Loading...
Loading...
SEÇMƏ

REAL Milli Məclisdə boş qalan yerlərlə bağlı İlham Əliyevə müraciət etdi

Yayımlandı: 29 İyun 2022 18:44

Partiya 1651 seçicidən imza topladığını vurğulayıb

REAL Partiyası Milli Məclisdə boş qalan 7 dairə ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib.

Müraciətdə 7 dairədə yaşayan 384 min 545 seçicinin uzun müddətdir Milli Məclisdə təmsilçisiz qaldığı xatırlanaraq qeyd edilir ki, onlardan 186 min 312 nəfəri Konstitusiyada nəzərdə tutulan 5 illik dövrün yarısı qədər parlament təmsilçiliyindən məhrumdurlar:

“Yarandığı vaxtdan parlamentarizm dövlətin vergi siyasətinə birbaşa bağlı olub. Bu baxımdan toplanan vergilərə Milli Məclisin sərəncam verməsində öz təmsilçiləri vasitəsilə iştirakı vətəndaşların haqqı və istəyidir”.

REAL Partiyası boş qalan dairələrin ikisində yaşayan 1651 seçicidən bu istəkləri barədə imza topladığını vurğulayıb.

Müraciətdə 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələrinin MSK tərəfindən ləğv olunduğu bildirilib:

“Eyni zamanda,  116 saylı Qəbələ dairəsindən seçilmiş deputat 2020-ci ilin avqustunda vəfat edib. Bu ilin fevralında 55 saylı Xaçmaz dairəsindən seçilmiş deputat barəsində məhkəmə hökmü qüvvəyə minib. Martda isə 50 saylı Abşeron-Qobustan dairəsindən seçilmiş deputat hakimiyyətin icra qolunda təyinat alıb”.

Xatırlatma

2020-ci il fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib.

Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə edib.

Seçki bülletenlərinə 1314 deputatlığa namizədin adı daxil edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri 70 seçki dairəsində, müstəqil namizədlər 41 seçki dairəsində, digər siyasi partiyaların namizədləri daha 10 seçki dairəsində liderlik edib.

Seçkilərdən sonra 4 dairənin, 328 məntəqənin nəticələri ləğv olunub.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) parlament seçkilərini birgə müşahidə missiyasının ilkin bəyanatında deyilir ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb.

“Namizədlərin sayının çox olmasına baxmayaraq, həqiqi siyasi müzakirələrin olmaması səbəbindən seçicilər nəticəyönümlü seçimlə təmin olunmayıb”, – sənəddə qeyd edilir.

Meydan TV

Gözdən qaçırmayın:  “Kinoda əvvəlki həyəcan yoxdur”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button