2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İsmayıl Şahtaxtinski: “Trampın immiqrasiya siyasətinin əyər-əskikləri düzəldilir”

***

– İsmail bəy, pandemiya immiqrasiya kimi həssas məsələ üzrə vəkillik fəaliyyətinə necə təsir göstərdi, nəzərə alsaq ki, adamlar arasında real əlaqələr dayandırıldı və hüquqi müdafiə virtual müstəviyə keçdi?

– Mənim praktikam təkcə immiqrasiya məsələlərilə məhdudlaşmır, o, həm də biznes-çəkişmələri, fiziki sağlamlığa və əmlaka dəyən zərərə görə kompensasiya ödənişlərinin təminatını əhatə edir. Vəkillik işi ilə əlaqədar tez–tez məhkəmələrdə oluram – federal, ştat və immiqrasiya məhkəmələrində. Əvvəlcə, təbii ki, biz də, vəkillik praktikası ilə məşğul olanlar və bizim çalışdığımız müxtəlif dövlət idarələri də panika içində idi. Hər şey qeyri-adi, çətin görünürdü, çünki hər kəs məsafəli çalışmağa başlamışdı. Texnoloji çətinliklər vardı, üzbəüz görüşlərdən zoom-a, digər onlayn platformalara keçmək lazım gəlirdi. Amma sonra hər şey yoluna düşdü. Bir-iki ay ərzində müştərilərlə görüşlər, məsləhətləşmələr, işlərin aparılması, məhkəmə dinləmələri onlayn formada keçirildi.

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün, məhkəmələrin offlayn formada keçirilməsi imkanı yarandığında da, işlərin bir hissəsinə əvvəlkitək uzaqdan baxılır. Və bu praktika, yəqin ki, artıq kök salacaq, çünki öz effektivliyini göstərdi. Bu, vaxta, xərclərə qənaət etməyə imkan verdi. Mənim, məsələn, sığınacaq verilməsilə bağlı sorğulara dair işlər üzrə çoxlu  müştərilərim var. Onların məhkəmə dinləmələri, müxtəlif ştatlarda immiqrasiya məsələlərinə dair müsahibələr olur. Əvvəllər yola pul və vaxt sərf etmək lazım gəlirdi.

İndi həm müştərilərin, həm də bizim daha az xərcimiz çıxır. İşə distant formada məcburi keçilməsinə baxmayaraq, nəticələr effektiv olub.

Sırf maliyyə baxımından pandemiyanın əvvəlində çətinliklər vardı. Amma federal hökumət biznesi dəstəklədi, buna görə ikinci dəfə ödənişlər oldu. Amma bizim işimiz o qədər yaxşı gedirdi ki, biz yardımın ikinci tranşından imtina etdik. Digər sahələrdə, məsələn, ictimai iaşə, riteyl sektorunda bir çox biznes- strukturlara ciddi ziyan dəydi. Hüquq biznesində, əksinə, işlər yaxşı getdi. Yəni, sifarişlərin həcmi artdı, çünki adamların çoxu uzaqdan çalışmağa başladı, bəziləri müvəqqəti olaraq fəaliyyətini dayandırdı və yaranmış boş vaxtdan istifadə edərək çoxdan vaxtı çatmış müxtəlif hüquqi məsələləri yoluna qoymağa başladılar.

– Donald Trampun administrasiyası dövründə qeydiyyat qaydalarının sərtləşdirilməsi barədə danışıldı. Prezident Co Bayden bu sahədə liberallaşdırma istiqamətində yeni kurs elan etdi. Vəziyyət bir şəkildə dəyişirmi?

 – Mən deməzdim ki, Tramp administrasiyası dövründə onlar qaydaları sərtləşdirməyə nail olublar. Eyni zamanda, demək olar ki, hökumətdə bütün miqrasiya prosedurlarına əngəl törətməyə çalışırdılar. Və federal məhkəmələr daim əsassız məhdudlaşdırıcı qərarları ləğv etmək məcburiyyətində qalırdı. Sonra onlar (icra hakimiyyəti məmurları) prosedurları dəyişdirməyə çalışdılar ki, federal məhkəmə onları ləğv edə bilməsin. Lakin bununla belə, məhkəmələrdən sonra ali instansiya da yeni dəyişiklikləri tez-tez ləğv edirdi. Yəni, daim bu cür enib-qalxmalar olub. İndi, şükür Allaha, bütün bunlar düzəlir.

Ümumiyyətlə, prezident, administrasiya, icra orqanlarının qanunları dəyişdirmək hüququ yoxdur. Bu, Konqresin səlahiyyətindədir. Onlar qanunların dəyişdirilməsi üçün prosedurları dəyişə bilərlər. Lakin Tramp administrasiyası dövründə bürokratik əngəllər yaradılırdısa, hətta qanunun icrasından açıq şəkildə imtina edilirdisə, indi bütün bunlar yoxdur. Ancaq immiqrasiya qanunları eynidir, heç bir şey sərtləşməyib və asanlaşmayıb.

Konqresdə qanunları dəyişmək asan deyil. Baxmayaraq ki, indi Konqresdə demokratlar çoxluğa malikdir, lakin filibaster qaydalarına (qanun layihəsinin predmeti ilə bağlı mübahisələri uzatmaq yolu ilə parlament azlığının qanun layihələrini əngəlləmək taktikası) görə, onlara miqrasiya qanunvericiliyi sahəsində proqresiv təşəbbüslər irəli sürmək çətindir. Çünki respublikaçılar immiqrasiya məsələlərində liberallaşmanın əleyhinədirlər.

– ABŞ-a giriş və yaşamaq hüququnu əldə etməyin formalarından biri məlum olduğu kimi, qrin-kartlardır. Hər il belə icazələrin verilməsi üçün lotereyalar oynanılır. Pandemiya səbəbindən ötən il şansından istifadə edə bilməyən lotereya qalibləri qrin-kartları əldə edə biləcəklərmi?

–  Təəssüf ki, 2020-ci ildə ABŞ-a getmək və yaşamaq hüququ qazanmış 2019-cu il lotereyasının qalibləri bu fürsəti itirdilər. Çünki qrin-kartlar fiskal il ərzində (oktyabrın 1-dən növbəti il sentyabrın 30-dək) verilir.

Fiskal il 2020-ci ilin payızında başa çatdıqdan sonra əvvəlki ilin qalibləri artıq heç cür qrin-kart əldə edə bilmirlər.

1 oktyabr 2020-ci fiskal il lotereyanı həmin ilin yazında qazananlar üçün başlayıb. Ancaq onlar da gecikirlər, çünki onları ancaq indi müsahibəyə çağırırlar. Burada da çətinliklər var, çünki konsulluqlar indi açılır və hamı üçün müsahibəni keçirməyin nə qədər mümkün olacağı hələ ki məlum deyil.

Loteyanı 2021-ci ilin mayında qazananlar üçün müsahibə prosesi bu ilin oktyabrında başlayacaq.

Odur ki, ABŞ-ın mövcud qanunvericiliyi çərçivəsində 2019-cu ildə qrin-kart lotereyalarının qalibləri Amerikaya giriş hüququndan istifadə edə bilməyəcəklər.

– Azərbaycanda, xüsusilə də gənclər arasında ABŞ-a köçmək, burada çalışmaq, biznes açmaq istəyən adamlar çoxdur. Öz planlarını leqal yollarla həyata keçirmək üçün həmin adamlara nə məsləhət edərdiniz?

– İlk növbədə qeyd etmək istərdim ki, Amerikada biznes açılmasına və aparılmasına heç bir qadağa yoxdur. Hətta burada olmayan şəxsin ABŞ-da biznesi ola bilər. Mən bir hüquqşünas kimi Azərbaycanda yaşayanlara burada biznes qurmaq, bank hesabı açmaq, vergiödəyicisinin nömrəsini almağa kömək edə bilərəm. Onlar burada fəaliyyətə başlaya, ofis icarə edə, işçi götürə bilər. Amerikada səxsi sanksiyalar altında olanlar istisna olmaqla, dünyanın istənilən ölkəsindən istənilən şəxsin mülkiyyətə sahib olmasına, biznes aparmasına qadağa yoxdur.

İkincisi, bu, necə gəlmək və öz biznesini necə idarə etmək məsələsidir. Öz biznesini qurmaq məqsədilə üç immiqrasiya üsulu var.

Onlardan biri investorlar üçün məlum EB-5 proqramıdır. Əvvəllər bu proqram üzrə tələblər öz biznesinin yaradılması və ən azı 10 iş yerinin açılması üçün ən azı 1 milyon dollar həcmində sərmayə idi.

Hazırda onun şərtlərini dəyişiblər və zəruri investisiya 1,8 milyon dollardır. Lakin  işsizliyin çox olduğu regionlarda  və ya kənd yerlərində bu məbləğin yarısını, 900 min dollar yatırmağa icazə verilir.

Bu şərtlər əməl olunduğunda ərizəçi və onun ailə üzvləri qrin-kart ala bilir.

Bu proqramın bir subproqramı da var. Bu, investorlara səhmdar kimi daxil olaraq öz müəssisələrini açmadan otellərin, kurort zonalarının və sair tikintisi üzrə investisiya layihələrinə 900 min dollar yatırmağa imkan verir. Bu cür investorlar ilə üzvləri ilə birlikdə qrin- kartlar alırlar.

Biznesmenlər üçün vizanıın ikinci növü- E-2 investor vizası daha az kapital qoyuluşu tələb edir. Bu, ABŞ-ın 135-dən çox ölkə ilə arasındakı beynəlxalq sazişə əsaslanır. Bu ölkələr sırasında Azərbaycan da var.

Bu, ABŞ-da olmaq, biznesi idarə etmək, yaşamaq, ailə ilə olmaq üçün çox əlverişli metoddur. İnvestorun həyat yoldaşı da burada çalışmaq, uşaqlar isə dövlət məktəblərinə getmək və pulsuz oxumaq hüququna malik olur.

Onu əldə etmək üçün 1 milyon və ya 1,8 milyon dollar investisiya tələb olunmur. Kiçik biznesə 75 min-100 min dollar həcmində sərmayə qoyuluşu kifayət edə bilər. Mənim Azərbaycandan elə müştərilərim var ki, burada pizza dükanı və ya avtosalon açıb, kimsə İT şirkəti, gözəllik salonu açıb.

Belə vizanı almaq üçün ilk növbədə qeydiyyatdan keçmək və biznes qurmaq, burada idarəçi kimi iş icazəsi və ya qrin-kartı olan birinin olması lazımdır. Bundan sonra investor viza üçün müraciət edə bilər. Yəni, bu viza növünün şərti pulun müəssisənin yaradılmasına xərcləndiyi barədə təsdiqdir. Yəni, artıq avadanlıq alınıb, yer icarəyə götürülüb, idarəci işə götürülüb, mühasibə, hüquqşünasa ödəniş edilib, hansısa marketinq və sair işlərə başlanılıb.

Azərbaycandan və digər postsovet ölkələrindən olan müştərilərim üçün E-2 vizasını almaqda çətinliklərdən biri sərmayə qoyulan pulların mənşəyinin qanuniliyini sübut etmək zərurətidir. Mühəndis işləyən adamın 100 mini haradan alması immiqrasiya xidmətini maraqlandırmır. Məsələ ondadır ki, ABŞ-a daxil olan pulların mənbəyinin qanuniliyini izah etmək lazımdır. Onlar təmizdir, ya yox. Nə nəzərdə tutulur? Məsələn, adam deyir ki, “mən 150 minlik ev satdım və  100 mini buraya sərmayə qoydum”. Lakin hələ sübut etmək lazımdır ki, bu vəsait buraya necə köçürülüb, alqı-satqı, pulun bank vasitəsilə köçürülməsi barədə notariusda təsdiqlənmiş sənədləri təqdim etmək lazımdır. Sözügedən sazişin iştirakçısı olan ölkələr ABŞ-a zəmanət verirlər ki, investorların pul mənbəyini yoxlayacaqlar ki, bu, narkobiznesdən, traffikinqdən və digər cinayətkar fəaliyyətdən gələn gəlirlərin yuyulması olmasın.

Azərbaycanla və bir sıra digər ölkələrlə problem ondadır ki, bəzi adamlar banklara etibar etmirlər və pullarını nağd saxlayırlar. Onlar buraya pulu demək olar ki, çemodanlarda gətirirlər və bu, ABŞ-a pul daxilolmalarının izlənməsi zəncirini qırır. Nəticədə, həmin adamlar viza verilməsi üçün təqdir qazana bilmirlər.

Və biznes viza almaq üçün üçüncü metod L1 vizasıdır.

Bu, şirkətlər arasında işçilərin köçürülməsi üçün nəzərdə tutulub

Tutaq ki, Azərbaycanda hansısa bir təşkilat var və onun Amerikada filialı var. Məsələn, Azərbaycanda xalçaçılıq fabriki ABŞ-da müəssisə açır, baş mühəndisi və ya dizayneri buraya gətirmək istəyir.

Tələblər ondan ibarətdir ki, adam idarəci, yaxud bu istehsalatın yaradılması üçün lazım olan ixtisaslaşmış biliyə malik olan şəxs olmalıdır.

ABŞ-da işlə bağlı digər vizaları almaq üçün işəgötürənləri tapmaq lazımdır. Amma bundan ötrü dəvət olunan mütəxəssisə tələbatın əsaslandırılması olmalıdır.

– ABŞ-dan Azərbaycanda vəkillik institutu necə görünür?

– Mən Azərbaycanda vəkillik praktikası ilə o qədər də yaxşı tanış deyiləm. Mənim tanışlığım onunla məhdudlaşır ki, müəyyən ümumi işlərdə yerli vəkillərlə çalışmışam, mənim müştərimə Azərbaycanda nəsə lazım olub və ya əksinə.

Lakin kütləvi informasiya vasitələrinin və ünsiyyətdə olduğum adamların məlumatlarına görə, orada tamamilə fərqli bir sistem var. Və bu da ona görə deyil ki, o, başqa cür olmalıdır, məhkəmə-hüquq sahəsində korrupsiyaya, hakimlərin müstəqil olmamasına görədir. Təəssüf ki, Azərbaycanda vəkillikdən zövq almaq mümkün deyil, o, burada zövq verir,  çünki burada yaxşı hazırlaşa, məhkəməyə gedə bilərsən, düzgün arqumentlər gətirib hansısa nəhəng bir korporasiyaya qarşı işi qazana bilərsən.

Hazırda mən bir iş üzrə ABŞ-ın baş prokuroruna qarşı məhkəməyə müraciət edirəm. Bilirəm ki, bu inzibati işi qazanacağam, ona görə yox ki, dahi vəkiləm. Sadəcə, işdə qanun pozuntuları göz qabağındadır və məhkəmə mütləq onları tanıyacaq. Amma Azərbaycandakı kimi məhkəmə-hüquq sistemi olan ölkələrdə bu, çətin ki mümkün olsun.

Fərid Qəhrəmanov, Vaşinqtondan Turan-ın xüsusi müxbiri

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button