Loading...
Loading...
SEÇMƏ

Nərmin gündəliyində atası haqda yazıb: “Mənə qarşı pis davranır…”

Cinayət işinin materialından: Həyat yoldaşı Şərif Quliyevi uşaq itkin düşməmişdən bir müddət əvvəl polisə verib…

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında azyaşlı Nərmin Quliyevanın oğurlanması və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı məsələ cəmiyyətdə ən çox müzakirə olunan mövzulardandır. Bir ildir davam edən məhkəmə prosesi bu cinayət işiylə bağlı qaranlıq qalan məsələlərə aydınlıq gətirmək əvəzinə, şübhəli halların sayını daha da artırdı. Azyaşlının valideynləri və digər qohumları dindirilərkən üzə çıxan kəskin ziddiyyətlər yeni-yeni cavabsız suallar yaradırdı.

Azyaşlının valideynləri – Şərif Quliyev və Aynurə İsmayılovanın bugünlərdə yayımlanan müsahibədə səsləndiyi fikirlərdə də onların özlərinin məhkəmədəki ifadələrinə, eləcə də iş materiallarında yazılanlara zidd olan xeyli məqamlar vardı. Məsələn, Aynurə İsmayılova müsahibəsində iddia edir ki, azyaşlı Nərmin atası Şərif Quliyevlə bir-birini çox istəyib, ata və övlad arasında münasibət çox yaxın olub:

“O qədər yaxın idilər ki, balışın bir ucuna atası başını qoyurdu, o biri ucuna isə uşaq…”

Cinayət işinin materialları arasında Nərminin gündəliyi var. Anasının dediklərinin əksinə, uşaq gündəliyində atasının onu istəməməsindən, ona qarşı pis davranmasından şikayətlənir. Uşaq gündəliyində yazıb ki, atası onu digər iki bacısı – Şəbnəm və Şəhanədən ayırır, ona qarşı daha pis davranır.

Məhkəmədə ifadə verərkən şahid Qaratel Orucova da Aynurə İsmayılova ilə söhbətini xatırlayaraq deyib ki, anası Nərminin itkin düşən gün evdən atası tərəfindən məcburi göndərildiyini söyləyib: “Onda Aynurəni yolda görmüşdüm. Aynurə deyirdi ki, Nərmin getmək istəmirdi, atası məcburi göndərdi. Deyib ki, apar bu kurtkanı əminə ver, o biri əmingildən də mənim kurtkamı gətir, səni axşam toya aparacam. Aynurə İsmayılovanın anası, uşağın ana nənəsi Minayə də kəndin içində qışqırıb deyirdi ki, uşaq ata nənəsi Leybəgilə gedib, oradan yoxa çıxıb”.

Məhkəmə iclasında dindirilərkən Aynurə İsmayılovadan soruşulmuşdu ki, o, həyat yoldaşından polisə şikayət edibmi? O, “xeyr” cavabını vermiş, münasibətlərinin çox yaxşı olduğunu bildirmişdi. Lakin cinayət işinin materiallarından məlum olur ki, Nərmin itkin düşməmişdən az öncə Aynurə İsmayılova həyat yoldaşından Tovuz Rayon Polis Şöbəsinə şikayət edib. O göstərib ki, həyat yoldaşı işlədiyi kafenin qarşısına gələrək, bıçaqla onu öldürməklə hədələyib. Aynurə İsmayılova əvvəl şikayətçi olsa da, üç gün sonra şikayətini geri götürüb.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun saxlanma vaxtı 10 yanvar 2020-ci il göstərilib. İlkin Süleymanov isə bildirir ki, onu yanvarın 6-dan – yanmış meyit aşkarlanandan dərhal sonra hadisə yerinə gələn polislər götürüb aparıblar və bir daha buraxılmayıb. 4 gün ərzində Tovuz rayon Polis Şöbəsində fiziki və psixoloji təzyiqlərə məruz qaldığını deyən İlkin Süleymanovun sözlərinə görə, xüsusən yanvarın 9-dan sonra verilən işgəncələr dözülməz olub. Yanvarın 9-dan 10-na keçən gecə verilən işgəncələrə dözə bilmədiyini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, o, törətmədiyi cinayəti boynuna götürməyə məcbur olub.

Müsahibədə Şərif Quliyevin dedikləri də təsdiqləyir ki, İlkin Süleymanov yanvarın 7-8-9-da artıq polis şöbəsində saxlanılırdı.

Nərmin olayı ilə bağlı suallardan biri də budur ki, uşaq əmisigildən qayıtmadığı halda, atası niyə onu axtarmaq əvəzinə, qardaşlarına qoşulub, qonşu kəndə ciyəraxşamına gedib.

Hadisədən bir gün öncə – noyabrın 20-də Şərif Quliyevin qardaşı Arifin qızının toyu olub. O, toyda öz gödəkçəsi nimdaş olduğuna görə (qardaşı arvadı məhkəmədə belə deyib) qardaşı Arif Quliyevin gödəkçəsini geyinib. Özünün nimdaş gödəkçəsini isə Arif Quliyevlə üzbəüzdə yaşayan digər qardaşı Lətifgilin hamamından asıb.

Gözdən qaçırmayın:  “Məhbus oğlum ölüm ayağındadır, xəstəxanaya köçürmürlər”

Hadisə günü – noyabrın 21-də Nərminə qardaşının gödəkçəsini verib onlara göndərib ki, aparıb çatdırsın. Ondan sonra Lətif əmisigilə keçib, hamamdan atasının nimdaş gödəkçəsini götürüb gəlsin.

İş materiallarından belə məlum olur ki, ata qızı Nərminə onu da özüylə birlikdə ciyəraxşamına (qardaşı qızının nişanlısının) aparacaq. Yəni uşaq atasının gödəkçəsini gətirməliydi, onlar birlikdə axşam şadlıq məclisinə gedəcəkdilər.

Üstündən bir saata yaxın vaxt keçsə də, Nərmin qayıdıb gəlmir. Şərif Quliyev Nərmindən böyük qızı Şəbnəmi onun arxasınca qardaşlarıgilə göndərir. Hər iki əmisigildə Şəbnəmə deyilir ki, bacısı heç dayanmadan Arif əmisigilə gödəkçəni verib, Lətif əmisigildən də atasının gödəkçəsini götürüb, hətta ona sellofan torba verilməsini gözləmədən çıxıb gedib.

Şəbnəm əmisigildən qayıdanda yolda bir sarı taksi saxlayır, ondan israrla maşına minməsini istəyir, onu evlərinə aparacağını deyir. Lakin Şəbnəm maşına minmir.

O, tez evlərinə gəlib, həm bacısının hələ bir saat əvvəl – gödəkçəni götürəndən dərhal sonra əmisigildən çıxıb getdiyini deyir, həm də sarı taksi haqda məlumat verir. Bunu Şəbnəm Quliyeva özü də məhkəmədə dindirilərkən bildirib.

Nərmin evə gəlib çıxmamasına baxmayaraq, ata onu axtarmır. Bir neçə saat sonra qardaşlarına qoşulub, qonşu kəndə ciyəraxşamına gedir. O sual da açıq qaldı ki, Şərif Quliyevin nimdaş gödəkçəsi də Nərminlə birlikdə yoxa çıxmışdısa, bəs atası nə geyinib getdi?

Günorta baş vermiş bu hadisə haqqında – Nərminin itkin düşməsi barədə polisə gecə saat 23.00 radələrində məlumat verilir.

Məhkəmə araşdırmaları zamanı o da məlum oldu ki, uşaq itkin olan dövrdə bütün kənddəki evlərdə axtarış aparılması, yalnız İlkin Süleymanov və əmisioğlugilə baxılmaması haqda gəzən söz-söhbətlər doğru deyil. Məhkəmədə dindirilən kənd sakinləri bildirdi ki, Nərmin itkin olduğu dövrdə onların da evinə baxış keçirilməyib. Əsasən, uşağın əmiləri və onlara yaxın evlərə baxılıb. Qalan evlərin heç birində axtarış-baxış olmayıb. Kənd sakinləri prezidentə məktublarında da bu barədə yazıblar.

Məhkəmə araşdırmaları zamanı o da məlum oldu ki, uşaq itkin olan dövrdə bütün kənddəki evlərdə axtarış aparılması, yalnız İlkin Süleymanov və əmisioğlugilə baxılmaması haqda gəzən söz-söhbətlər doğru deyil. Məhkəmədə dindirilən kənd sakinləri bildirdi ki, Nərmin itkin olduğu dövrdə onların da evinə baxış keçirilməyib. Əsasən, uşağın əmiləri və onlara yaxın evlərə baxılıb. Qalan evlərin heç birində axtarış-baxış olmayıb. Kənd sakinləri prezidentə məktublarında da bu barədə yazıblar.

Bu cinayət işi üzrə məhkəmə prosesi mayın 25-də Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edəcək.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button