2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

167: Bir addım irəli

***

Sual: Xalid bəy, Sərhədsiz Reportyorlar Təşkilatının 2021 – dünya mətbuat azadlığı indeksinə görə Azərbaycan 180 ölkə arasında 167-ci sıradadır. Sizcə, hesabat nə qədər obyektivdir?

Cavab: Azərbaycanın indeksdə ən axırıncı yerlərdən birində olmasının başlıca səbəbi ölkədə medianın sərbəst fəaliyyətinə əlverişli mühitin olmamasıdır. Media kiçik istisnalarla hökumətdən maliyyə asılılığındadır. Medianın müstəqilliyinin əsas amillərindən olan maliyyəyə çatım imkanları çox aşağıdır, reklam gəlirləri əlçatmazdır. Hökumət hələ 2000-ci illərin əvvəllərində jurnalistlərin, mediaların rahat fəaliyyət göstərməsindən ötrü ortada olan mühiti aradan qaldırıb, müxtəlif sərt qanunları qəbul edib. Eyni zamanda jurnalistləri qoruyan qanunların işləməsini təmin etməyib, jurnalistlərə qarşı qanunsuz əməlləri törədənləri mühakimə etməyib. Bu şərtlər bir yerdə toplandıqda ölkədə mətbuatın azad fəaliyyət göstərilməsi üçün mühit aradan qaldırılıb və biz ona görə də gəlib bu sıralamada sonuncu yerlərdən birinə düşmüşük. Bu indeks deyir ki, Azərbaycanda medianın müstəqil fəaliyyəti üçün şərait yoxdur. Məncə, bu yanaşma real vəziyyətə qeyri-adekvat sayıla bilməz.

Saytların yığılması Saytlarin yigilmasi

Sual:  Azərbaycanın yer aldığı sıra və media azadlığı ilə bağlı indeksdə edilmiş təsvir real vəziyyəti göstərə bilirmi?

Cavab: Media mühiti ilə bağlı müxtəlif istiqamətlərə yanaşmalarda ola bilsin ki, yanlışlıqlar olsun. Ancaq bu, ümumi mənzərəni dəyişmir ki. Azərbaycanın içində 1-2 ildir, hökumət də media siyasətinin yolunda olmadığını etiraf edir. Durumu dəyişmək üçün müəyyən addımlar atıldığını ifadə edir. Digər yandan baxaq, elə bir müstəqil media varmı ki, reklamla özünü təmin edə bilsin? Yoxdur. Yerli məhkəmələr bir dəfə də olsun hansısa jurnalistin xeyrinə qərar veribmi? Verməyib. İnformasiyanı gizli tutan, sorğulara cavab verməyən hər hansı publik qurum, məmur məsuliyyətə cəlb edilibmi? Edilməyib. Jurnalistlər yazılarına görə cinayət məsuliyyətinə cəlb edilirmi? Edilir. Jurnalistlərin şübhəli ittihamlarla həbs edilməsi təcrübəsi aradan qaldırılıbmı? Qaldırılmayıb. Media plüralistdirmi, çoxsəslilik təmin edilibmi? Edilməyib. Belə sual-cavabları uzada bilərik. Bütün qeyd etdiklərimizin fonunda sıralamada fərqli görüntü gözləmək ağlasığmaz olardı.

Sual: Niyə Azərbaycan hər il aşağı yerlərdə qərar tutur? Buna səbəb nədir? Heçmi yaxşılığa doğru dəyişiklik yoxdur? Kimlər buna imkan yaratmır? Nədən çəkinirlər?

Cavab: Sərhədsiz Reportyorların sənədində vurğulanır ki, Azərbaycanda hər cür çoxsəslilik boğulur. Müstəqil jurnalistlər, bloqçular təhdidə, şantaja, rüşvətə məruz qalır, bunlara boyun əyməzlərsə, qurama ittihamlarla həbs edilirlər. Azərbaycandan mühacirət edən jurnalistlər, bloqçular rahat buraxılmır, onları susdurmaq üçün Azərbaycandakı yaxınları, ailə üzvləri basqı altında saxlanılır. Əsas güvənli xəbər resursları bloklanmış qalır. 2019-cu ilin sonlarında elan edilmiş islahat gözləntiləri vardı, doğrulmur, bunu Sərhədsiz Reportyorlar deyir. Və bu qeyd edilənlər bizim üçün də yenilik deyil, tanış mənzərədir. Jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə əngəl yaradılır, bu qanun pozuntusu olsa da gərəkli addımlar atılmır. 10-15 ildə jurnalist ölümləri olub, Elmar Hüseynov qətlə yetirilib, üstü açılmayıb. Onlarla jurnalist həbsləri olub. Sualın cavabı bunların içindədir.

Sual: Azərbaycanın yaxın qonşuları Gürcüstan 60-cı, Ermənistan 63-cü sıradadır. Onların mediasının Azərbaycandakından fərqi nədir ki, onlar indeksdə daha yaxşı yerlərdə qərarlaşa bilirlər?

Cavab: Gürcüstanda medianın reklam bazarının rəsmi statistik bilgilərdə ifadə olunan həcmi Azərbaycandakından 100 dəfədən də çoxdur. Media hökumətin yardımlarına möhtac deyil. Jurnalistlər diffamasiyaya görə həbs edilmirlər. Plüralizm, jurnalistlərin bilgilərə çatımı təmin edilir. Jurnalistləri qoruyan qanuni mexanizmlər işləkdir və sair. Ermənistanda da aşağı-yuxarı durum oxşardır. Durum belə olduqda dəyərləndirmə zamanı ölkələr öz yerlərini tutmuş olurlar.

Sual: Bu kimi indekslərdə yaxşı yerlərdə qərarlaşmaq üçün, ümumiyyətlə Azərbaycanda medianınvəziyyətini yaxşılaşdırmaq üçün hansı addımlar atılmalıdır?

Cavab: Hökumət bütün qeyd edilən və edilməyən çatışmazlıqların aradan qaldırılması üçün gərəkli olan addımları atmalıdır. Qanunlar medianı, jurnalistləri qorumalıdır. Jurnalistlərə qarşı yönələn ictimai təhlükəli əməllər araşdırılmalı, günahkarlar qanun qarşısında cavab verməlidirlər. Böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutan, jurnalistlərin gözünü qorxudan, özünüsenzuraya məcbur edən qanunlar islahat edilməlidir. İctimai bilgilərin açıqlanması təmin edilməlidir. Dövlət orqanları mediaya açıq olmalıdır. Bütün bunları dövlət etməli, ümumi ifadə etsək, medianın azad fəaliyyət göstərə bilməsi üçün əlverişli ortamı formalaşdırmalıdır. Bu sahədəki problemlərdən ən yaxşı xəbərdar olan elə hökumətdir. Son iki ildə baş verən bir sıra hadisələr də bunu göstərdi – prezidentin köməkçisi Əli Həsənov vəzifədən kənarlaşdırıldı, o, əsasən media siyasətini həyata keçirən bir şəxs idi. Sonra Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri vəzifədən uzaqlaşdırılıb. Orada dəyişikliklər baş verib. Yəni, hökumət bu addımlarla problemlərin olduğunu ifadə edib. Hazırda da müəyyən təşəbbüslər var. Bu təşəbbüslər medianı öz maraqlarına uyğun istifadə etməkdən arındırılmaqla reallaşdırılmalıdır. Medianın azadlığının əlindən alınmaması əsas şərtdir. Bu şərt təmin olunmadıqca, nə edirsən-et indekslərdə belə xoşagəlməz yerlərdə olacağıq.

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button