2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İDİ: Evsiz şəxslərin qida mənbəsi yoxdur

Yayımlandı: 18 Oktyabr 2022 15:08

“Tədqiqatdan belə qənaətə gəlinir ki, Bakı şəhərindəki evsiz şəxslər ciddi qida çatışmazlığı problemi ilə üz-üzədirlər”

Azərbaycanda evsiz şəxslərin müntəzəm qida mənbələri yoxdur. Eyni zamanda, onlara hər hansı dövlət qurumu qida yardımı etmir.

Saytların yığılması Saytlarin yigilmasi

Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) Bakıda evsiz şəxslərin qarşılaşdığı qida çatışmazlığı və qida zəhərlənməsi problemlərinə dair araşdırmasında belə deyilir.

Tədqiqatın aparılmasında məqsəd Bakıdakı evsizlərin qarşılaşdığı qida çatışmazlığı və qida zəhərlənməsi problemlərini araşdırmaq, evsiz şəxslərin təhlükəsiz və sağlam qidaya çatımlılığını müəyyən etmək olub.

İDİ-nin sorğusunda 26 nəfər evsiz şəxs iştirak edib. Onlardan 13 nəfər qidasını ictimai iaşə obyektlərindən alır, 11 nəfər isə qida artıqları ilə dolanmağa çalışır. Qalan 7 nəfər başqa insanlardan qida yardımı əldə edir, 1 nəfər isə dini təşkilatların qida yardımından yararlanır.

Həmin şəxslərin içində təmiz, içməli suya çatımlılığı olmayanlar var. Eyni zamanda, aralarında tez-tez qida zəhərlənmələrindən əziyyət çəkənlər də az deyil.

“Qida zəhərlənməsi halı ilə qarşılaşdığını qeyd edən respondentlərdən 5-i səbəb kimi vaxtı keçmiş qidaları, 5-i ucuz qidaları, 1-i isə qeyri-sanitar yerdən tapdığı qidaları göstərib. Respondentlərdən heç biri bu hallardan sonra tibbi xidmətə müraciət etməyiblər”.

Təşkilat bildirir ki, araşdırma Bakının 8 rayonundakı parklar, yeraltı və yerüstü keçidlər, tərk edilmiş binalar və yaşayış sahələrinin ətrafında istirahət üçün nəzərdə tutulmuş yerlərdə aparılıb. 26 nəfərdən 24-ü kişi, 2-si isə qadındır. Respondentlərin 6-sı 30 yaşa qədər olan şəxslər, 16-sı 31-45 yaş arası şəxslər, 4-ü isə 45-dən artıq yaşı olanlardır.

İDİ Sosial Xidmətlər Agentliyi nəzdindəki Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə informasiya sorğusu göndərib. Lakin sorğusuna cavab ala bilməyib.

Xəstəliklərə gəlincə, 26 respondentdən 15-i səhhətində astma (iki nəfərdə), ayaqla hərəkət imkanını məhdudlaşdıran problem (iki nəfərdə), qaraciyərin fəaliyyəti ilə bağlı problem (iki nəfərdə), bel ağrıları, böyrək ağrıları, vərəm, revmatizm, dişlərin çürüklüyü, sümük əyriliyi, daimi öskürək, psixoloji pozuntu və nevroz kimi problemlərin olduğunu bildirib.

Dövlət qurumlarından yardım ilə bağlı verilən suala isə sorğuda iştirak etmiş respondentlərdən yalnız biri daha əvvəl Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində yerləşdirildiyini, biri isə bununla bağlı təklifdən imtina etdiyini qeyd edib. Başqa 24 respondent bununla bağlı onlara hər hansı bir təklifin olmadığını qeyd edib.

“Araşdırma nəticəsində bir sıra problemlər müəyyən edilib. Evsiz şəxslərin hüquqları ilə bağlı problemlərdən biri Azərbaycanda evsiz şəxslərin statistikasını toplayan və yayımlayan dövlət qurumunun olmamasıdır. Azərbaycanda yetkinlik yaşına çatmış evsiz şəxslərə yardımın dövlət qanadının təmsilçisi Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsidir. Lakin 2020-ci ilin dekabrına olan statistikaya əsasən, burada ümumilikdə 71 nəfərə xidmət göstərilir və onların heç də hamısı evsizlər deyil”.

Digər problemlərə gəlincə, təşkilat qeyd edir ki, Azərbaycanda evsiz şəxslərə müntəzəm qida yardımı edən qurumlar, demək olar ki, yoxdur. Bu tip xeyriyyə təşkilatlardan biri kimi 2006-cı ilin mayından Tereza Kalkuttskaya ana Şəfqət bacılarının (Katolik Kilsəsində qadın rahibə konqreqasiyası) Bakıda yaratdığı evsizlər sığınacağı göstərilir. Pravoslav Mixail-Arxangel kilsəsi də evsizlərə gündəlik isti yemək verir:

“Müşahidəmizə görə, Mixail-Arxangel pravoslav kilsəsinin təşkil etdiyi qida yardımından, əsasən, yoxsul pravoslavlar və yaxın ərazidə yaşayıb qida əldə etməkdə çətinlik çəkən digər vətəndaşlar faydalanırlar. Bu kilsədə sayca kifayət qədər çox insana qida yardımı təklif edilsə də, ondan faydalananlar arasında evsiz insanların sayı olduqca azdır”.

Katolik kilsəsi nəzdində Tereza Ana adına kimsəsizlər üçün sığınacağa gəldikdə isə, bu sığınacaq SXA-nin evsiz şəxslər üçün nəzərdə tutulmuş sığınacağından fərqli olaraq, evsiz insanları 6 ay müddətində yox, daimi yaşayış yeri ilə təmin edir. Qafqaz Müsəlmanları İdarəsi isə evsizlərə müntəzəm və stasionar yardımla məşğul olmur:

“Tədqiqatdan belə qənaətə gəlinir ki, Bakı şəhərindəki evsiz şəxslər ciddi qida çatışmazlığı problemi ilə üz-üzədirlər. Bu şəxslər üçün qida yardımının təşkil olunması yolları və ya sığınacaq sisteminin təkmilləşdirilməsi dövlətin sosial siyasətində aktiv bir istiqamət olmalıdır”.

Araşdırmaçılar hesab edir ki, SXA-nin çətin həyat şəraitindəki fərqli bir neçə insan qrupunu birləşdirən sığınacağından əlavə, məhz evsizlər üçün nəzərdə tutulmuş ayrıca sığınacağının yaradılması da vacibdir. Belə bir sığınacaq işçilərinin evsiz insanların gecələdikləri müxtəlif məkanlara vaxtaşırı baxış keçirməklə onları sığınacağa dəvət etmələri, bu sığınacağın yalnız ahıl və xəstələr üçün nəzərdə tutulmadığını izah etmələri də (evsizlərdəki mövcud təsəvvürləri nəzərə aldıqda) atılmalı olan addımdır:

“Bu evsiz insanlar mobil olduqları üçün onlara birbaşa qida yardımının göstərilməsini təşkil etmək əlverişli olmaya bilər, sığınacaqlarda yerləşdirərək gündə bir neçə dəfə yeməklə təmin etmək üsulunun dairəsini genişləndirmək, bu səbəbdən ən səmərəli həll yolu kimi görünür”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button