2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ölməyib, amma yaşamır…

Qabil Abbasoğlu

Bir həmkarımız yazmışdı ki, bu gün mətbuatın ən çox tənqid olunduğu gündür. Milli mətbuat günü. Bəlkə də belə daha doğrudur, hər bir təsisat, institut, qurum öz yarandığı gün, Anadolu türkləri demiş, ələşdirilməli, yaxşısı-pisi deyilməli, bir növ hesabat verməlidir. Hazırıqmı hesabat verməyə?

Azərbaycan unikal bir yerdir. Yox, doqquz iqlim qurşağı… söhbətini demirəm. Bizdə əksər, həm də ən vacib şeylərin adı var, özü yoxdur. Məsələn, beynəlxalq seçki sistemlərinə inteqrasiya, təcrübə mübadiləsi, büdcədən seçki təlimlərinə, seçkinin təşkilinə, seçki qurumlarının saxlanılmasına böyük vəsaitlər ayrılır, amma ortada real seçim yoxdur. 

Beynəlxalq təşkilatlara üzv olmaq üçün nə qədər pullar xərclənir, lobbiçilik, təbliğat, səfərlər, müzakirələr, hətta bəzən mübarizələr… Amma sonunda bu qədər əziyyətlə üzv olduğumuz qurumun tələb və tövsiyələrini lazımsız bir şey kimi kənara atıb, yenə öz bildiyimiz yolla gedirik. 

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Avropa Şurasına üzv olanda da eyni əziyyətlər çəkildi, az qala ölüm-dirim məsələsinə çevrilmişdi. Üzv olduq, elə orda da qaldı. Avropa Şurasının Venesiya komissiyası deyilən bir qurumu var. Azərbaycanda qəbul olunmuş “Media haqqında” Qanuna, yumşaq desək,.. mənfi rəy verib. Amma nə olsun?! Media Agentliyi Komissiyanın rəyini haqsız çıxaran bir açıqlama da yaydı, iş bitdi. Əsas odu, qanunumuz var, necəliyi sonrakı məsələdi.

Mən də o fikirdəyəm ki, medianın vəziyyətini, fəaliyyət şərtlərini heç də həmişə qanunlar müəyyən etmir. Gerçəklik, real proseslər elə bir yerə gəlib çıxır ki, tez-tələsik qanunu reallığa uyğunlaşdırmalı oluruq. Belə təcrübələri biz də çox yaşamışıq, başqa cəmiyyətlərdə də olub. Adi bir misal: 2000-ci illərin əvvəllərində də mətbuat qanunvericiliyi xeyli dərəcədə məhdud, yeni tendensiyalara uymayan, beynəlxalq standartlardan fərqli bir baza idi. Amma reallıq başqa idi – söz və ifadə azadlığı indikindən geniş, jurnalistika ciddi inkişaf tempində, mütərəqqi təşəbbüslər bol, umidlər böyük… 

Getdikcə mətbuat institut kimi böyümək və özünü təsdiq etmək əvəzinə, “4-cu hakimiyyət” olmaq yolunda addımlamaq yerinə, 1-ci hakimiyyətin kölgəsinə, alt qurumuna, hətta xidmətçisinə çevrildi. Kim qazandı bundan? Deyəcəksiniz ki, elə 1-ci hakimiyyət qolunun özü. Xeyr. Mətbuat oxucudan, cəmiyyətdən başqasına xidmət edirsə, o cəmiyyətdə nə oxucu, nə mətbuat, nə də hakimiyyətin qolları, əlləri, ayaqları qazanclı ola bilməz. Bu gün sabitlik və inert informasiya mühiti kimisə rahat edə, kiməsə maddi baxımdan nələrsə qazandıra bilər. Amma zamanla hamımız nələri itirdiyimiz anlayacağıq – hətta medianın inkubator sənayesinə cevrilməsindən sərvət qazanıb özünə gün ağladığını düşünənlər də…

20 il əvvəl jurnalistika cəmiyyətin ən vacib institutlarından biri idisə, indi tənə yeri olub. Hökumətin sinsitdiyi, sıraya düzüb nomenklatur sistemə çevirdiyi media məhz öz əzəli funksiyalarını yerinə yetirə bilmədiyi üçün hamı tərəfindən – daxildən də, xaricdən də tənqid, qınaq, istehza eşidir. Media qurumları hörmətini, jurnalistlər avtoritetini, mətbuat anlayışı isə bütövlükdə əzəli mənasını itirir. Belə cəmiyyətlər heç vaxt yaxşı və dayanıqlı gələcək qura bilməyiblər – tarix var, təcrübə var. 

Dinəndə də “dövlət hər cür dəstək verir də, daha nə istəyirsiniz” eyhamı ilə üzləşirsən. Bir şeyi nəzərə almırıq ki, DOVLƏT JURNALİSTLƏRƏ VƏ JURNALİST QURUMLARINA DEYİL, JURNALİSTİKAYA DƏSTƏK VERMƏLİDİR.  Bu nə deməkdir, bilənlər bilir. Jurnalistikaya dəstək – informasiyanın toplanması azadlığı, əlçatanlıq, hüquqların geniş təminatı, iqtisadi azadlıqların, reklam bazarının mövcudluğu deməkdir. Media özü özünü ayaqda saxlayan sosial instituta çevrilməlidir. Tezislə idarəetmə, xor mediası, nomenklatur sistem, siyahılar və vatsap qrwupları sonu olmayan işdir. 

Professor Şirməmməd Hüseynov deyirdi ki, ölmək qorxulu deyil, yaşamamaq qorxuludur. Jurnalistikamız ölməyib, amma yaşamır. Redaktorlar ancaq hökumət tədbirlərində toplaşırlar. Mediada həyat, həyatda isə media qalmayıb.

Azadlığın, müstəqilliyin olmaması bu dərəcədə təhlükəli və risklidir. Buraxın medianı, siz azad olun, media müstəqil. 

Bayramınız mübarək deyərdim…

24 saat” “Ölməyib, amma yaşamır…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button