Loading...
Loading...
SEÇMƏ

Nikol Paşinyan: “Azərbaycan yeni müharibəyə hazırlaşır” (yenilənib)

Rəsmi Bakı: “Azərbaycan müharibə istəsəydi, ərazilərin bərpası üçün nəhəng işlər görməzdi”

“Əgər Azərbaycan müharibə istəsəydi, Ermənistanın 30 il ərzində yerlə-yeksan etdiyi ərazilərin yenidən qurulması və bərpası üçün böyük səylər sərf edib, nəhəng işlər görməzdi”.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 27-də səsləndirdiyi ittihamlara cavabında əks olunub.

Nazirlik hesab edir ki, Ermənistanın işğalçı siyasətinə rəğmən və Yerevanın tətbiq etdiyi “hər şeyi məhv etmək” yanaşmasına baxmayaraq, Azərbaycan ərazilərini azad etdikdən sonra iki dövlət arasında münasibətlərin normallaşmasının tərəfdarı və təşəbbüskarı olub:

“Məhz Azərbaycan dövlət başçısı, post-münaqişə mərhələsində beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsi əsasında sülh sazişinin imzalanması təklifi ilə çıxış edib. Hətta Azərbaycan tərəfi Sazişin əsaslanmalı olduğu baza prinsiplərini də qarşı tərəfə təqdim edib. Paşinyanın iddia etdiyi kimi Azərbaycan müharibə istəsəydi, yəqin ki, bu addımlara ehtiyac qalmazdı”.

XİN Paşinyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı söylədiyi bir sıra fikirlərin bölgədə dayanıqlı sülh yaratmaq istəyini şübhə altına aldığı qənaətindədir:

“30 ilə yaxın Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayaraq bu əraziləri darmadağın edən bir ölkənin rəhbərinin, Azərbaycanı bu illər ərzində blokada siyasətini yürütməkdə ittiham etməsi heç bir hüquqi və əxlaqi çərçivəyə sığmır”.

“Azərbaycan sərhədlərin delimitasiyası, bölgədə bütün kommunikasiyaların açılması və tərəflər arasında gələcək sülh sazişinin imzalanması istiqamətlərində yalnız sözdə açıqlamalar vermir, öz əməlləri və konkret addımları ilə söylədiklərini həyata keçirir. Uzun illər ərzində məhz Azərbaycan bölgədə normal münasibətlərin qurulmasının və bütün kommunikasiyaların açılmasının Ermənistana faydalı olacağını söyləyib. Ermənistan tərəfinin bunu nəhayət anlaması və Baş nazirin “kommunikasiyaların açılması Ermənistana sərf edir” söyləməsi, Ermənistan rəhbərliyinin yeni yanaşması kimi diqqəti cəlb edir. Görünür, həqiqətlərin Ermənistan tərəfindən qəbul edilməsi bir qədər vaxt tələb edir. Ümid edirik ki, artıq reallığa çevrilən Zəngəzur dəhlizinin fəaliyyətinin səmərəliliyinin Ermənistan tərəfindən dərk edilməsi üçün böyük zamana ehtiyac qalmayacaq”, – deyə açıqlamada qeyd olunub.

Foto: XİN

XİN üçtərəfli bəyanatlara toxunaraq bildirib ki, tərəflərin üzərinə götürdüyü öhdəliklər və onların icrası göz qabağındadır:

“Yerevan öhdəlikləri kobud şəkildə pozaraq Azərbaycana diversant qüvvələr göndərir və ərazilərimizdən qanunsuz silahlı birləşmələrini çıxarmır. Həmçinin kommunikasiyaların açılmasını uzun müddət ləngidərək bəyanatların icrasını kobud şəkildə pozur. Ermənistan Baş naziri konkret hansı hala istinad etdiyinə aydınlıq gətirmədən “Azərbaycan tərəfinin ən azı bir halda görüşün keçirilməsini boykot etdiyini” söyləyir. Əgər post- münaqişə mərhələsində indiyədək beynəlxalq vasitəçilərin iştirakı ilə də təklif edilən və Ermənistan tərəfindən müxtəlif bəhanələrlə pozulan, habelə keçirilməsinə 1-2 saat qalmış təxribatlarla təxirə salınan görüşləri sadalamağa başlasaq, siyahı çox uzun olar”.

Nazirlik hesab edir ki, Ermənistan, həqiqətən, sülh istəyirsə, konkret addımlar atmalıdır.


“Azərbaycan danışıqlardan imtina edir, Ermənistanı açıq şəkildə suçlayır”

“Azərbaycan Ermənistanla danışmaqdan imtina edir və yeni müharibəyə legitimlik qazandırmaq üçün Yerevanı açıq şəkildə günahlandırır”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 27-də onlayn mətbuat konfransında bildirib.

Baş nazirin sözlərinə görə, sülhün bərqərar olması birtərəfli gündəm ola bilməz, bu, qarşılıqlı, konstruktiv bir hərəkat olmalıdır:

“Mənim qiymətləndirməm belədir: alternativ yoxdur, dünən də alternativ yox idi, sabah da alternativ olmayacaq. Buna görə də biz Ermənistan və regionumuz üçün dinc inkişaf erası açmaq üçün hər şeyi edirik və edəcəyik”.

Gözdən qaçırmayın:  Füzulidə polis minaya düşdü, ayağı amputasiya olundu

Ancaq Nikol Paşinyan dinc gündəmə alternativin yeni müharibə olduğunu vurğulayıb:

“Azərbaycan danışıqlardan imtina edir və Ermənistanı da danışıqlardan imtina etməkdə açıq şəkildə suçlayır. Bakı Ermənistan və “Dağlıq Qarabağa” qarşı yeni müharibəyə legitimlik qazandırmaq üçün sülh sazişi, sərhədlərin delimitasiyası və təhlükəsizliyi, regional kommunikasiyaların açılması məsələləri ilə bağlı görüşləri daim gecikdirir, təxirə salır və ya rədd edir. Azərbaycan yeni müharibəyə hazırlaşır, bu, qaçılmaz görünür, bunun üçün əlindən gələn hər şeyi edir”.

Baş nazir Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyunca yeni nəqliyyat marşrutunun tikintisinə də toxunub.

Onun sözlərinə görə, tikinti başa çatandan sonra bir sıra yaşayış məntəqələri Azərbaycanın nəzarətinə keçəcək.

O xatırladıb ki, marşrutun dəyişdirilməsi ilə bağlı ilkin razılıq Ermənistan, Azərbaycan və Rusiya dövlət başçılarının 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən əldə olunub.

“Berdzor, Aqavno və Sus qəsəbələrinin taleyi necə olacaq?” sualına Nikol Paşinyan belə cavab verib: “Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarına daxil olmayan həmin ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Biz Berdzor (Laçının mərkəzi) sakinlərinin problemini hökumətin qərarları ilə həll edirik. Onlar mənzillə təmin olunmalıdırlar. Bu gün Laçında faktiki olaraq ailələr yaşamır. Ağavno (Zabux kəndi) kəndinin sakinlərinin problemləri öz vəsaitləri hesabına həll olunacaq. “Artsax hökuməti”nin (Dağlıq Qarabağın erməni adı) Sus kəndinə gəlincə, bu barədə məndə heç bir məlumat yoxdur”.

İyunun 16-da Azərbaycanın Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılışında bildirmişdi ki, Ermənistan vəziyyəti gərginləşdirməyə çalışır:

“Biz Ermənistandan “Dağlıq Qarabağ”ın statusu ilə bağlı sözlər eşitməyə başlamışıq. Bu, tamamilə qeyri-məhsuldardır və Ermənistanın özü üçün təhlükəlidir”.

İlham Əliyev deyib ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati vahid mövcud deyil və Ermənistan tərəfinin bu məsələyə istənilən istinadı yeni qarşıdurmaya səbəb olacaq.

Siyasi şərhçi Zərdüşt Əlizadə Paşinyanın Azərbaycanı ittiham edən bəyanatının daxili auditoriyaya hesablandığı qənatindədir.

Əlizadə deyir ki, ölkə daxilində Nikol Paşinyanın siyasi vəziyyəti ağırdır və dayağı o qədər də möhkəm deyil:

“Baxmayaraq ki, parlamentdə dəstəyi var və cəmiyyətin əksər hissəsi onu dəstəkləyir. Amma 25 faiz 90-cı illərinin müharibəsində uğur qazanmış, azğın hissə Moskvadan göstəriş alıb ki, ən qəti addımlara gedərək Paşinyanı devirsinlər. Rusiyanın məqsədi odur ki, münaqişəni dondursun və əvvəlki kimi təsir imkanlarını saxlasın. Nikol Paşinyan da üstüörtülü şəkildə erməni cəmiyyətinə deyir ki, əgər müharibədən qazananları dəstəkləsəniz, yeni savaş ola bilər”.

Zərdüşt Əlizadə
Mənbə: AFU

Politoloqun sözlərinə görə, hazırkı vəziyyətdə hərbi-diplomatik baxımdan üstünlük Bakıdadır:

“Ermənistan da gerçəkliyi qəbul edib əsassız iddialarından əl çəkməlidir”.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə, Ermənistanın Azərbaycana ərazi iddiası etməyə başladığı dövrə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə baş verib. Sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən İkinci Qarabağ müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button