz Göyüşovdan istifadə edildiyini deyib:

“Əxlaqsızlığa görə YAP-dan qovduqları adamdan indi mənə qarşı istifadə edirlər. Bu iş siyasi sifarişdir və mənə qarşı əvvəlki təqiblərin davamıdır. Amma nəzərə almalıdılar ki, bu cür əxlaqdan kənar üsullarla məni mübarizədən çəkindirmək mümkün olmayacaq. Mən sona qədər mübarizəmi davam etdirəcəyəm”.

Ramiz Göyüşov iddia ərizəsində partiya sədrinin “Bumerang” internet televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərlə onu təhqir etdiyini iddia edib.

O, xüsusən VİP sədrinin onun haqqında işlətdiyi “mastrubant” ifadəsini özünə təhqir hesab edib.

Əli Əliyev son sözündə deyib ki, bu ifadə tibbi termindir, təhqir sayıla bilməz.

Əli Əliyevin vəkilləri də onun təqsirsiz, iddianın isə əsassız olduğunu vurğulayıblar. Onlar bildirib ki, bu iddia əsasında partiya sədrini məhkum etmək absurddur.

Vəkillər əlavə edib ki, hətta Əli Əliyevin əməlində Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi varsa belə, bu maddə 8 noyabr – “Zəfər Günü” münasibətilə qəbul edilmiş Amnistiya Aktının təsiri altına düşür.

Çıxışlardan sonra müşavirəyə gedən hakim Rəşad Cavadzadə bir neçə dəqiqə sonra qayıdaraq, hökmü elan edib.

Əli Əliyevin vəkili Toğrul Babayev Meydan TV-yə bildirib ki, hökmdən apelyasiya şikayəti veriləcək.
Ramiz Göyüşov 2021-ci ilin sentyabrında sosial şəbəkələrdə yayılan vidosundan sonra YAP-dan kənarlaşdırılıb.

Əli Əliyev yanvarın 13-dən həbsdədir.

O, 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan iki nəfərin iddiası əsasında həbs edilib.

Gözdən qaçırmayın:  Bələdiyyə sədrinin oğlu hərbi xidmətdən yayınmaqda ittiham edilir

Partiya sədri internet televiziyalarından birinə bu hadisəni şərh edərkən bildirib ki, telekanallarda helikopterdən sağ çıxmış hərbçilər kimi təqdim olunan və müsahibə verən iki nəfərin əslində hadisə vaxtı orada olduğuna inanmır.

Partiya sədri internet televiziyalarından birinə bu hadisəni şərh edərkən bildirib ki, telekanallarda helikopterdən sağ çıxmış hərbçilər kimi təqdim olunan və müsahibə verən iki nəfərin əslində hadisə vaxtı orada olduğuna inanmır.

Həmin şəxslər bu fikrinə görə Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Hər biri ayrı-ayrılıqda onun 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Əvvəl DSX-nın polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsiylə VİP sədri yanvarın 13-də 5 ay azadlıqdan məhrum edilib. Daha sonra Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq 6 ay həbs cəzası saxlanılıb.

Partiya sədri özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir.

O, məhkəmədə bildirib ki, susmayacağı halda, həbs ediləcəyi haqda əvvəlcədən xəbərdar edilmişdi. Onun sözlərinə görə, bu xüsusi ittihamçılardan da onun həbsi üçün vasitəçi kimi istifadə olunub.

Əli Əliyev məhkəmədə bir daha vurğulayıb ki, həmin şəxslərin qəza zamanı helikopterdə olduğuna inanmır:

“Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılan, 1000 dərəcə istilikdən adam o vəziyyətdə çıxa bilməz. Mən həkiməm və uçuşda təhlükəsizlik məsələləri üzrə ekspert olmuş Sərdar Cəlaloğlu da eyni fikirləri ifadə edib. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da edib. Onlar sadəcə, alətdir”.

“Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır. Mən desəm ki, onlar o vertolyotda olub, bu, 14 şəhidimizin ruhuna hörmətsizlikdir. Mən bu cür düşünmürəm. Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”, – deyə partiya sədri bildirib.

Helikopter qəzasında ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub.

Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button