2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qriqoryan: “Sülh müqaviləsinin mətnində Dağlıq Qarabağın adı çəkilir”

Yayımlandı: 15 Fevral 2023 12:34

Təhlükəsizlik Şurasının katibi sənədin qısa zamanda Bakıya təqdim olunacağını deyib

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətnində Dağlıq Qarabağın adı çəkilir, lakin bu sənəd hələ yekun deyil”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan “Azadlıq” radiosunun erməni bürosunun suallarını cavablandırarkən səsləndirib.

Armen Qriqoryan deyib ki, Yerevan Stepanakert (Xankəndi) və Bakı arasında şəffaf beynəlxalq mexanizm çərçivəsində müzakirələrin aparılmasının tərəfdarıdır:

“Ermənistan bu mexanizmin baş tutması üçün beynəlxalq tərəfdaşlarla işləməyə davam edir. Bakı indiyədək bu ideyanı rədd edib və bu məsələ ilə bağlı tərəflər arasında hər hansı razılığın olub-olmadığı aydın deyil”.

“Bu mexanizm həmin beynəlxalq sənəddə, ətrafında danışıqlar gedən sülh müqaviləsində qeyd oluna bilər. O başqa beynəlxalq strukturların çərçivəsində və ya başqa formatda da ola bilər. Bu məsələdə dəqiqlik yoxdur və hələ müzakirə predmetidir. Biz buna aydınlıq gətirmək üçün müzakirəni davam etdirməliyik. Bu, bir daha göstərir ki, Ermənistan daha çox aydınlaşdırmanın tərəfdarıdır”, – deyə Qriqoryan davam edib.

Ermənistan tərəfi üçün Qarabağ məsələsinin hansısa yolla sülh müqaviləsinə daxil edilməsinin vacib olub-olmaması haqda suala TŞ katibinin cavabı belə olub:

“Ermənistan tərəfi üçün Stepanakert (Xankəndi) və Bakının təhlükəsizlik və hüquqi məsələlərini müzakirə edəcəyi şəffaf beynəlxalq mexanizm yaratmaq daha vacibdir. Bunun hansı formatda ediləcəyi əsas məsələ deyil. Əsas odur ki, mexanizm yaradılsın”.

A.Qriqoryan bildirib ki, hazırda Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir:

“Ən qısa zamanda, Ermənistan sənədi yenidən Azərbaycana verəcək”.

Fevralın 6-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniyada mətbuat konfransında demişdi ki, Ermənistan Azərbaycandan sülh sazişi ilə bağlı daha bir təklif alıb və bu mətn üzərində işləyir.

Fevralın 8-də Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Berlində səsləndirdiyi açıqlamaya reaksiya verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat idarəsinin rəisi Ayxan Hacızadə Ararat Mirzoyanın istinad etdiyi təkliflərin bir neçə gün deyil, 15 gün əvvəl təqdim edildiyini bildirib.

Onun sözlərinə görə, Mirzoyanın bəyanatından görünür ki, Yerevan sülh sazişi üzrə danışıqlar prosesində yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

2022-ci ilin mayında Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi üzrə danışıqlara başlaması üçün 5 bənddən ibarət təklifinə, özünün 6 şərti ilə cavab vermişdi.

Cavab bəndlərdə göstərilirdi ki, Ermənistanın Azərbaycana qarşı hər hansı bir ərazi iddiası olmayıb və yoxdur.

Xatırladılırdı ki, hər iki respublika 1991-ci il dekabrın 8-də MDB-nin yaradılması üçün razılaşmaya qol çəkərkən biri-birinin ərazi bütövlüyünü tanıyıb.

Bundan başqa, erməni tərəfi qeyd etmişdi ki, onlar üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət, onların hüquq və azadlıqlarına hörmət, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi prioritetdir.

Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov isə bu 6 bəndi təklif yox, Azərbaycanın təkliflərinə reaksiya kimi qiymətləndirmişdi.

“Sənədə baxarkən görünür ki, bunlar təkliflər adlandırıla bilməz. Ermənistan tərəfinin sənədi Azərbaycanın təkliflərinə reaksiya formasında idi”, – Ceyhun Bayramov jurnalistlərlə söhbətində deyib.

Tarixçə

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button