ABŞ Ukraynaya Himars raket sistemləri verəcək

Ukrayna qüvvələri bu raket sistemləri vasitəsilə həm Rusiya artilleriyasını aşkarlaya, həm də Severodonetsk kimi qızğın döyüş gedən şəhərlərdə Rusiyanın mövqelərini vura bilərlər
ABŞ Prezidenti Co Bayden Ukraynaya 80 kilometrədək məsafəni vura biləcək müasir raket sistemləri verməyə razılaşıb.
“Ukraynalıları Ukraynada döyüş zonasında əsas hədəfləri daha dəqiqliklə vurmağa imkan verəcək müasir raket sistemləri və sursatla təmin edəcəyik”, – Bayden mayın 31-də “The New York Times” qəzetində yazıb.
Bayden deyir ki, Rusiyanın Ukraynaya qarşı işğalı diplomatiya ilə bitəcək, amma Birləşmiş Ştatlar Ukraynaya danışıqlar masasında üstünlük əldə etməsi üçün vacib silah və sursatı verəcək.
Birləşmiş Ştatlar Himars adlı yüksək mobillikli artilleriya raket sistemləri verməyə razılaşıb. Bundan ötrü Ukrayna Rusiya daxilində hədəfləri vurmayacağına “təminat” verib, administrasiyanın yüksək rütbəli rəsmisi belə deyib.
700 milyon dollarlıq silah paketi
Rəsminin jurnalistlərə söylədiyinə görə, Himars-ın vurma məsafəsi hazırda Ukraynada yerləşdirilmiş haubitsalardan daha uzaqdır. Bu sistemlər iyunun 1-də açıqlanacaq 700 milyon dollarlıq silah paketinə daxildir.
Paketə sursat, antiatəş radarları, hava müşahidə radarları, əlavə Javelin antitank raketləri, eləcə də antizireh silahları daxildir, rəsmi bildirib.
Ancaq paketin əsasını Himars sistemləri təşkil edir. Bu silahlar Ukraynanın Donbasda Rusiya artilleriyasına qarşı savaşdığı bir vaxtda göndəriləcək.
Ukrayna qüvvələri bu raket sistemləri vasitəsilə həm Rusiya artilleriyasını aşkarlaya, həm də Severodonetsk kimi qızğın döyüş gedən şəhərlərdə Rusiyanın mövqelərini vura bilərlər.
Rusiya Donbasda özünün dəstəklədiyi separatçıların nəzarətində olmayan ərazilərin ələ keçirilməsi üçün tədricən irəliləyir.
Fevralın 24-də Ukraynanı işğal etməyə başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.