Loading...
Loading...
SEÇMƏ

Narışkinin Bakıya müəmmalı səfəri: “Belə səfərlərin səsi sonra çıxır”

“Əsas mesaj o idi ki, Brüssel və Vaşinqtonu regiona gətirməyin, özümüz həll edək”

İyulun 19-da Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıya səfər edib.

Dövlət başçısı İlham Əliyevlə görüşən Narışkin azərbaycanlı həmkarı Orxan Sultanovla da əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Məlumatı “Turanyayıb.

Agentlik Azərbaycanın rəsmi KİV-lərinin S.Narışkinin səfəri barədə məlumat verməmələrinə diqqət çəkərək yazır ki, dünən axşam saatlarında rusiyalı qonaq bu ölkənin Bakıdakı səfirliyində qısa mətbuat konfransı keçirib.

Tədbirə isə yalnız TASS və “Sputnik”, həmçinin “MİR” telekanalı dəvət olunub.

S.Narışkin mətbuat konfransında Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsində RusiyaAzərbaycan arasında ikitərəfli əməkdaşlığın mühüm amil olduğunu bildirib.

Rusiya Qarabağda müharibənin başa çatmasında əsas rolu oynayıb”, – deyə Narışkin sülhməramlıların sülhün təmin edilməsində oynadığı rolu qeyd edib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, Rusiya Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası, nəqliyyat məsələlərinin həlli, Bakı və Yerevan arasında həlledici sülh müqaviləsinin bağlanması məsələsində mühüm rol oynayır”, – Narışkin belə deyib.

O, həmçinin Rusiya və Azərbaycanın Xarici Kəşfiyyat Xidmətləri arasında əməkdaşlıq haqqında müqavilə imzalandığını bildirib:

“Bu sənəd bizim əlaqələrimizə və qarşılıqlı əməkdaşlığımıza təkan verir. Söhbət ölkələrimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, terrorçuluğa və radikal ekstremizmə qarşı mübarizə üzrə birgə fəaliyyətdən, üçüncü ölkələrin ərazisində Rusiya və Azərbaycan vətəndaşlarının maraqlarının qorunmasından gedir”.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsün Yerevana səfərindən iki gün sonra, iyulun 18-də Narışkin də Ermənistan səfər etmişdi. Onun Yerevanda Paşinyandan başqa daha kimlərlə görüşməsi barədə məlumat verilməyib.

Foto: Meydan TV

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl S.Narışkinin Bakı səfərinin rəsmi mediada işıqlandırılmamasını Meydan TV-yə belə şərh edib:

“Adətən, kəşfiyyat xidmətlərinin rəhbərlərinin səfərləri səssiz olur və xüsusi açıqlamalar da yayılmır. Belə səfərlərin səsi sonra çıxır. Yəni onlar öz dövlətlərinin əldə etdikləri informasiya nəticəsində qərarlarını səfərdə olduqları ölkə rəhbərlərinə çatdırırlar”.

İlham İsmayılın qənaətincə, Narışkinin səfərinin səbəbi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Börnsün Yerevana gəlməsi olub:

“Həmçinin Vilyam Börns öz həmkarları ilə deyil, birbaşa Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Baş nazir Nikol Paşinyanla görüşdü. Bu, Ermənistan hakimiyyətinə dəstəklə bərabər xəbərdarlıqdır. Bu səfər Rusiyanı çox narahat etdiyindən 3 gün sonra Sergey Narışkin Yerevana getdi və həmkarı Avazyanla görüşdü. Detalları bilməsək də, ehtimal ki, Rusiya Vilyam Börnsün gəlməsini qəbul etmir. Fikir verin, Narışkin belə açıqlama verdi: “Mənim gəlişim onun səfəri ilə bağlı deyil, amma Vilyam Börns gəlişi mənim səfərimlə bağlı ola bilər”. Məncə, Narışkinin Yerevana səfəri xəbərdarlıq idi”.

Ekspertin fikrincə, Narışkinin mətbuat konfransında müstəqil media təmsilçisi olsaydı, sual verərdi ki, 2020-ci ildə 44 günlük savaş zamanı Azərbaycanda “Cəbhət ən-Nüsrə”, “Firkət Həmzə”, “Sultan Murad”ın muzdlularının döyüşdüyünü bildirmişdiniz. Ermənistan da bu açıqlamanıza əsaslanıb Azərbaycana qarşı təbliğatda istifadə edirdi. İndi də bu barədə nə düşünürsünüz?

Gözdən qaçırmayın:  “Yavru vatan” hekayəsi: terrorla mübarizədən cümhuriyyətə qədər…

“Necə ki dövlət başçısı İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterə irad bildirmişdi, elə o cür iradı Narışkinə də çatdırıb və ardınca mətbuata çıxartmaq lazım idi. Yəni Narışkinə demək lazım idi ki, sizin yanaşmanız dost, müttəfiq yanaşması deyil. Hər halda onun Bakı səfəri Azərbaycanı və Ermənistanı xəbərdarlıq etmək, Rusiyanın isə açar rol oynadığını göstərməkdən ibarət idi”.

Siyasi şərhçi Şahin Cəfərli isə hesab edir ki, öncə Rusiyanın regiondakı maraqlarına diqqət yetirilməlidir.

Onun fikrincə, Moskvanın Bakı və Yerevandan iki əsas gözləntisi var:

“Birincisi Rusiya Ermənistan və Azərbaycan arasındakı sülh quruculuğu prosesinə Qərbin müdaxiləsindən narahatdır. Kreml istəmir ki, Qərb prosesə müdaxilə edib gedişatı öz maraqları istiqamətinə yönəltsin. Narışkinin Bakı və Yerevana səfərlərində əsas mesajı o idi ki, siz Brüssel və Vaşinqtonu regiona gətirməyin, bütün məsələləri özümüz həll edək. Açıq deyir ki, məsələlərin həllinə Rusiya təkan verib və üçlü formatda da davam etdirək”.

Şahin Cəfərli
Foto: Şahin Cəfərlinin şəxsi arxivi

Moskvanın Bakıdan ikinci gözləntisinə gəlincə, Şahin Cəfərli Əliyevlə Putin arasında fevralın 22-də imzalanan müttəfiqlik bəyannaməsini xatırladır.

Şərhçi Meydan TV-yə deyib ki, Rusiya sənədin müddəalarının həyata keçirilməsində israr edir:

“Lavrovun da son səfərində əsas mesajları məhz bununla bağlıydı. Nazir prezident Əliyevlə görüşdə bildirdi ki, Kreml müttəfiqlik bəyannaməsinin müddəalarının həyata keçirilməsi əzmindədir. Ceyhun Bayramovla görüşdə isə Lavrov dedi ki, bəyannamənin müddəalarının bütün sahələr üzrə həyata keçirilməsində maraqlıdırlar və dövlətlərimiz arasında xarici və iqtisadi siyasətin əlaqələndirilməsini təmin etməliyik. Bu cümlə çox önəmlidir”.

Şahin Cəfərli deyir ki, müttəfiqlik bəyannaməsində Azərbaycanın suverenlik hüquqlarına zidd müddəalar yer alıb:

“Bəyannamədə qeyd olunur ki, tərəflər aktual beynəlxalq məsələlərə dair ya eyni, ya da yaxın mövqelər tutmalıdır. İqtisadi əməkdaşlığa dair digər önəmli məqam odur ki, tərəflər iqtisadi siyasətlərində bir-birinin maraqlarını nəzərə almalıdır. Faktiki olaraq, sənədə əsasən Bakı xarici və iqtisadi siyasətini Rusiyayla əlaqələndirməlidir. Əminəm ki, Rusiya Azərbaycandan məhz bu müddəaların reallaşmasını tələb edir. Narışkinin imzaladığı sənəd də həmin bəyənnamədən irəli gələn müddəaların həyata keçirilməsi məqsədi daşıyır”.

Onun sözlərinə görə, bölgədə mürəkkəb situasiya yaranıb:

“Bir tərəfdən Qərb fəallaşıb, Vilyam Börnsün Yerevana səfəri buna misaldır. Ermənistanın Qarabağdan silahlı qüvvələrinin çıxarması da haqda açıqlaması Vilyam Börnsün səfərindən sonraya təsadüf etdi. Tamamilə mümkündür ki, Vilyam Börns bu məsələni Paşinyanla müzakirə edib. Məncə, Qərb Bakı ilə Yerevan arasında sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır. Çünki sülh prosesinin uğurla yekunlaşması əsas yaradacaq ki, Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləsin”.

“Əgər sülh müqaviləsi imzalansa, Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması gündəmə gələcək. Yəni bütün problemlər çözüləcəksə, Rusiya ordusunun orada qalmasının heç bir anlamı olmayacaq. Hətta gələcəkdə Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması da gündəmə gələ bilər. Moskvanı da bunlar narahat edir. Beləliklə, bölgədəki son qarşılıqlı səfərlərin, siyasi dialoqların, əməkdaşlıqların əsasında bunlar dayanır”, – deyə o bildirib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button