2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanda Ümumdünya İnsan Hüquqları Günü: sənət adamları nə düşünür?

Əkrəm Əylisli: “Arzu edərdim ki, Azərbaycanda nümayiş azadlığı olsun”

10 dekabr Ümumdünya İnsan Hüquqları Günüdür.

Beynəlxalq təşkilatlar Azərbaycanı daim insan haqlarının pozulduğu ölkələr sırasına daxil edir.

Saytların yığılması Saytlarin yigilmasi

Hakimiyyət rəsmiləri isə bu qəbildən tənqidləri qəbul etmir.

Müxalifət əsasən, sərbəst toplaşmaq, söz və ifadə azadlığının pozulmasından şikayətlənir.

Vətəndaşlar isə işsizlik, sosial təminat hüququndan kənarda qalmaqdan narazılıq edirlər.

Bəs ölkədə hüquq və azadlıqların qorunması haqda sənət adamları, yazıçılar nə düşünür?

Müğənni Əli Mirəliyev Azərbaycanda insan haqlarının vəziyyətini qənaətbəxş hesab etmir.

Deyir ki, insanların sosial təminatlarına baxılmır, şikayətləri dinlənilmir:

“Azərbaycanda insanların haqları yoxdur. İnsanlar acından ölürlər. Məmurlar, icra başçıları insanların problemləri ilə maraqlanmırlar. Vətəndaş gedir ki, dərdini məmura danışsın, əvəzində onu qovurlar. İcra başçısı arxayındır ki, onu heç nə yerindən tərpədə bilməz. Qaziyə deyir ki, get, kimə istəyirsən, şikayət et. O da şikayəti kimə etsin? Evində arvadına? Ona ayda 80 manat pul verirlər. Dözə bilmir, ya özünü asır, ya da ağzını tikir”.

Əli Mirəliyev. Foto: arxiv

Əli Mirəliyev deyir ki, ölkədə işsizlərin sayı çoxdur. Qiymətlər gündən-günə bahalaşır, dolanışıq daha da ağırlaşır:

“Kəndlərdə caamat işsizdir. Zavod, kombinat yoxdur. Bu insanlar nəylə dolansınlar? Başa düşürəm ki, müharibədən keçmişik. Amma mən uşaq olanda, anam danışırdı ki, biz müharibə gedə-gedə zavodda işləyirdik. Yalandan deyirlər ki, iş yerləri var. İş yoxdur. Süpürgəçilik işi var. Ayda iki yüz-üç yüz manat maaş verilir. Bu pulla yazıq vətəndaş ailəsini necə dolandırsın? Bazar, marketlərdə ərzaqların qiyməti hər saat bahalaşır”.

“İnsan haqlıdırsa, qorxmamalıdır”

Müğənni Nura Suri isə hesab edir ki, insanlar ilk növbədə öz hüquqlarını bulməli, haqlarını tələb etməyi bacarmalıdırlar. Həmçinin onlara qarşı haqsızlıq ediləndə buna susmamalı, etirazlarını bildirməlidirlər: “Nədənsə, bizdə insanlar üzdə kiminsə üzünə gülüb, arxada sakitcə öz dostları, qonşuları arasında nəyisə müzakirə edə bilirlər. Amma siz onlara mikrofon uzatsanız və yaxud da onların haqları tapdalanarsa, haqlarını tələb etməyi bacarmırlar. İçlərində bir az qorxaqlıq var. İnsan haqlıdırsa, qorxmamalıdır. Haqqını tələb etməyi bacarmalıdır”.

Nura Suri, Foto: Telegram

“İnsanı xoşbəxt etmirsə, üstündə gəzdiyi torpaq vətən deyil”

Yazıçı Şərif Ağayar deyir ki, Azərbaycan dövlətinin ali məqsədi vətəndaşının hüquq və azadlıqlarını təmin etməkdir.

O əlavə edir ki, Konstitusiyaya görə istənilən Azərbaycan vətəndaşının hüquq və azadlıqları, dövlətin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü bayrağı, gerbi qədər müqəddəsdir:

“Vətən insandan başlayır. İnsanı xoşbəxt etmirsə, üstündə gəzdiyi torpaq vətən deyil. Uzun illər bizə təbliğ olunub ki, vətən uğrunda öləndə vətənə çevrilir. Mən buna etiraz etmirəm. Doğrudan da, vətən o zaman müqəddəsləşir ki, onun uğrunda ölməyə insanlar tapılır. Ancaq o insanlar həm də yerdə qalanların, torpaq üzərində firavan yaşaması üçün həyatlarını qurban verirlər. Otuz ildir ki, Azərbaycan insanının bəzi məmurlar tərəfindən addımbaşı hüquq və azadlıqlarının tapdandığını görürəm. Bu, məni bir insan, yazar, vətəndaş kimi ümidsizliyə düçar edir”.

Şərif Ağayar. Foto: “yeniyaz.az”

“Nəinki Azərbaycanda, bütün dünyada insan haqları tapdalanır”

Yazıçı Əkrəm Əylisli hesab edir ki, nəinki Azərbaycanda, bütün dünyada insan haqları tapdalanır:

“İndi dünyada hər şey qarışıb. İnsan hüquqlarından danışanda, gözümün qabağına Ukrayna gəlir. Minlərlə, milyonlarla insanların hüquqları darmadağın edilir. Gözümün qabağına başqa ölkələr gəlir. Daha əvvəl NATO-nun Yuqoslaviyaya qarşı apardığı müharibə vardı. Təyyarələrlə göydən bombaları Yuqoslaviya ərazisinə tökdülər. Corc Buş İraqı elə günə qoydu ki, bu gün də ayaq üstə dura bilmir. Bunlara görə kim cəza aldı? Hansı insan haqqından danışmaq olar ki, milyonlarla insanın taleyi heç nədən, kiminsə kaprizindən, çılğınlığından asılıdır. İnsan haqları deyəndə, adamın gözünün qabağına bu şeylər gəlir”.

Əkrəm Əylisli
Foto: Meydan TV

“Mən siyasətçi olmadığım üçün sözü birbaşa deyən adamam. Bu haqda da birbaşa danışmaq çətindir. Azərbaycan haqqında cəsarətlə danışmaq mənlik deyil. Çünki alayarımçıq danışmağın tərəfdarı deyiləm. Arzu edərdim ki, məsələn, Azərbaycanda nümayiş (sərbəst toplaşmaq) azadlığı olaydı, insanların öz fikirlərini sərbəst ifadə etməsi üçün şərait yaradılaydı. İndi bunların zamanı deyil, ya insanlarımız hər şeyə laqeyiddir. Bunlar mürəkkəb məsələlərdir”, – Əkrəm Əylisli deyib.

1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilib.

1950-ci ildən isə hər il dekabr ayının 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.

İlk dəfə olaraq insan haqqına Fransada 1789-cu ildə qəbul edilmiş “İnsan və vətəndaş haqları haqqında deklarasiya”da rast gəlinir.

1966-cı ildə BMT-nin başçılığı altında “Vətəndaşlıq və siyasi hüqüqlar haqqında beynəlxalq pakt” və “iqtisadi, sosial və mədəni hüquqlar haqqında pakt” qəbul edilib.

Azərbaycan 2000-ci ilin sonunda “Avropa İnsan Hüquları Konvensiyası”na qoşulub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button