Loading...
Loading...
SEÇMƏ

Qonşun pisdir? Köç qurtar!

Həm erməninin qonşusu, həm azərbaycanlının qonşusu pisdir

Bir azdan müharibənin qurtarmasının iki ili tamam olacaq. Qarabağdan vaxraşırı gələn itki xəbərləri deyir ki, müharibə qurtarmayıb, yuxarıların əhalini aldatmaq məqsədilə tez-tez ötkəm tərzdə təkrarladıqları “münaqişə qurtarıb” ifadəsini yeni şəhidlər öz dəyərli həyatları hesabına dəyərdən salır.

Bəli, münaqişə tükənməyib. Qarabağda rus qoşunu yerləşib, oradakı 35-50 min civarında erməni əhalisini rus hərbi gəmisinin lövbəri kimi qoruyub saxlayırlar. Kim? Asanlıqla demək olar ki, Rusiya. Fəqət acı həqiqət deyir ki, həm də bütöv Qərb “erməni məsələsi” qumarından əl çəkmək istəmir. Rusiya indi Qərblə bütün sahələrdə ciddi ziddiyyət yaşayır, lakin bir məsələdə fikirləri haçalanmır: erməni kartını əldən vermək istəmirlər. Sadəcə bu kartı Rusiya istəyir, öz əlində tək saxlasın, fəqət Qərb israrla deyir: çəkil kənara, biz də oynamaq istəyirik. Bəli, əhalimizin bir hissəsinin büt kimi sitayiş etdiyi Qərb erməni kartından siyasi qumarda istifadə edib, edir və edəcək.

Münaqişə niyə sona yetmir? Üzdə onun sona yetməsi üçün bütün şərtlər təmin olunub: münaqişənin bir tərəfinin ordusu darmadağın edilib, Ermənistan Respublikasının Azərbaycan Respublikasının hərbi, maliyyə və bəşəri qüdrəti qarşısında duruş gətirməyə imkanı yoxdur. Deməli, Azərbaycan qalib tərəfdir? Belə düşünənlər bəlkə də bir tərəfdən haqlıdırlar. Lakin eyni zamanda bir suala cavab vermək lazımdır: Azərbaycan ordusu nə üçün Xankəndinin girəcəyində dayandı?

Cavab aydındır: Azərbaycandan qat-qat qüdrətli qüvvələrin müdaxilə təhlükəsi ordumuzu dayandırdı. Özü də bu qüvvə tək Rusiya deyildi. Qərb də marıtlayıb burnunu Cənubi Qafqaza soxmağa hazır idi. Əvvəl BMT qətnaməsi ilə, sonra qoşunu ilə.

Keçənə güzəşt deyərlər. Yeni şərait yeni yanaşma tələb edir. Nə biz, nə erməni qonşunu özümüz seçməmişik. Ermənilərə Astvats cəza kimi türkləri, bizə Allah-taala cəza kimi erməniləri verib. Olanımız və olanları budur. Çarə yoxdur. Bu məqamda “qonşun pisdir, köç qurtar” məsəli işləmir.

Bizdən də, onlardan da köçmək istəyənlər çoxdan köçüb gedib. Qalanlar isə münaqişədən təngə gəlib çərləyir.

Çıxış varmı?

Çıxış haradadır?

Çıxış bizim içərimizdə, beynimizdə, təfəkkür tərzimizdədir. Özü də tək bizim yox, həm də eyni zamanda ermənilərin beynindədir. Çıxış tapmaq istəsək, gərək birgə axtaraq. Biz tapsaq, onlar tapmasa, xeyri yoxdur. Onlar tapsa, biz tapmasaq, yenə faydasızdır. Barış tanqosunu, sülh oyununu ikilikdə oynamaq lazımdır. Rus təsirindən, rus ordusundan xilas olmaq istəyiriksə, barışmalıyıq, qarşılıqlı etimadı bərpa etməliyik. Yalnız bu halda erməni-azərbaycanlı xoru ucadan rusa “gedə bilərsən, getməlisən” deyə bilər.

Hakimiyyətlər öz oyununu aparır. Nikol Paşinyan üçün ümdə məqsəd hakimiyyətini qorumaqdır. İlham Əliyev nə edirsə, ali məqamını qorumaq naminə edir. Məhz buna görə onlar xarici qüvvələrin təsirini ciddi tərzdə nəzərə alırlar. Bilirlər ki, xarici qüvvələrin ölkə daxilinə təsir etmək imkanları genişdir.

Bu təsirin genişliyinin mənbəyi nədədir? Erməni və azəri beyninin, təfəkkür tərzinin özəlliyində. Nədir bu özəllik? Erməni azərbaycanlını təhlükəli düşmən sayır, azərbaycanlı ermənini yağı düşmən bilir.

Hər ikisi haqlıdır. Tariximizin son 35 ili belə deyildimi? Biz azərbaycanlıları qıran-qovan ermənilər deyildimi? Erməniləri qıran-qovan azərbaycanlılar deyidimi?

Son 44-günlük müharibədə kim kiminlə döyüşürdü? Kim kimi qırıb qovurdu?

Hər iki qonşu xalqın fikir dünyasına nəzər salın. Necə də bir-birimizə bənzəyirik! İstənilən erməni müəllifinin yazısını, əgər “türk” sözünü “erməni” sözü ilə əvəz etsək, azərbaycanlı müəllif böyük həvəslə imzalaya bilər. Və əksinə, bizim yazıların ruhu erməni qəlbini oxşayar, əlbəttə, “erməni” sözünü “türk” sözü ilə əvəz etsələr.

Nə etməli? Elə belə, itlə pişik kimi, yaşayaq? İki qonşu xalqın ədavəti xarici bədxahlara Cənubi Qafqazda at çapmağa fürsət verir. Xalqlar bunu artıq aydın dərk edir, fəqət öz ədavət hissini boğmağı bacarmır. “Qonşunun iki gözü çıxacaqsa, razıyam, mənim bir gözümü çıxarın”.

Gözdən qaçırmayın:  Krımda Rusiyaya məxsus hərbi hissədə yanğın olduğu bildirilir

Kim xalqlara bu tilsimli dairədən çıxış yolunu göstərə bilər? Kim ədavət zəhərindən məst olmuş millətçi cahillərin qəflət yuxusundan oyanması üçün onları silkələyib oyada biləcək qüdrətin sahibidir? Yada salıram ki, “erməni-müsəlman davası” vaxtı, XX əsrin əvvəlində, nə Hovanes Tumanyan, nə də Mirzə Ələkbər-Mirzə Cəlil cütlüyü bu vəzifənin öhdəsindən gələ bilməmişdi, hərçənd ki, onların fəryadı indi də diri vicdanları lərzəyə salır.

O vaxt münaqişəni dayandıran qüvvə elə onu başlayan çar hökuməti olmuşdu. Tərəfləri qızışdıran və təhrik edən ünsürlərə “dur” əmrini vermişdi. Vəssalam.

İndinin çar hökuməti Putin Rusiyası və kollektiv Qərbdir. Siz onlardan bu “dur” əmrini gözləyirsinizmi? Mən gözləmirəm. Əksinə, Qərb indi yeri gəldi-gəlmədi “status” məsələsini qabartmağa çalışır, zira “status” uzun qulplu çömçədir və girəvə verir ki, istənilən an onu hərlədib isti şorba bulasınlar. Rusiya isə daha səbrlə Qarabağdakı bir ovuc ermənini qoruyub saxlayır ki, “saxla samanı, gələr zamanı”.

Hey yazıram ki, “barış potensialından istifadə edin”. Bizim hakimiyyət vecinə almır, ya özünə xeyir deyil, ya da Rusiya izn vermir.

Rəhmətlik Georgi Vanyan hələ müharibə qurtarmamış Paşinyana və Əliyevə müraciətlə “sıravi azərbaycanlıların və ermənilərin qarşılıqlı səfərlərinə icazə verin, qorxmayın, heç kəs bir-birini öldürməyəcək, insanlar danışmağa başlayacaqlar” demişdi.

Kimə deyirdi?

Əminəm ki, barış yolu mükalimədən, söhbətdən, danışmaqdan keçir. Dünyada ən qüdrətli silah sözdür, barıt və qurşun deyil.

Ermənini xam xəyallardan, orta əsr təfəkkürünün kifli qəliblərindən xilas etmək üçün ona sıravi azərbaycanlı ilə doyunca söhbət etmək, dərdləşmək imkanı vermək lazımdır. Azərbaycanlını 1988-ci ilin “Dirçəliş” mitinqində indi utanc gətirən “harda gördün erməni, vur başına gülləni” bağırtılarının sehrindən qurtarmaq üçün ona sadə erməni ilə oturub danışmaq, ürəyini açmaq lazımdır.

Onda sadə erməni də, sadə azərbaycanlı da görər ki, məkrli qüvvələrin qorxulu düşmən, damdabacı, xortdan və iblis kimi təsvir etdikləri insan heç də düşmən deyilmiş. Elə onun kimi aldadılımış, dinclik və ədalət, aman və sülh arayan zavallının biriymiş.

Mən sıravi ermənilərdən və azərbaycanlılardan danışıram. Belələrini Təkəli kəndində Vanyanın tədbirlərində çox görmüşəm. Sıravi erməni kəndlilər, sürücülər, müəllimlər, təqaüdçülər, çilingər və tələbələr sıravi azərbaycanlılarla quzu balası kimi yanaşı oturub məhrəmanə dərdləşirdilər. Məhz buna görə çörəyi münaqişədən çıxan erməni “sülhpərvərləri” Georgiyə qarşı quduz hücumlar təşkil edib onu çərlədirdilər.

Bəli, erməni xalqının əksəriyyəti hələ də xəstədir. Ədavət və xam xəyal vəbasından xilas ola bilmir.

Gəlin insaflı olub özümüzdən soruşaq: “Bizim cəmiyyət sağlamdırmı”? Əgər kimsə əsəbi desə ki, “bizə nə olub ki, gül kimi xalqıq”, onda mən ahəstə səslə soruşaram ki, “qardaş, əgər millət sağlamdırsa, de görüm niyə böylə zəlil gündəsən? Niyə sənin hüquqların hər addımda tapdalanır? Niyə sənin sərvətini bir ovuc xəspuş gecə-gündüz talayır? Əgər sən sağlam millətsənsə, onda bütün bu bihesablıqları görüb niyə anlamırsan, niyə haqqını tələb etməyə cürətin çatmır? Niyə sənin seçmək hüququn əlindən alınıb? Niyə erməni ordusuna qarşı şir kimi döyüşən qazin məmur qarşısında aciz qalıb özünü yandırır?”

Müxtəsər, qonşular pisdir. Həm erməninin qonşusu, həm azərbaycanlının qonşusu pisdir. Dərd ondadır ki, köçməyə imkan yoxdur.

Qalır həm qonşunu, həm özümüzü tərbiyə etmək, beynini, beynimizi, təfəkkür tərzini dəyişdirmək. Başqa çarə görmürəm, bəlkə də yoxdur.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button