Loading...
Loading...
SEÇMƏ

Putin: “NATO Finlandiya və İsveçdə infrastruktur qursa, cavab verəcəyik”

Yayımlandı: 30 İyun 2022 11:57

“Aramızda hər şey yaxşı idi, amma indi bəzi gərginliklər ola bilər”

Rusiya Prezidenti Vladimir Putin iyunun 29-da Finlandiya və İsveçin NATO-ya qoşulmasına münasibət bildirib.

O deyib ki, Finlandiya və İsveç alyansa qoşulduqdan sonra NATO bu ölkələrə qoşun və infrastruktur yerləşdirərsə, Rusiya buna bənzər cavab verəcək.

“İsveç və Finlandiya ilə bizim problemimiz yoxdur. Onlar NATO-ya qoşulmaq istəyirlər, davam etsinlər”, – Putin Türkmənistanda regional liderlərlə görüşdən sonra Rusiya dövlət televiziyasında belə deyib.

“Ancaq onlar başa düşməlidirlər ki, əvvəllər heç bir təhlükə olmayıb, indi isə hərbi kontingentlər və infrastruktur ora yerləşdirilsə, biz eyni cür cavab verməli və bizə qarşı təhlükələrin yarandığı ərazilər üçün eyni təhlükələri yaratmalı olacağıq”.

Onun sözlərinə görə, Moskvanın Helsinki və Stokholmla münasibətləri onların NATO-ya üzv olmasından sonra gərginləşə bilər.

“Aramızda hər şey yaxşı idi, amma indi bəzi gərginliklər ola bilər, mütləq olacaq”, – deyə Rusiya Prezidenti bildirib.

Putin bunu NATO üzvü Türkiyənin Finlandiya və İsveçin alyansa qoşulmaq təklifinə verdiyi razılıqdan və üç ölkənin bir-birinin təhlükəsizliyini qorumaqla bağlı birgə bəyanatından sonra deyib.

O əlavə edib ki, Moskvanın Ukraynada keçirdiyi “xüsusi hərbi əməliyyatı”n məqsədləri dəyişməz qalıb.

Burada yeganə məqsəd Ukraynanın şərqindəki Donbas bölgəsini “azad etmək” və Rusiyanın təhlükəsizliyini təmin etməkdir.

O, Rusiya qoşunlarının Ukraynada irəlilədiyini və hərbi müdaxilənin planlaşdırıldığı kimi getdiyini bildirib.

Onun sözlərinə görə, kampaniyanın dayandırılması üçün son tarix təyin etməyə ehtiyac yoxdur.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  “Azərxalça”nın sabiq sədrinin ailəsi 30 milyonluq əmlakını geri tələb edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button