Loading...
Loading...
ÖLKƏDünya

Kuleba NATO ilə görüşdə qeyri-uçuş zonasına çağıracaq

Ukraynanın Baş naziri Denis Şmihal martın 3-də bəyanatında bildirib ki, ölkənin nüvə zavodları üzərində səma qapadılmalıdır

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba deyir ki, martın 4-də NATO üzvləri ilə görüşdə Ukrayna üzərində qeyri-uçuş zonası məsələsini qaldıracaq.

Kiyev Rusiya hərbi təyyarələrinin girişinin önlənməsindən ötrü Qərb liderlərini qeyri-uçuş zonası elan etməyə çağırır. Amma Vaşinqton və NATO müttəfiqləri bu ideyanı rədd edib, bunun Rusiya ilə birbaşa qarşıdurmaya aparacağından ehtiyatlanırlar.

Ukrayna liderləri bu cavabı qəbul etmirlər. Prezident Volodimir Zelenski martın 3-də mətbuat konfransında bu məsələni yenidən qaldırıb. Prezidentin müşaviri Mixaylo Podolyak isə daha öncə Twitter-də bu haqda yazıb.

Digər rəsmilərin çağırışları

“Müharibənin 7 günü ərzində bir milyona yaxın qaçqın yaranıb, Ukraynanın böyük şəhərlərinin tarixi mərkəzləri tamamilə dağıdılıb. Bu, NATO-nun Ukrayna üzərində səmanı bağlamamasının nəticəsidir”, – Podolyak yazıb.

Ukraynanın Baş naziri Denis Şmihal martın 3-də bəyanatında bildirib ki, ölkənin nüvə zavodları üzərində səma qapadılmalıdır. O, NATO-ya Beynəlxalq Atom Enerjisi Agentliyinə müraciət etdiyini deyib.

“Ukrayna üzərində səmanı bağlayın! Bu, bütün dünyanın təhlükəsizlik məsələsidir!” – Şmihal bəyanatında vurğulayıb.

Silah təminatı

Martın 3-də AzadAvropa/AzadlıqRadiosu-na müsahibəsində Kuleba deyib ki, NATO üzvləri ilə görüşdə qeyri-uçuş zonası və “Ukraynanın Hava Qüvvələri və havadan müdafiə avadanlığına yardım” məsələlərini qaldıracaq.

O həmçinin Qərbin Ukraynaya silah təminatını davam etdirməsindən danışacaq.

Qərb ölkələri hazırda Ukraynanı zenit və antitank raketləri ilə təmin edirlər.

Qeyri-uçuş zonası yaradılması xahişinin rədd edilməsi ilə bağlı sualı Kuleba belə cavablandırıb: “Hələlik, detalları açıqlamaq istəmirəm. Bu çox mürəkkəb məsələdir və ən yüksək səviyyədə müzakirə edilməlidir. Buna görə də sabah alyansla bu haqda danışacağıq”.

Sanksiyalar

Kuleba qərbin Rusiyaya sanksiyalarını “misli görünməmiş” adlandırıb, Rusiya iqtisadiyyatına ciddi ziyan vuracağını, yeni sanksiyaların tətbiq ediləcəyini deyib. Onun sözlərinə görə, Ukraynanın təklif etdiyi heç bir sanksiya rədd edilməyib.

Amma nazir sanksiyaların Rusiyanın müharibəni dayandırması, Ukraynanın itkilərini kompensasiya etməsi üçün yetərli olmadığını söyləyib.

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-dən Ukraynaya hücum əmri verib, böyük şəhərlər atəşə tutulub. Hazırda bir neçə şəhərin mühasirəyə alındığı xəbər verilir.

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edərək ölkənin şərqindəki separatçı qurumları dəstəkləməyə başlayıb. “DXR” və “LXR” adlı qondarma qurumları Putin fevralın 22-də tanıyıb.

24 saat” “
Kuleba NATO ilə görüşdə qeyri-uçuş zonasına çağıracaq
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  ABŞ Peskova, Usmanova, Rotenberqlərə sanksiyalar elan edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button