2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Müdafiə tərəfi Ramil Babayevin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb

Martın 18-də “Toplum” TV-nin işi üzrə həbs olunmuş Ramil Babayevin vəkili həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil Ayşə Abdel Qədir Babayevə qarşı qeyri-insani rəftarın araşdırılması üçün prokurorluğa müraciət edib və ombudsmandan onun hüquqlarının təmin olunması üçün müdaxilə etməyi xahiş edib.

Vəkil Turan-a bildirib ki, Babayevin cinayət məsuliyyətinə cəlb edilməsi və 4 ay müddətinə həbs olunması qanun pozuntusu ilə həyata keçirilib.

Belə ki, jurnalist martın 6-da “Toplum” TV-nin ofisində və öz mənzilində axtarış zamanı saxlanılıb. “Axtarış zamanı Ramil Babayev videoçəkilişin aparılmasını tələb edib. O, videoda bildirəndə ki, mənzildə tapılan 2300 avro ona aid deyil, polis tərəfindən qoyulub, çəkiliş dərhal dayandırılıb”, – vəkil  deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Martın 8-də Babayev Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunub. Elə həmin gün həbs edilib.

“İstintaq həbsin zərurətini onunla əsaslandırıb ki, o, azadlıqda olarkən “ölkəni tərk edə”, “istintaqdan və məhkəmədən gizlənə”, “təkrar cinayət əməli törədə”, “ədalətə maneələr yarada” və “şahidlərə təsir göstərə” bilər.

Lakin istintaq orqanının iddiaları mücərrəd ifadələrə əsaslanıb və bunu təsdiqləyən konkret arqumentlər məhkəməyə təqdim edilməyib, vəkilin vəsatətində deyilir.

Babayev ittihamları rədd edib və hesab edir ki, onun təqib olunması “Toplum” TV ilə əlaqəli digər şəxslərin həbsi kimi, bu medianın fəaliyyətini pozmaq məqsədi daşıyır və müxalifətçiləri qorxutma tədbiridir.

Vəsatətdə Babayevin işində konkret qanun pozuntusunun olduğu göstərilir. Xüsusilə, onu məhkəmə qərarı olmadan 48 saatdan çox həbsdə saxlayıblar. İstintaq onun pozuntu törətməsinə dair heç bir dəlil təqdim etməyib.

Məhkəmə istintaq orqanının müraciətinin əsaslılığını yoxlamaq üçün maddi sübutlar  tələb etməyib.

Vəkil qeyd edib ki, qətimkan tədbiri seçilərkən məhkəmə Avropa Konvensiyasının 5-ci maddəsinin müddəalarını və ondan irəli gələn “qanunçuluq” və “şübhələrin əsaslılığı” prinsiplərini nəzərə almayıb.

Vəsatətdə Babayevin hüquqlarının Avropa Konvensiyasının 18-ci maddəsinə əsasən pozulması  göstərilir. Əsasən, bu iş üzrə cəmi 9 nəfər keçir  və onların hamısı “Toplum” TV ilə əlaqəlidir. Həbslər hökumətyönlü KİV-də bu nəşrin nüfuzdan salınması kampaniyası ilə müşayiət olunur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, vəkil Babayevin barəsində qətimkan tədbirinin ev həbsinə dəyişdirilməsini xahiş edir. Vəkil Babayevə qarşı qeyri-insani rəftarla bağlı Xətai rayon prokuroruna  müraciət edib.

Martın 8-də Babayev və iş üzrə daha 4 müttəhim məhkəməyə əlləri qandallı və başları aşağı əyilmiş vəziyətdə gətirilib ki, bu da qeyri-insani davranışdır.

Vəkillərin etirazına baxmayaraq, polis əməkdaşları həbs olunanlara güc tətbiq etməyə davam ediblər.

Vəkil Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarını qeyd edib. Onlara əsasən hüquq-mühafizə orqanları işçilərinin güc tətbiq etməsi ləyaqətin alçaldılması kimi qiymətləndirilir və Avropa Konvensiyasının 3-cü maddəsinin (işgəncələrin qadağan edilməsi) pozulması kimi tövsif edilir.

Azərbaycan polisi haqqında qanunun 26-cı maddəsinə əsasən, fiziki güc, xüsusi vasitə və ya odlu silah tətbiqi təhlükəyə proporsional olmalıdır. İndiki halda vəkilin müdafiə etdiyi şəxs müqavimət göstərməyib, əmrlərə tabe olub.

Vəkil prokurordan polislər tərəfindən zorakılığın tətbiqinin  qanunsuz olmasının tanınmasını və bu hərəkətlərə görə onların  məsuliyyətə cəlb olunmasını xahiş edir. Müdafiə tərəfi müttəhimi məhkəməyə gətirən işçilərin müəyyən edilməsi üçün Xətai Polis İdarəsinə sorğu göndərilməsi barədə vəsatət qaldırır. Həmçinin Xətai məhkəməsindən xahiş olunur ki, müttəhimlərin gətirilməsinə dair videokadrların istənilməsi xahiş olunur.

Vəkil Babayevin hüquqlarının pozulması və qanunsuz həbs olunması ilə bağlı Azərbaycan ombudsmanına da müraciət edib. Qeyd olunur ki, Babayev periyodik qıcolmalardan əziyyət çəkir və təcili tibbi müdaxiləyə ehtiyacı olur. Digər tərəfdən, Babayev Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun doktoranturasında təhsil alır. Onun azadlığının məhdudlaşdırılması gənci təhsil almaq imkanından məhrum edir.

Bu iş üzrə başqa müttəhim, Demokratik Təşəbbüslər İnstitutunun üzvü İlkin Əmrahovun vəkili Rövşanə Rəhimova da müttəhimin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsinə dair vəsatət qaldırmaq niyyətindədir. Rəhimova Əmrahova qarşı qeyri-insani rəftardan prokurorluğa şikayət edib.

* Xatırladaq ki, martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay müddətinə ilkin həbs cəzasına məhkum edilib, daha iki nəfər isə polis nəzarətinə verilib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button