2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

O illərin dostluğu

Hərdən qarşıma 6-7 il əvvəl yaxın ünsiyyətdə olduğum, oturub söhbətləşdiyimiz, bir-birimizə gediş-gəlişimiz olan, hal-xətir saxladığım adamların adları, şəkilləri çıxır. Yadıma düşür ki, bu adamlarla normal münasibətim olub, bəzən doğum gününü qeyd etmişik, o məclisdə hamını tanımışam. Bir də baxıram ki, bu adam çoxdan dostluğumda yoxdur, onun barəsində çoxdandır heç nə eşitmirəm, indi də qarşıma çıxmasaydı, heç yadıma da düşməyəcəkdi.

Saytların yığılması Saytlarin yigilmasi

Özümə sual verirəm, yaxşı, deyək ki, məni başqa ölkələr, hadisələr, başıma gələnlər, iş yorub, əldən salıb, insanların çoxundan uzaqlaşdırıb. Bəs stabil həyat yaşayan, mən tanıyandan işini, evini, heç bir şeyini dəyişməyən bu adamlar necə uzaqlaşıblar? Bir də baxıram ki, yox, özümlə bağlı haqlı deyiləm, bu adamlar özləri ətrafımdan yoxa çıxıblar. Mən sadəcə sezməmişəm, fikir verməmişəm, amma onlarla, bəlkə də yüzlərlə insan məndən uzaqlaşıb.

Səbəbi isə aydındır. Qorxu. İşinə görə, özünə görə, karyerasına görə. Qorxublar, çıxış yolunu yoxa çıxmaqda, uzaqlaşmaqda görüblər. Mənsə sadəcə fərqində olmamışam. Çünki bu adamlarla 6-7 il əvvəl əyləncə dostu, maraq dostu, iş dostu olmuşam.

Çünki insanların başqaları ilə dostluqetmə səbəbləri müxtəlifdir. Məsələn, insanlar var, həyat sadəcə elə gətirir ki, onların ömürlərində heç nə baş vermir, həyatları stabildir, bir-birlərindən başqa elə də çox adam tanımayıblar, buna görə də dostluqları ömür boyu davam edib. Adamlar var ki, beyinləri dostluq edir. Onları oxuduqları, bildikləri, axtarışları, maraq dairələrində olan sahələr birləşdirir. Elə adamlar var ki, səviyyələri dostluq edir. Yəni insan olaraq xislətləri, mahiyyətləri oxşardır, onlara bir-biri ilə rahatdır, maraqlıdır.

Adamlar var ki, xəstəlikləri, vərdişləri, hobbiləri ilə dostluq edirlər. Narkotik asılısı olan admalar, alkoqol asılılığı olanlar, qumar xəstələri bir-birinə maraqlıdır. Eyni zamanda dağa dırmaşanlar, dalğıclar, marka toplayanlar bir-biri ilə həvəslə ünsiyyətdə olur, bir-birini axtarır.

Bir qrup insan da var ki, onlar vicdanları ilə bir-birinə dost olurlar. Bu adamlar bir-birindən savad, maraq, davranış baxımından, ən müxtəlif xasiyyətləri ilə fərqlənə bilərlər. Amma bu fərqli adamların dostluq etməsinə, bir-birinə maraqlı olmasına səbəb olan bircə şey var. Müəyyən məsələlərdə bu adamlar öz maraqlarına, ümumi rəyə, çıxara deyil, vicdanlarına qulaq asırlar. Bəlkə də qalan məsələlərdə bu adamlar bir-birinə bir qram da maraqlı deyillər, ortada onları birləşdirən ümumi cəhət – ədalətsizliklə barışmamaq kimi bir xasiyyət durunca, savadından, marağından, xasiyyətindən asılı olmayaraq, onlar birlikdə ola bilirlər, bir-birinə maraqlı ola bilirlər.

6-cı sinifdə bir yerdə oxuduğum bir oğlan var. Necəsə tanıyıb məni sosial şəbəkələrdən. Min yerə yazıb ki, biz bir yerdə oxumuşuq, sinif yoldaşı olmuşuq, indi tapdım səni, mənə cavab ver. Girib şəkillərinə, paylaşımlarına baxıram. Görürəm ki, orta statistik vətəndaşdır. Siyasətlə maraqlanmır, dünyadan xəbəri yoxdur, muskul yığıb, bədən şişirdib. Düşünürəm ki, tutaq ki, mən bu adama cavab verdim, hə, salam, sağ ol. Sonra? Sonra bu adamla nə danışacam? Harda işlədiyimi biləndə, başıma gələnləri biləndə, ölkəmdən qaçaq düşdüyümü, həmkarlarımın həbs olunduğunu, dostlarımın yarısının ya həbsdən çıxdığını, ya da indi həbsdə olduğunu biləndə nə edəcək? Qəfil yoxa çıxacaq, məni dostluqdan siləcək. Qorxudan gizlənəcək. Mən axı ona niyə enerji, vaxt sərf etməliyəm?!

Bir də, axı o illərdəki biz olaraq dost olmuşuq. İndi biz başqa-başqa adamlarıq. İndi bizi daha heç nə birləşdirmir. İndi nə o özü, nə o illər mənə qətiyyən maraqlı deyil. Necə ki, indi ətrafımdan yoxa çıxan onlarla adam lap görüşmək istəsə, danışmaq, ünsiyyət qurmaq istəsə, mənə maraqlı deyillər, onlarla danışmağa sözüm olmayacaq axı.

Hərdən bəzi dostlarım yadıma düşür. Yadıma düşür ki, onlar necə mədəni, yaxşı, pozitiv insanlar idi. Yadıma düşür ki, o vaxt mənə onlarla necə xoş idi. Amma indi o adamları görsəm, bir yerdə otursaq, 5 dəqiqədən artıq heç nə danışa bilmərəm onlarla.

Sonra da firkilərşirəm ki, bəlkə bədbəxtlik elə budur…

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button