2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Parlamentdən #icazəlimediaistəmirik kampaniyasına reaksiya

Deputat Qərbin sifarişi sayır, media təmsilçiləri qanunu mürtəce adlandırır

Milli Məclisin fevralın 17-də keçirilən iclasında deputat Sahib Əliyev “Media haqqında” Qanun və reyestrə qarşı çıxan müstəqil jurnalistlərin son zamanlar apardıqları etiraz kampaniyasından danışıb.

O, bu kampaniyanı Qərblə, əsasən də Fransa hökumətinin Azərbaycana təzyiqi ilə əlaqələndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Hökumətin dəstəklədiyi media da bir müddət öncə hazırladıqları materiallarda kampaniyanın vaxtından yazmışdılar. Hətta o zaman kampaniya İranla əlaqələndirilmişdi.

Həmin vaxt müstəqil media nümayəndələri açıqlamalarında bildirmişdilər ki, əslində, məsələnin yenidən gündəmə gəlməsi həm də qanunun tətbiqinə başlanılması və Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovun açıqlaması olub.

Əhməd İsmayılov həmin açıqlamada bildirirdi ki, reyestdən keçməyən  medialar məhkəməyə veriləcək:

“Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”.

Əhməd İsmayılov
Əhməd İsmayılov, Foto: Azertac

“Qərbdəki yeni çevrələr qanundan Azərbaycana qarşı istifadə etməyə çalışırlar”

Deputat Sahib Əliyev həmçinin qeyd edib ki, Qərbdəki yeni çevrələr “Media haqqında” Qanundan Azərbaycana qarşı istifadə etməyə çalışırlar:

“Yoxsa, qanunun qəbulundan aylar keçməsinə baxmayaraq, Avropa İttifaqının (Aİ) Bakıdakı səfiri Peter Mixalko (Peter Michalko) müstəqil jurnalistlərlə görüş keçirməz. Peter Mixalko Azərbaycanda təsir altında olan və yaxud agenti gözündə görülən jurnalistlərlə qapalı məsləhətləşmələr keçirib. Həmin görüşdə Azərbaycanda guya söz azadlığının yetərincə olmaması, bunun aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb. Məqsəd aydındır, Ermənistana missiya, jandarma göndərməyin davamına xidmət edən siyasətdir”.

Deputat əlavə edib ki, bu dinləmələri təşkil edənlərin məqsədi Azərbaycanda söz və media azadlığı ilə bağlı qayğılardan irəli gəlmir: ““Media haqqında” Qanun, əlbəttə, ideal deyil, lakin bundan əvvəlki qanunlardan daha təkmildir. İndidən sonra təzədən qanunla bağlı belə addımların atılmasının nəyə xidmət etdiyini mən açıq dedim”.

Sahib AlıyevSahib Alıyev
Foto: Arxiv

“Soros Azərbaycanı unutdu, bizim hökumət mirzələri onu unutmadı”

“Toplum TV”-nin baş redaktoru Xədicə İsmayılova deyir ki, Avropa Birliyi nümayəndəliyində medianın vəziyyəti ilə bağlı görüş keçirilib.

Məqsəd #icazəlimediaistəmirik kampaniyası ilə bağlı müstəqil media nümayəndələrinin mövqeyini eşitmək olub:

“Avropanın bir neçə ölkəsinin, ABŞ və Kanadanın səfirliklərinin əməkdaşları oradaydı. Əlbəttə, könül istərdi ki, imkan ola, hər şeydən danışaq, amma ancaq mürtəce media qanunundan danışdıq. O ki qaldı Fransaya, təəssüf ki, o səfirliklə xüsusi ünsiyyətim yoxdur”.

Xədicə İsmayılova bildirib ki, Fransa səfirliyinə 2-3 ay əvvəl müsahibə üçün müraciət edib, heç hələ cavab ala bilməyib:

“Yəni müsahibə vermirlər. Yəqin Legion ordeni verdikləri Birinci vitse-prezidentin xətrinə dəymək istəmirlər. Fikir vermisinizsə, ümumiyyətlə, səfirlər ancaq hökumət kanallarına müsahibə verir. Soros müəllim mövzusu da bir ayrı məzhəkədir. Corc Soros Azərbaycanı unutdu, bizim hökumət mirzələri onu unutmadı. Nə Soros e, Soros qalıb?”

Xədicə İsmayıl. Foto: Meydan TV

Xədicə İsmayılova əlavə edib ki, İkinci Qarabağ müharibəsindən bəri bir çox beynəlxalq təşkilatla münasibəti pozulub.

Bəzilərinin sərgilədiyi mövqeyə o, təhəmmül etməyib, bəziləri isə onun mövqeyinə təhəmmül edə bilməyib:

“Amma Əliyev rejiminə münasibətim stabildir, dəyişməyib, çünki onlar da dəyişmir. Oğurlayırlar, siyasi repressiya ilə məşğuldurlar, insanları azadlıqdan və imkanlardan məhrum edib, ailələrini varlandırırlar. Avropanın da üzü dönükdür, öz maraqları üçün Əliyev kimi diktatorlara qucaq açır. Odur ki, onlara da güvənmirik. Doğru bildiyimizi etməkdə davam edirik. Yaşamağın ən doğru yolu budur çünki”.

“Biz müstəqil medianı, media azadlığını diffamasiyadan qorumağa çalışırıq”

Bir müddət öncə “Facebookda” media üzrə ekspert Ələsgər Məmmədli bir ölkə üçün, onun vətəndaşları üçün niyə medianın müstəqilliyinin önəmli olması ilə bağlı geniş izah vermişdi.

Hüquqşünas bildirmişdi ki, müstəqil mediaya kimsə sifarişlə yazı yazdıra, “istiqamət” verə bilməz, çünki müstəqil media öz azadlığına düşkündür, ələbaxımlı olmağı qəbul etməz:

“Müstəqil jurnalist öz şəxsiyyətinə hörmət edəndir, dürüstdür, tərəfsizdir, qərəzsizdir, adildir, obyektivdir, balanslıdır, işgüzardır. O nəinki sifarişlə yazı yazmaz, hətta sifarişi özünə təhqir hesab edib, bunu ictimailəşdirərək ictimai qınağa çəkər. Həmçinin müstəqil jurnalist hüquqa və etikaya hörmət, əməl edər. Heç kimin mənafeyinə qəsdən, qərəzli ziyan vurmağı hədəfləməz. Faktı olmadan öz yuxularını, “fakt” kimi cəmiyyətə sırımağa qalxmaz. İnsanların nüfuzunu əsassız və qəsdən bir sifarişlə ləkələməz, insanlara çamur atmaz”.

Ələsgər Məmmədli qeyd edir ki, müstəqil jurnalist həmçinin propoqandaya alət olmaz, yalan xəbər tirajlamaz, “yuxarıdan” gələn əmrlərlə xora qoşulub, qaralama kampaniyasında iştirak etməz, şəxsiyyətini, peşə nüfuzunu qoruyar. Eyni zamanda, müstəqil jurnalist “çörək” xətrinə təmiz adamlara böhtan atmaz, minnətli çörək yeməz, yalnız halal əməyinə güvənər:

“Müstəqil jurnalist, haqqında yazdığı şəxsin gözünün içinə baxaraq doğruları söylədiyindən qürur duyar və haqsızlığa, ədalətsizliyə müticə boyun əyməz. Yalnız haqqın və haqlının yanında durar. Bəli, mən müstəqil medianı və müstəqil jurnalistikanı dəstəkləmişəm, dəstəkləyirəm və dəstəkləməyə davam edəcəyəm”.

Ələsgər Məmmədli. Foto: Meydan TV

Hüquqşünas qeyd edir ki, bütün bunlara görə müstəqil mediaya, müstəqil jurnalistikaya son verməyi hədəf seçən, jurnalistikanı və medianı “ipoteka” altına alan bütün hökumət qərarlarını, qanunları, icrayi fəaliyyətləri daim tənqid edəcək. Doğruları söyləməyə və göstərməyə davam edəcək:

“Yaxşı olardı ki, sifarişli yazı yazdıran, direktivlər göndərənlər də öz “qələmşorlarına” başa salsın ki, biz  müstəqil medianı, media azadlığını diffamasiyadan qorumağa çalışır, bu istiqamətdə qanun layihələri yazıb, təkliflərlə çıxış edib mütəmadi müstəqil medianı və müstəqil jurnalistləri müdafiə edir, edəcəyik. Propoqandistləri, sifarişlə “mirzə”lik edənləri, jurnalistika adının arxasında gizlənib, qarayaxma, böhtan, təhqir, iftira atanları nə dəstəkləyir, nə də adam hesab edirəm”.

Azərbaycanın müstəqil media nümayəndələri media reyestri ilə bağlı qanuna dəyişiklik edilməsi ilə bağlı “icazəli media istəmirik” kampaniyasına başlayıb.

Reyestrin mahiyyətcə lisenziya, icazə rolunu oynayacağını düşünən jurnalistlər bildirirlər ki, bu, Azərbaycan Konstitusiyasına ziddir.

Kampaniyadan öncə Azərbaycanın müstəqil jurnalistləri və media mütəxəssisləri “Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi nəticəsində ortaya çıxan problemlərlərlə bağlı mövqe sənədi də imzalamışdı.

Qanun nə vaxt qəbul olunub?

2021-ci ilin sonunda Azərbaycanda “Media haqqında Qanun” parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.

2022-ci ilin fevralında ölkə başçısının qanunu təsdiqləməsilə qüvvəyə minib. Yeni qanun media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.

Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.

Ölkənin müstəqil jurnalistləri və media sahəsinin mütəxəssisləri düşünür ki, “Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir.

Qanunun qəbulu, təsdiqi ərəfəsində də müstəqil jurnalistlər buna etirazlarını bildirib, hətta iki dəfə Milli Məclisin önündə etiraz aksiyası keçiriblər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button