Keçmiş rektoru polis vasitəsilə məhkəməyə gətirməyə cəhd olunacaq
Yayımlandı: 6 Mart 2023 14:36
Nurlana Əliyeva məhkəməninn çağırışlarına gəlmir
Bakı Slavyan Universitetinin (BSU) keçmiş rektoru Nurlana Əliyevanın adı keçən 226 min manatlıq yeyinti ilə bağlı məhkəmə prosesi martın 6-da davam edib. Haqqında məcburi gətirilmə qərarı çıxarılan sabiq rektor budəfəki məhkəmə iclasına da gəlməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Təqsirləndirilən şəxs kimi məhkəmə qarşısında dayanan isə universitetin Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyevadır. O, BSU-da ikinci ali təhsil alan tələbələrdən ödəniş kimi alınan pulları mənimsəməkdə, həmçinin universitetdə işə düzəlmək istəyən şəxslərin verdikləri vəsaitləri ələ keçirməkdə ittiham olunur. Bu cinayət işində ümumilikdə 123 nəfərin pulunun ələ keçirildiyi iddia olunur.
Lakin Dürdanə Əliyeva özünü təqsirli bilmədiyini deyib:
“Bu ittihamlar üzrə özümü təqsirli bilmirəm. Özümü yalnız cinayəti bilib, xəbər verməməyə görə təqsirli bilirəm”.
Hələ ilk məhkəmə iclaslarının birində təqsirləndirilən dosent ittihamda yazılanlara münasibət bildirərkən belə demişdi:
“Bunu mən tək eləyə bilməzdim”.
Onun sözlərinə görə, rektor Nurlana Əliyeva və baş mühasib də proseslərin birbaşa iştirakçısı olub:
“Amma onlar məsuliyyətdən kənarda saxlanılıblar. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedən dövrdə də dəfələrlə bu məsələni qaldırmışam. Onların da cəlb edilməsi üçün vəsatətlər vermişəm”.
Dürdanə Əliyevanın sözlərinə görə, Nurlana Əliyevanın baş verənlərdən xəbəri olub, alınan vəsaitlərdən də ona çatıb.
Bu əsasla da vəkili Nurlana Əliyevanın məhkəmədə dindirilməsi haqda vəsatət qaldırmış, məhkəmə də təmin etmişdi. Lakin Nurlana Əliyeva məhkəməyə gəlməyib. Bundan sonra məhkəmə onun haqqında məcburi gətirilmə qərarı verib. Bu qərarın da çıxarılmasından bir aya yaxın vaxt keçməsinə baxmayaraq, icra olunmayıb.
Martın 6-da məhkəmədə hakim Əli Məmmədov bildirib ki, Dövlət Sərhəd Xidmətindən Nurlana Əliyevanın noyabrın 18-də ölkədən getməsi, 30-da isə qayıtması haqda məlumat daxil olub:
“Dəfələrlə çağırış göndərilib, polisə müraciət olunub, lakin hələ də məhkəməyə gətirilməsi mümkün olmayıb. Əvvəlki iclasda məlumat daxil oldu ki, şəxsin səhhətində problemlər olduğu üçün Türkiyəyə gedib. Sonradan kütləvi informasiya vasitələrində məlumat yayıldı ki, Nurlana Əliyeva ölkədədir. Hətta açıqlamasında özü də ölkədə olduğunu təsdiqləyib, məhkəmənin ona çağırış göndərmədiyini deyib. Ona dəfələrlə çağırış göndərilib”.
Prokuror Nurlana Əliyevanın istintaqdakı ifadəsinin elan olunmasını təklif edib.
Təqsirləndirilən şəxs və onun müdafiəçisi isə prokurorun fikri ilə razılaşmayıb:
“Burada mənim taleyim həll olunur, Nurlana Əliyeva bu qədər adamı saymır, məhkəməyə gəlmir…”, – Dürdanə Əliyeva belə deyib.
Müşavirədən sonra hakimlər Nurlana Əliyeva barəsində məcburi gətirilmə qərarının qüvvədə saxlanıldığını elan edib:
“Bir halda ki, universitetin şöbə müdiri ittiham olunursa, həmin təhsil ocağının rektoru da məhkəmədə dindirilməlidir”.
Daha sonra məhkəmədə təhsil haqqı kimi ödəniş etsə də, sonradan həmin vəsaitlərin mənimsənildiyi ortaya çıxan şəxslər ifadə veriblər. Onlar şahid qismində dindiriliblər. Lakin deyiblər ki, əslində, ziyan görüblər, çünki pulları mənimsənilib, indi də kəsir kimi üstlərində borc qalıb.
Onlar zərərçəkmiş kimi tanınmaq üçün məhkəməyə ərizə veriblər.
Məhkəmə prosesi martın 13-də davam edəcək.Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub. O, tələbələrin ödədiyi təhsilhaqqı ödənişlərinin mənimsənilməsilə bağlı qalmaqaldan 5 ay sonra vəzifəsindən azad edilib. O, 12 il (2009-2021) YAP-ın Qadınlar Şurasının da sədri olub.
Nurlana Əliyeva “gununsesi.info”-ya açıqlamasında bildirib ki, rəsmi şəkildə çağırış göndərilsə, gedib ifadə verməyə hazırdı:
“Mənim heç bir günahım yoxdur, mənə rəsmi bildiriş göndərsinlər və gedim şahid qismində ifadəmi verim”.
Nurlana Əliyeva uzun illər deputat olan Hadı Rəcəbli ilə qudadır.