Loading...
Loading...
Sosial

Azərbaycanda hakimlər necə seçilir?

İyunun 8-də Azərbaycanda hakim vəzifəsinə qəbul imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumata görə, imtahan ümumilikdə iki mərhələni əhatə edir. Namizədlər test imtahanından keçirlər, uğurlu nəticə əldə edənlər ikinci mərhələyə – müsahibəyə buraxılır. Müsahibə nəticələrindən asılı olaraq qərar qəbul edilir.

Məhkəmə-Hüquq Şurasından “Turan”a bildirilib ki, hakim vəzifəsinə namizədlərin seçimi tam şəffaf prosedurlar əsasında və müasir beynəlxalq tələblər səviyyəsində keçirilir.

Şuradan əlavə edilib ki, imtahanı beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarından (QHT) olan çoxsaylı müşahidəçilər, jurnalistlər izləyir.

Vurğulanıb ki, cavab vərəqələri anonim qaydada yoxlanılması üçün kodlaşdırılır, Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər ayrı-ayrılıqda yoxlayırlar: “Bu zaman namizədlərin qanunun məzmununu açmaq və onun izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilir. 60 və daha çox bal toplamış 81 nəfər namizəd müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılır. Həmin şəxslərin siyahısı Məhkəmə-Hüquq Şurasının İnternet səhifəsində yerləşdirilir”.

Hüquqşünas Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, hakimlərin qəbulu ilə bağlı imtahanın keçirilməsi bu və ya digər formada hər yerdə var: “Amma burda söhbət tək test üsulu ilə imtahandan getmir, bizdə həm də müsahibə mərhələsi var. Həmin mərhələdə bizdə daha çox qeyri-peşəkar, daha çox siyasi ələmə vasitəsi istifadə olunur”.

Ekspertin sözlərinə görə, bu, həm vəkillər, həm də hakimlərlə bağlı çox ciddi şəkildə əməl olunan bir prosedurdur: “Hüquqi bilgilər baxımından ən yüksək nəticə toplasanız da, müsahibə mərhələsində, ola bilsin ki, hansısa amildə sizi yetərsiz hesab etsinlər. Çünki orada subyektiv qiymətləndirmə çox netdir və obyektiv heç bir meyar yoxdur”.

Ə.Məmmədli deyir ki, Azərbaycanda eyni üsulla vəkilliyə qəbul məsələsi Avropa İnsan Haqları Məhkəməsinin hesabatlarında yer alır: “Qeyd olunur ki, bu format yanlışdır və subyektiv qiymətləndirmə olmamalıdır. Məhz hakimlərlə bağlı da ikinci mərhələ, hesab edirəm ki, obyektivlik baxımından ciddi şübhəli məqamdır”.

Hüquqşünasın fikrincə, Azərbaycan reallığında bu imtahanı bilavasitə test üsulu ilə keçirmək lazımdır: “Yəni, üzbəüz münasibətlər minimalizə olmalıdır, şəxslərin subyektiv kriteriyaları araşdırılmamalıdır”.

24 saat” “
Azərbaycanda hakimlər necə seçilir?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button