2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSiyasət

Erkin Qədirli: “Solovyovun dedikləri skandal sözlərdir, rəsmilər bununla bağlı danışmalıdır”

24saat.org  REAL Hərəkatının nümayəndəsi, hüquqşünas Erkin Qədirli ilə müsahibəni təqdim edir:

 

 

Saytların yığılması Saytlarin yigilmasi

– Aprelin 16-da Türkiyə prezident respublikasına keçidlə bağlı referendum keçirəcək. Sizcə, güclü prezident idarəçiliyinə keçid Türkiyənin təhlükəsizlik problemlərini zərərləşdirə bilərmi?
– Türkiyənin qayğıları böyükdür. Həm daxili təhlükəsizlik, həm siyasi sabitlik, həm də iqtisadi inkişaf məsələsi var. Bəli, Türkiyə bir mərhələ çox irəliləyə bildi. Ədalət və İnkişaf Partiyası (AKP) 2000-ci ilin əvvəllərində hakimiyyətə gələndə bir sıra faktorlar onun xeyrinə oldu. Türkiyənin iqtisadi inkişafı sürətlə artdı. Bura turizm, daxili istehsal, xarici ticarət, beynəlxalq borcların qaytarılması və s daxildir. Bu sıçrayış baş verdi və bunu danmaq da olmaz. Məhz bu səbəbdən də Türkiyənin sahibkar, biznes, ticarətçi kəsimi AKP-yə səs verdi. Onların içərisində dindar olmayanlar daha çox idi. Çünki bu partiya faktiki sağ siyasət yürüdürdü. Amma inkişafında pik nöqtəsi var. Xüsusilə xarici siyasətdə buraxılan səhvlər, “Qonşularla sıfır problemi” siyasəti iflasa uğradı, Türkiyənin əksər qonşuları ilə problemləri yarandı. Hətta bu hal önəmli şəxslərin partiyadan ayrılmasına səbəb oldu. Abdulla Gül, Əhməd Davudoğlu, Babacan kimi fiqurlar getdi. Bunlar partiya üçün önəmli simalar idi və Ərdoğanın yüksəlişindən öncə partiyaya güc verən şəxslər idi. Bu şəxslər Ərdoğanın siyasəti ilə razı olmadılar, bəziləri isə referendumu dəstəkləmir. İş ondadır ki, Türkiyədəki hazırkı sistem artıq oturuşub. Əlbəttə, parlamentli respublika quruluşunun öz risk və çətinlikləri var. Bu sistemdə koalisiya hökumətləri tez-tez dəyişə bilir, bir partiyalı hökumətin formalaşması çətin olur və s. İndi Ərdoğan onun üzərində oynayır ki, AKP Türkiyədə uzun müddət hakimiyyətdə qalsın. Sanki AKP və ya Ərdoğan gedərsə ölkə batacaq. Açığını deyim ki, Türkiyənin savadsız dindar kütləsinə oynayan bir təbliğat aparılır. Əslində məncə, cənab Ərdoğan göründüyü qədər də sözünə sadiq adam deyil. Türkiyə mediası hər dəfə onun dünən bir, bu gün isə tam başqa bir söz dediyini özünə göstərir. Siyasi rəqiblərini aldadır. Əvvəl parlament seçkilərində kürdlərlə oynadı, onlara vədlər verdi, siyasi açılım təklif etdi. Kürd fraksiyasını parlamentdə gücləndirdi. Son parlament seçkilərində isə bəlli oldu ki, əvvəl AKP-yə gələn səsləri HDP aldı. Bundan sonra HDB parlamentdə AKP üçün önəmli olan bəzi qanunların keçməsinə mane oldu. Bundan sonra HDP-ninü zərinə getdi, siyasi həbslərə girişdi. Son hərbi çevriliş cəhdi də Ərdoğanın özünün dediyi kimi allahın ona bir lütfü oldu. Bundan sonra kütləvi həbslərə girişdi. Artıq sayı 100 min nəfəri aşan həbslər var. Həbs edilənlər arasında jurnalistlər, müəllimlər və çevrilişlə əlaqəsi olmayan çoxlu fərqli peşə sahibləri var. Hətta özünün təyin etdiyi valiləri, bələdiyyə başqanlarına FETO-çu deyib həbs etdilər. İndi hər şey ona gedir ki, əgər təkbaşına bu qədər səlahiyyətlər əldə edərsə, bu zaman Türkiyənin taleyi necə olacaq. Bu zaman Türkiyə daxili sabitlik baxımından problemli ölkəyə çevrilə bilərmi? Prezident respublikası ABŞ-dan başqa heç yerdə demokratiya ilə nəticələnmədi. Siz Latın Amerikası ölkələrinə, Asiya ölkələrinə, keçmiş SSRİ məkanına baxın. Harada prezident respublikası var orada demokratiya yoxdur. ABŞ-ın unikal tarixi var, orada federal hökumət sonradan yarandı. ABŞ-ın sistemini kim götürübsə əksərində diktatura yaranıb, sonra hərbi çevrilişlər olub. Bir əldə bu qədər səlahiyyət cəmləşdirən, xalq qarşısında hesabatlı olmayan prezidenti hər kəs devirməyə girişir. Əgər referendum düzəlişləri keçərsə Türkiyəni də bu problemlər gözləyə bilər.

 
– Türkiyədə referenduma əks kampaniya da gedir. Sizcə, aprelin 16-da seçkinin nəticələri necə olacaq?
– Türkiyənin nəyi də olmasa da, sandıq demokratiyası olub. İndiyə qədər Türkiyədə seçkilərin saxtalaşdırılması görülməyib. Əgər seçki saxtalaşdırılması mən nəticələri əllinin əlliyə nisbətində gözləyirəm. Referenduma yox demək istəyənlər əsasən CHP-ətrafında formalaşsa da, MHP hakim partiyanın yanında durdu. Bu da millətçi kəsim üçün problemlər yaratdı, bu partiyadan qopmalar baş verdi. Dünyəvilərin hamısı CHP-nin yanındadır. Çünki bu prosesi CHP aparır. Ancaq seçkinin nəticəsinin necə olacağını demək çətindir. Ərdoğanın təbliğatı faktlar üzərində qurulmayıb, rəvayətlər üzərində qurulub, gah hansısa sultana, gah da Qurana istinad edir. Bu da savadsız dindar kəsimə işləyir. Orada şübhəsiz ki, səmimi Ərdoğançılar da var və sayları heç də az deyillər. Ölkə daxildən səs baxımından parçalanan kimi görünür. Odur ki, proqnoz vermək çətindir. Mən ümid edirəm ki, yox cavabı çıxacaq.

 
– Rusiya dövlət televiziyasının aparıcısı Vladimir Solovyov “Vesti.FM” radiosunda Bakı səfərindən və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmasından danışıb. Hazırda Solovyovun işlətdiyi fikirlərlə bağlı fərqli yanaşmalar ortaya qoyulur. Sizin bu barədə yanaşmanız necədir?
– Hesab edirəm ki, əgər Solovyovun dedikləri doğrudursa, bu çox mənfi bir haldır. Yox, əgər doğru deyilsə, bu da o cəhətdən pisdir ki, adamı burada hörmətlə qarsalayıblar, amma gedib orada ağzına gələni danışır. Amma istənilən halda bizim rəsmilərin cavabı olmalıdır. Desinlər ki, belə bir şey olmayıb. Amma təkzib də olmadığı üçün Solovyovun sözlərinin doğru olmasına dair gözləntilər artır. Bu da narahatlıq doğurur. Çünki orada elə sözlər deyilib ki. Mən başa düşürəm, iki nəfər arasında konfidensial söhbət olub. O da gedib bunu açıqlayıb. Bu istiqamətdə baxanda deyə bilərsən ki, Solovyov düz etməyib. Amma həmdə bu iki nəfərdən biri bizim dövlət başçımızdır. Onun bəzi fikirlər deməsi, əgər doğrudursa narahatçılıq doğurur. Əgər təkzib edilməsə Solovyovun dediklərinin həqiqət olmasına dair gözləntilər getdikcə artacaq. Bura istər Qarabağ, istərsə də daxili siyasi durumla bağlı fikirlər daxildir. Mənim mövqeyim budur ki, indiki durumda ölkə rəhbərinin ünvanına ancaq bir məsələyə dair tənqid düşür. Niyə susublar. Bu məsələdə prezidenti birbaşa tənqid etmək olmur. Çünki Solovyovun dediyinə görə prezident belə sözlər deyib. Prezidentin özündən bunu eşitsək, tənqid etmək olar. Amma indiki halda biz bilmirik ki, prezident bu sözləri deyib, ya deməyib. Hələlik rəsmilərə tənqid odur ki, susurlar. Mənim fikrimcə, Solovyovun bura gətirilməsi və prezident səviyyəsində qəbul olunması böyük səhv idi. Solovyovun kim olması, nələr danışdığı bilinir. Konkret bu şəxs qatı anti-türk, anti-Azərbaycan mövqeyində olan adamdır. Onun apardığı verilişlər zamanı verdiyi şərhlərdə açıq erməni tərəfini saxlayır. Hətta gəlib Azərbaycanda prezidentlə görüşür, amma gedib orada “Arçax” sözünü işlədir. Baxmayaraq ki, burada ona Qarabağ münaqişəsi izah edilib. Solovyovun kim olduğu bilindiyi halda onu bura gətirirlər və prezident səviyyəsində qəbul edirlər. Məsələn, buradan-bura müxalifətlə, sivil toplumla danışmırlar, gedirlər açıq Azərbaycanın əleyhinə işləyənlərlə görüşürlər. Jrinovskini gətirdilər, nə oldu? Hər yerdə iki-üç sözü var: Azərbaycan gözəl ölkədir, Azərbaycanın müdrik prezidenti var, Azərbaycanda dadlı pomidorlar var. Vəssalam. Belə ölkə tanıtımı da olmaz. Onu bura nəyə gətirirsiniz axı? Qoy heç Bakını bəyənməsi, amma ədalətli mövqeyi olsun. Bəyəm bu turistik söhbətdir? Qoy desin Bakı xoşuma gəlmədi, amma Azərbaycan haqlıdır. Amma bu deyir Bakı gözəl şəhərdir, lakin ermənilər haqlıdır. Açığı mən belə şəxslərin prezident səviyyəsində qəbulunu anlamıram. Solovyovun dedikləri skandal sözlərdir. Rəsmilər bununla bağlı danışmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button