2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Deputat: “Ermənistanın faktaraşdırıcı qrup tələbi Azərbaycanın xeyrinədir”

Yayımlandı: 6 Mart 2023 15:43

Siyasi şərhçi isə bu tələbin reallaşacağını gözləmir

“Ermənistanın Laçın dəhlizinə və Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsi tələbinin gerçəkləşməsi mümkün deyil. Ona görə ki illər əvvəl Azərbaycan dəfələrlə beynəlxalq faktaraşdırıcı qrupu Dağlıq Qarabağa dəvət etsə də, onlar gəlmədi. Bu, o dövr idi ki, Azərbaycan əraziləri işğal altındaydı”.

Saytların yığılması Saytlarin yigilmasi

Böyük Qurtuluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa Ermənistan Xarici İşlər Nazirliyi martın 5-də yaydığı bəyanatı Meydan TV-yə şərh edərkən belə deyib.

Ermənistan Xarici İşlər Nazirliyi martın 5-də Xankəndi yolunda baş verən qarşıdurmadan sonra açıqlama yayıb ki, Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsi zərurətə çevrilir.

Fazil Mustafanın sözlərinə görə, Azərbaycan bütün platformalarda 5, 10 il əvvəl məsələ qaldırmışdı ki, Ermənistan işğalda saxladığı bölgədə narkotika plantasiyaları salıb, terrorçu qruplar yerləşdirib, abidələri, qəbirləri dağıdıb:

Foto: Meydan TV

“Amma Azərbaycanın müraciətləri qeydə alınmadı. O zaman beynəlxalq faktaraşdırıcı qrup hansı adla gələcək? Belə olanda Azərbaycan zamanında ünvanladığı müraciətləri gündəmə gətirəcək ki, əgər beynəlxalq faktaraşdırıcı qrup var idisə, 10, 20 il əvvəl niyə gəlmədi?! Ona görə də Ermənistanın bu tələbi bizim üçün “göydəndüşmə” arqumentdir. Çünki Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlar qarşısında bu barədə məsələ qaldırıb ki, Yerevanın törətdiyi faciələri qeydə alın, heç kim gəlmədi. İndi Ermənistan bunu tələb edirsə və kimsə qərar çıxardacaqsa, onları 10-20 il əvvəllərə qaytaracağıq ki, bəs niyə bizim qərarlara cavab vermədiniz?!”.

Deputat hesab edir ki, Ermənistanın tələbi absurd olsa da, Azərbaycanın xeyrinədir:

“Çünki məsələ qaldırılsa, Azərbaycan tərəfindən yetərincə əsaslı cavab veriləcək”.

Siyasi şərhçi Rauf Mirqədirov isə Ermənistanın təklifinin pis-yaxşı olması barədə heç nə deyə bilməyəcəyini söyləyib:

“Çünki missiyanın mandatı olmadan bunun Azərbaycanın maraqlarına cavab verib-verməməsi haqda heç bir fikir səsləndirmək olmaz”.

Rauf Mirqədirov deyir ki, beynəlxalq faktaraşdırıcı qrupun əraziyə göndərilməsi bir neçə təşkilat tərəfindən həyata keçirilə bilər:

“Missiyanın fəaliyyəti ATƏT çərçivəsində həyata keçiriləcəksə, bu qurumda qərarlar konsensusla qəbul olunduğundan tərəflərin hər ikisi, Bakı və Yerevan razılıq verməlidir. O cümlədən, regionda marağı olan dövlətlər də razı olmalıdır: Rusiya və ABŞ. Bu baxımdan ATƏT çərçivəsində belə qərarın qəbulu qeyri-mümkündür. Azərbaycan və Ermənistanın üzv olduğu digər təşkilatlardan biri Müstəqil Dövlətlər Birliyidir, bu qurumun da razı olacağını düşünmürəm, müzakirə də etməzlər”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Politoloqun qənaətincə, hüquqi təsiri ola biləcək təşkilatdan söhbət gedirsə, o da BMT Təhlükəsizlik Şurasıdır:

“Onun üçün məsələ şuranın gündəliyinə salınmalıdır. Gündəliyə salmaq üçün şuranın əksər üzvləri səs verməlidir və orda veto hüququ yoxdur. Amma gündəliyə salandan sonra qərarın gerçəkləşməsi üçün Baş katibə tapşırıqlar olmalıdır. Bununla belə Təhlükəsizlik Şurasının qətnaməsi qəbul olunarkən, 5 dövlətin veto hüququ var. Məncə, Rusiya veto qoyacaq. Səbəb də Kremlin Qarabağ konfliktinin həllini özünün inhisarında görməsidir”.

“Fikir verdinizsə, Moskva Avropa Birliyinin müşahidə missiyasının Ermənistanın sərhədində yerləşdirilməsinə həddən artıq qəzəblə yanaşdı. Ona görə də hər hansı missiyanın bu məsələdə araşdırma aparmasına imkan verməz”, – deyə Mirqədirov qeyd edib.

Münaqişənin qısa tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button