Manşet

Əvəz Zeynallının cinayət məsuliyyətinə cəlb edilməsi tələb edilir

YAP Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov “Xural” qəzeti və Xural.com saytının baş redaktoru Əvəz Zeynallını məhkəməyə verib.

Bu barədə 24saat.org saytına Əvəz Zeynallı məlumat verib. İddiaya “YAP Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov “Dental Klinika”nın damında bağ saldı” məqaləsi və videoreportajı səbəb olub.

Nərimanov Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verən Miri Həsənov Əvəz Zeynallı və reportajda müsahibə verən “Dental Klinika”nın direktoru Ş. Nəcəfovanın Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə məsuliyyətə cəlb edilməsini istəyib.

İddia üzrə hazırlıq iclası 17 yanvar 2019-cu il saat 10.30-da keçiriləcək.

Əvəz Zeynallı bildirir ki, kiçik sahibkar Ş.Nəcəfovanın şikayəti əsasında hazırlanan videoreportajda Heydər Əliyev prospekti 99 D ünvanında yerləşən “Dental klinika”nın damı qonşu 63-65 ünvanında yaşayan və ofisi fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov tərəfindən 2 ildən çoxdur zəbt edildiyi bildirilir.

“Heydər Əliyev prospektində olan bu binada bir müddət əvvəl üzləmə işləri aparılıb və “çıxıntılı binalar kateqoriyası”na daxil edilib.  Həmin dövrdə bu fürsətdən istifadə edən Miri Həsənov Nəcəfovlara məxsus evin və klinikanın damından yararlanmağa başlayıb. Bununla da Nəcəfovlara məxsus mülkiyyətə qanunsuz olaraq əl uzadıb.

Azərbaycan Respublikası qanunları əsasında fəaliyyətə başlayan “Dental Klinika”nın direktoru Şəfəq Nəcəfova damdan axıdılan təbii və qeyri-təbii suların qarşısını almaq üçün dəfələrlə klinikanın damında təmir işləri aparmağa cəhd edib. Lakin üst qatda yaşayan və pəncərələri dama açılan Miri Həsənov buna mane olub. Sonradan məlum olub ki, damı zəbt edən Miri Həsənov orada bağ salıb. Ona görə də təmir işlərinin aparılmasına imkan vermir. Bu azmış kimi, təmirdə israrlı olan Nəcəfovları dəfələrlə ağır söyüşlərlə, dava-dalaşla, səs-küylə bu niyyətlərindən əl çəkməyə vadar edib.

Reportaj efirə buraxılandan sonra M.Həsənov dəfələrlə qonşusu – “Dental Klinika”nın sahibəsi Şəfəq Nəcəfovanı yüksək vəzifələrdə çalışan yaxın qohumları ilə təhdid edib, reportajın internet portalından silinməsi tələbini yürüdüb. Problemin həll olunmadığını, bu səbəbdən də mübarizəsini bütün qanuni yollarla davam etdirəcəyini söyləyən Ş.Nəcəfovanın bu inadından sonra M.Həsənov onu başqa yollarla susduracağını “vəd edib”.

Xural.com hələ reportaj yayıma hazırlanan ərəfədə qarşı tərəfin – M.Həsənovun da məsələyə münasibətini öyrənmək istəsə də, cəhdləri boşa çıxıb.

M.Həsənov ya ofisdə olmayıb, ya da sayt əməkdaşları ilə əlaqəyə girməkdən imtina edib. Bundan sonra reportaj yayımlanıb və KİV haqqında Qanun əsas gətirilərək, qarşı tərəfin də mövqeyini hər zaman dərc etməyə hazır olduğu yazılı şəkildə bildirilib.

M.Həsənov “vasitəçilər”lə əlaqəyə girərək, mövqeyini aşqlamağa hazır olduğunu deyib. Çəkiliş qrupumuz M.Həsənovun YAP Ağsaqqallar Şurasındakı kbinetində onunla görüşüb və reportaj üçün M.Həsənov tərəfindən vəd edilən müsahibəni götürmək istəyib. Lakin bu zaman Miri Həsənov YAP-da məsuliyyətli vəzifə daşıdığını unudaraq, bütün etik normaları pozub və  jurnalistlə “ağayana” tərzdə dalaşmağa  başlayıb,  onu nələrisə “başa düşməməkdə” ittiham edib və məhkəməyə verəcəyilə hədələyib: “Mənim YAP üzvü olduğumu haradan bilirsiniz?”, “Mən indi sizə göstərərəm… ”, “Nə üçün mənim adım internetdən çıxır, mən bunu istəmirəm…” kimi izahı olmayan iradlar səsləndirib.

Əvəz Zeynallı bildirir ki, xüsusi ittiham qaydasında iddia qaldıran M.Həsənovun iddiasında olduğu cinayət məsuliyyətini nə jurnaist, nə də müraciət etdiyi bütün hüquq-mühafizə orqanlarında haqsızlıqla qarşılaşan və dəfələrlə M.Həsənov tərəfindən təhdid, təhqir və söyüşlərlə hədə-qorxu gəlinən Ş.Nəcəfova daşımır. Çünki jurnalist KİV haqqında qanuna müvafiq olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğunu dəfələrlə bildirib, Ş.Nəcəfova isə qarşılaşdığı problemin həll olunması üçün son ümid yeri kimi mətbuata müraciət edib.

“Ortada nə kimi şər və böhtan olduğunu görmək üçün isə Miri Həsənovun ünvanına getmək və heç bir qanuni əsas olmadan zəbt etdiyi damı görmək yetərlidir.

Əgər ağsaqqal bunu özünə təhqir və şərəf, ləyaqətinin alçaldılması kimi görürsə, o zaman özü qanunlara hörmətlə yanaşmalı, vətəndaşın damını boşaltmalı və mənsub olduğu partiyanın adını batırmamalıdır. Əks təqdirdə bu cür hadisələrin və özbaşınalıqların ardı-arası kəsilməyəcək – YAP məmurları partiyanın adından istifadə edərək, yol verdikləri qanunsuzluqlarla vətəndaşların inamsızlıqlarını artıracaqlar.

Məlumat üçün bildirək ki, qarşı tərəfin fikrini öyrənmək məqsədilə M.Həsənovun kabinetində olan çəkiliş qrupumuz əvvəlcədən texniki avadanlıqları işə saldığı üçün kabinetdə baş verənlər diktafonun yaddaşına yazılıb” – deyə Əvəz Zeynalıı bildirir.

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close