2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əli Əsədov un məmulatlarının qiymətlərinin artmasının qarşısını almaq üçün qərar imzalayıb

Bakı/17.09.21 Sentyabrın 16-da Baş nazir Əli Əsədov un məmulatlarının qiymətlərinin artmasının qarşısını almaq üçün qərar imzalayıb. Bununla da baş nazir bu il 16 fevral tarixli “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 37 nömrəli qərarında dəyişiklik edib.

Əvvəlki qərardakı kimi dövlət un istehsalçılarının xərcini azaltmaq üçün onlara subsidiya verəcək.

Qərara əsasən, un məmulatlarının istehsalı ilə məşğul olan şəxslərə subsidiyalar limitli olacaq və qiymət hər ton üçün 520 manatı keçərsə subsidiya verilməyəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Artıq bir neçə gündür ki, bəzi çörək istehsalçıları məhsullarının qiymətlərini 5-10 qəpik artırıblar. Bu qərar un məmulatlarının qiymətlərinin artmasına təsir edəcəkmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Turan-a bildirib ki, verilən qərarın məqsədi dünya bazarında buğdanın qiymət artımlarının ölkə daxilində çörək və eləcə də un məmulatlarına təsirlərini minimuma endirməkdir.

Komitə üzvünün sözlərinə görə, sənədə əsasən, istehsalçılar tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 manat müəyyənləşdirilib. “Un istehsalçısının, ölkədaxili xərclər daxil olmaqla, marjası bu qiymətin 25 faizi, yəni 130 manat müəyyən edilib. Subsidiyaların hesablanması üçün orta aylıq idxal dəyəri hesablanacaq. Bu dəyərə istehsalçının marjası, yəni 130 manat əlavə olunacaq və alınan rəqəm 520 manatdan çıxılacaq. Alınan fərq subsidiya formasında un istehsalçılarına ödəniləcək”.

Deputat qeyd edib ki, qiymət artımlarının qarşısını almaq üçün un məmulatları müəyyən edilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda subsidiyanın məbləği həmin fərq qədər azaldılacaq.

O vurğulayıb ki, bu qərarın məqsədi un istehsalçılarına subsidiya verməklə, onların xərclərini azaltmaq və bununla da çörəyin qiymətindəki artımların qarşısını almaqdır. “Subsidiya un istehsal xərclərinin bir hissəsinin dövlət mənbələri hesabına kompensasiya edilməsinə imkan verəcək və bu da unun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq”.

İqtisadçı Natiq Cəfərli isə “Azadlıq Radiosu”na bildirib ki, Nazirlər Kabinetinin qərarı növbəti qiymət artımının qarşısını almaq üçün müəyyən dərəcədə kömək ola bilər. “İndi isə qiymətlər hansı səviyyədədirsə, onların aşağı düşməsi bundan sonra mümkünsüz görünür. Çünki buğda və un dünya bazarlarında da, ətraf ölkələrimizdə də həddindən artıq bahalaşır. İxrac rüsumlarının artmasını da görürük, həm Rusiyada, həm Ukrayna və Qazaxıstanda”.

Ekspertin sözlərinə görə, Nazirlər Kabinetinin verdiyi qərar bundan sonrakı kəskin qiymət artımının qarşısını almaq üçün verilsə də, bu, yetərli deyil. “Çünki un istehsalçıları faktiki olaraq çox da ciddi dəstək almayacaqlar. Bu qərar onların bundan öncə aldıqları subsidiyaların davamı ilə bağlıdır. Bundan öncə də onlar satılan unun hər tonuna görə təqribən 35 manat subsidiya alırdılar. Bu subsidiyalar fevral-may ayları üçün nəzərdə tutulmuşdu. Yayda onlar dayandırılmışdı və indi ilin sonunadək uzadıldı”.

Onun fikrincə, 35 manat məbləğində subsidiyalar yetərli deyil. “Əgər dünya bazarlarında qiymətlər əvvəlki kimi, yəni daha ucuz olsaydı və Azərbaycan daxilində də normal keyfiyyətli buğda istehsalı təmin olunsaydı, bu məbləğ az deyil. Amma indiki şəraitdə bu, azdır”.

Cəfərli vurğulayıb ki, subsidiyaların verilməsi ilə bağlı qərarın hər iki-üç aydan bir uzadılması da vacib bir amillə bağlıdır. “Hökümət gözləyir ki, birdən dünya bazarlarında taxılın qiyməti düşər və onlar da uzunmüddətli qərar versələr, boş yerə subsidiya vermiş olarlar. Sanki fermerlərə verilən subsidiyanı əlləri əsə-əsə verirlər. Elə ona görə də bu qərarı hər iki-üç aydan bir uzada-uzada gedirlər”. -0-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button