SEÇMƏ

Qərb eksperti: Qarabağ məsələsində Rusiyanın təsiri zəifləyib

Yerevan küçələrində müxalifətin etirazları nə ilə nəticələnə və Qarabağ danışıqlarına necə təsir edə bilər?

Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsindən, Türkiyə ilə sərhədlərin açılmasından danışarkən, keçmiş prezidentlər Robert Koçaryanın və Serj Sarkisyanın parlamentdəki fraksiyaları deyirlər ki, baş nazir Azərbaycana güzəşt etmək istəyir və onlar buna görə də onun istefasını tələb edirlər.

ABŞ-da region üzrə təhlilçi Pol Qobl deyir ki, hazırda Ermənistanda baş verənlər ən azı Rusiyanın Paşinyana mesajıdır ki, bir az yavaşısın və limitlərini bilsin.

Qeyd edək ki, Ermənistanın hər iki keçmiş prezidenti Rusiya ilə daha yaxın münasibətlərin tərəfdarları olan siyasətçilər kimi tanınırlar. Pol Qobl qeyd edir ki, artıq Qarabağa dair danışıqlar üzərində Rusiyanın təsirinin zəiflədiyi hiss edilir:

“Hələ ki, Paşinyanın sülh müqaviləsi ilə bağlı mövqeyində dəyişiklik üçün səbəb görünmür. Amma Ermənistan hökumətinin daxilində narazılıq başlasa, hər şey ola bilər. Hətta Paşinyanın devrilməsi də mümkündür. Amma hələ ki, bunu deməyə əsas yoxdur. Məncə, bütün bunlar siyasi mesajdır, nəinki Paşinyanı devirmək cəhdi. Paşinyan da axmaq deyil, o da anlayır ki, onun edə biləcəklərinin limitləri var. Bu da həmin limitləri Paşinyana xatırlatmaqdır ki, addımlarını ehtiyatla atsın. Yəqin ki, sülh müqaviləsinin imzalanmasını ləngitmək müxalifətin əldə edə biləcəyi ən yaxşı nəticə ola biləcək”.

Amma Yerevanda siyasi şərhçi Ruben Mehrabyan deyir ki, bu müxalifət elə zəifdir ki, Paşinyanı yerindən tərpədə bilməz və xalq öz seçdiyi liderinin arxasında duracaq:

“Mən bunu xalqın əhval-ruhiyyəsinə baxıb deyə bilərəm. Ermənistan cəmiyyəti öz seçdiyi lideri qorumaqda qərarlıdır. Bizim vətəndaşların bu itəatsizliyə münasibətini görürəm. Müxalifətin çağırışlarının heç bir sosial əsası yoxdur. Tarixi olaraq, Azərbaycan, TürkiyəErmənistan bir regionda mövcud olublar. Tarixi perspektivdə bu ölkələrin sülh şəraitində yaşamasının alternativi mövcud deyil”.

“Putinə hədiyyə”

Yerevanda müxalifətin etiraz aksiyalarına rəhbərlik edən liderlərdən biri İşxan Saqatelyan isə mayın 4-dəki bəyanatında deyib ki, Paşinyanın apardığı danışıqlar müxalifət üçün qəbulolunmaz olaraq qalır. O baş nazir Nikol Paşinyanın Azərbaycanla apardığı Qarabağ danışıqlarını təslimçilik adlandırır və əlavə edir ki, onlar Paşinyanın kapitulyasiyanı başa çatdırmasına imkan verməyəcəklər:

“Biz Azərbaycanı müharibəyə təhrik etməyəcəyik. Biz Türkiyə və Azərbaycanla danışıqları dayandırmayacağıq, amma biz danışıqlarda ona görə iştirak etməyəcəyik ki, soruşaq görək qarşı tərəfin nəyə ehtiyacı var, ona görə iştirak edəcəyik ki, öz ölkəmizin maraqlarını doğrudan da qoruyaq. Deyə bilərsiz ki, Nikol Paşinyan da belə deyir. Əslində isə o, belə demir”.

Gözdən qaçırmayın:  Heç yeri idi? - Blinken koronavirusa yoluxub

Ermənistanlı təhlilçi Ruben Mehrabyan isə deyir ki, bu etiraz aksiyalarında Rusiyanın barmağı var. Yəni, rusiyayönlü Koçaryanla Sarkisyan istəyirlər ki, Ukraynada uğursuz olmuş Rusiya prezidenti Vladimir Putinə bir növ təsəlli olaraq Ermənistandakı ixtişaşları hədiyyə versinlər.

Yerevanda etirazlar mayın 1-dən başlayıb. Müxalifət tərəfdarları bazar günündən bəri Yerevanın Fransa meydanında çadır qurublar. Azatutyunun məlumatına görə, nümayişlərdə 200-dən çox etirazçı saxlanıb.

Ermənistan və Azərbaycan 2020-ci ildə atəşkəs sazişi imzalasalar da, hələ yekun sülh müqaviləsi yoxdur, amma tərəflər sülh danışıqlarına başlamağa hazır olduqlarını deyiblər. (Azadlıq Radiosu)

24 saat” “Qərb eksperti: Qarabağ məsələsində Rusiyanın təsiri zəifləyib” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button