2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qafqazda “şahzadə dövləti”, inqilab hazırlayan xan oğlu, baş tutmayan ilhaq… – YENİ LAYİHƏ

1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətini elan etməsi azərbaycanlıların bir millət kimi formalaşma mərhələsinin məntiqi yekunudur. Bu cümhuriyyətin adı, atributlarındakı ideoloji simvolları və dəyərləri, əsrlər keçsə də, onun bayrağının kölgəsində yaşayanları bir və möhkəm saxlayacaqdır. Yalnız və yalnız cümhuriyyət dəyərləri illərdir arzusunda olduğumuz, xəyalını qurduğumuz azad, firavan və bütöv Azərbaycana gedən yolun xəritəsi sayıla bilər. 

Lakin istiqlalının üzərindən 105 il keçməsinə rəğmən hələ də AXC ilə bağlı bəzi həqiqətlər ölkə ictimaiyyətinə məlum deyil. Obyektiv və subyektiv səbəblərdən doğan bu naməlumluq bir çox spekulyasiyaların yaranmasına, ittihamların, iddiaların səslənməsinə səbəb olur. “Pressklub.az” saytında tariximizin bu şərəfli çağına yenidən və fərqli mənbələrin vasitəsilə işıq salmaq üçün “Cümhuriyyət həqiqətləri” layihəsinə başlayırıq. Niyyətimiz mövcud şəraitdə mümkün qədər obyektiv mənbələrə istinad etməklə doğru-dürüst məlumatları oxucu ilə bölüşməkdir. 

Layihə çərçivəsində ilk yazımız 20-ci əsrin əvvəlində Azərbaycanda ilk inqilab planları, bu məsələdə ilk təşəbbüsün, ideyanın kim tərəfindən irəli sürülməsi barədədir.  

Saytların yığılması Saytlarin yigilmasi

***

Nicat İsmayılov

XX əsrin əvvəllərindən etibarən Çar Rusiyasının süqutunun sürətlənməsi ilə birlikdə Qafqazda siyasi hərc-mərcliyin, etnik münaqişələrin şiddətlənməsi azərbaycanlıların öz hüquq və təhlükəsizliklərini qorumasını zərurətə çevirmişdi. Bunun yolu isə siyasi təşkilatlanmaq və vahid dövlət yaratmaq idi. Beləliklə, bütün Qafqaz xalqları kimi, azərbaycanlılar da bu istiqamətdə çalışmağa, mübarizə aparmağa və siyasi-diplomatik addımlar atmağa başladılar. 

Qafqazda bir türk dövləti yaratmaq ideyası bir çox ziyalıların düşüncələrində və yazılarında mövcud idi. Lakin bu istiqamətdə ilk real siyasi cəhdi AXC-nin ilk hökumət başçısı Fətəli Xan Xoyskinin qardaşı oğlu Əmiraslan Xan Xoyski edib. 

Əmiraslan xan Xoyski

Sözügedən hadisə Birinci Dünya Müharibəsində Osmanlı və Rusiya arasında gedən ən qanlı döyüşlər dövrünə təsadüf edir. 1915-ci ilin fevralında Əmiraslan xan gizli yolla cəbhə xəttini keçərək, Ərzuruma gəlir. Burada Almaniya konsulu və Ərzurum valisi ilə görüşür. O, özünü Difai Partiyasının İcraiyyə Komitəsinin sədri kimi təqdim edir. Ərzurum valisi İhsan bəyə Qafqaz müsəlmanlarını Rusiya əleyhinə inqilaba qaldırmaq üçün planları olduğunu bildirir. Bunları təqdim və müzakirə etmək üçün Hərbiyyə naziri (Müdafiə naziri) Ənvər Paşa ilə görüş təşkil etməsini rica edir.

Osmanlı Daxiliyyə Nəzarəti (Daxili işlər Nazirliyi) Əmiraslan xan haqqında tədqiqat aparır. “Difai” üzvü olması səbəbilə onun kimliyi barədə məlumat verməsi üçün Əhməd bəy Ağaoğluna müraciət edilir. Ağaoğlu Xoyskilərin etibarlı nəsil olduğunu və Əmiraslan xana etimad edilə biləcəyini bildirir.

Nəticədə Əmiraslan xan Xoyski Ənvər paşa tərəfindən qəbul edilir. Danışıqlarda o, Ənvər paşaya Qafqazda bir çox millətlərin daxil olduğu “İsveçrə tipli” müstəqil dövlət qurulmasını təklif edir. Xoyskinin bu səfərdə əsas məqsədi Bakı, Yelizavetpol, İrəvan quberniyaları ilə Terek və Dağıstanı əhatə edəcək bir dövlətin qurulması işinə Osmanlı dövlətinin razılığını və yardımını almaq idi. Ənvər paşaya təqdim edilən layihədə Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsindən deyil, burada müstəqil bir dövlətin yaradılmasından söhbət gedirdi. Bunun müqabilində Xoyski Qafqazda yüz minlərlə müsəlmanın Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bildirib, Dağıstan və Cənubi Qafqaz müsəlmanlarını çara qarşı üsyana qaldırmağa söz verirdi. 

Cəmi bir ay öncə Sarıqamış fəlakətini yaşamış olmasaydı, Ənvər paşa bu layihəyə etibar etməzdi. Çünki Ağaoğlu öz raportunda “Difai”nin artıq fəaliyyət göstərmədiyini bildirmişdi. Demək, Xoyskinin Qafqazda müsəlmanları birləşdirəcək bir təşkilatı mövcud deyildi. Əhməd bəy onu da demişdi ki, Xoyski ailəsi Gəncədə məşhurdur. Deməli, Əmiraslan Xan bir üsyan hazırlayacaqdısa, mütləq bunun mərkəzi Gəncə olmalı idi. Gəncə isə o dövrdə hərbi rejimlə idarə edilirdi.

Bütün bunlara rəğmən, Paşa bu planı məqbul saydı. Ənvər Paşanın hədəfi Qafqazda Rusiya və Osmanlı dövləti arasında bufer rolunu oynayacaq və İstanbuldan idarə olunacaq bir dövlətin yaradılması idi. Osmanlı hakim dairələrinin yekun mövqeyinə görə, Türkiyənin himayəsində olacaq bu “İslam dövləti” Osmanlı şahzadəsinin idarəsində olmalı idi. 

Paşa planı məqbul saymışdı, amma ordu cəbhədə ardıcıl məğlubiyyətlərə uğrayırdı. Xoyski Türkiyədə olduğu dövrdə Osmanlının xeyli zəiflədiyinin fərqinə varmışdı. Ona görə də Əmiraslan Xan “ikili oyun” apardı. Osmanlı və Almaniya ilə paralel danışıqlar aparıb, hər iki tərəfə də eyni təklifləri verdi. 

Tədricən Osmanlıdan ümidi kəsən Xoyski 1915-ci ilin sentyabrında İstanbula gedərək, Almaniyanın səfiri baron von Vangenheym ilə də müsəlmanların Rusiyaya qarşı ayağa qaldırılması və Qafqazın gələcək statusu ilə bağlı danışıqlar apardı. Danışıqların sonunda Xoyski von Vangenheymdən Qafqazın müstəqil olacağına dair təminat ala bildi. Amma bu təminat Qafqaz müsəlmanlarının Rusiyaya qarşı üsyanı uğurla nəticələndiyi və Almaniya-Osmanlı bloku müharibədən qalib çıxdığı təqdirdə keçərli olacaqdı. Bu isə heç vaxt baş tutmadı. Cəbhədə Almaniya və Osmanlının ardıcıl məğlubiyyətləri nəticəsində Əmiraslan xan Xoyskinin “İsveçrə modelli Qafqaz dövləti” planı iflasa uğradı. 

Bəs bütün səyləri ilə Əmiraslan xan Xoyski istiqlal hərəkatına start verən ilk siyasi xadim sayıla bilərmi?

Əlbəttə, xeyr. Çünki onun “Qafqaz dövləti” təklifi İttihad və Tərəqqi hökuməti tərəfindən yalnız bir şərtlə məqbul sayılmışdı: “Dövlət Osmanlı şahzadəsinin iradəsinə tabe olacaq”dı.

Bu isə istiqlal yox, ilhaq idi. Əmiraslan xan Xoyski cümhuriyyətin qurulmasından sonra belə ilhaqçı mövqeyindən imtina etmədi…

İstifadə olunmuş mənbələr:

“Azerbaycan Cümhuriyyeti 1918-1920. Osmanlı Arşiv Belgeleri.

“Azerbaycan Cümhuriyyeti 1918-1920. Osmanlı Basınında

“Birinci Dünya Müharibəsi İllərində Osmanlı İmperiyasının Azərbaycan Siyasəti”

The post Qafqazda “şahzadə dövləti”, inqilab hazırlayan xan oğlu, baş tutmayan ilhaq… – YENİ LAYİHƏ appeared first on 24 saat.

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button