Loading...
Loading...
Dünya

Rusiyalıları Avropaya buraxmamaq çağırışları səslənir

Aİ-nin bəzi üzvləri, o cümlədən Latviya müharibədən dolayı artıq rusiyalılara viza verilməsini dayandırıb

Avropa İttifaqı (Aİ) liderləri və Ukrayna Rusiyanın bu ölkəyə işğalı dayandırılmayınca rusiyalıların hamısının Qərbə girişini yasaqlamağa çağırırlar. Kreml isə bu çağırışı səsləndirənləri sərt tənqid atəşinə tutub.

Finlandiya və Estoniyanın baş nazirləri rusiyalıları viza verməyi dayandırmağı dəstəkləyiblər. Fransa ordusu isə Paris yaxınlığında hərbi arxivlərin yerləşdiyi orta əsr qəsrinə və turistik məkana rusiyalılarım buraxılmasına qadağa qoyub.

Rusiyanın fevralın sonunda Ukraynaya təcavüzü nəticəsində onminlərlə hərbçi və dinc sakin həlak olub. Moskva görünməmiş maliyyə və digər sanksiyalar, uçuş və hava məkanı qadağaları ilə üzləşib, dünyada ərzaq böhranı yaranıb.

Aİ-nin bəzi üzvləri, o cümlədən Latviya müharibədən dolayı artıq rusiyalılara viza verilməsini dayandırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftə Qərbi Moskvanın daha çox ərazi ilhaqını önləmək üçün bütün rusiyalılara qadağa qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov avqustun 9-da deyib ki, belə çağırışların arxasındakı “irrasional düşüncə” “gözləntiləri aşır”.

Qərblə münasibətlərin gərginləşməsi, xaricdə rusiyalı məmurların göstəriş verdiyi bildirilən zəhərlənmələr, rusiyalı əsgərlərin və proksi döyüşçülərin Gürcüstandan Ukraynaya, Suriyadan mərkəzi Afrikaya qədər bir sıra yerlərə soxulması fonunda Rusiya rəsmiləri artan “rusofobiya”dan şikayətlənirlər.

Peskov deyib ki, rusiyalılara qadağa qoymaqla bağlı yeni çağırışlar “həddən artıq neqativ hesab oluna bilər”, “rusiyalıları, yaxud Rusiyanı təcrid etməyə yönəlik istənilən cəhd perspektivi olmayan prosesdir”.

Aİ üzvləri, Rusiyanın qonşuları olan Finlandiya və Estoniya belə bir qadağanın mümkünlüyünə eyham vurublar.

Finlandiyanın Baş naziri Sanna Marin avqustun 8-də ölkənin YLE televiziyasına deyib ki, “Rusiyanın Avropada aqressiv, qəddar müharibə apardığı bir dönəmdə rusiyalıların Avropada normal yaşaması, səyahət etməsi doğru deyil”.

Estoniyanın Baş naziri Kaja Kallasa da ölkələri “rusiyalılara turist vizası verməyi dayandırmağa” çağırıb:

“Avropaya səyahət imtiyazdır, insan hüququ deyil. Rusiyadan hava səyahəti dayandırılıb. Bu o deməkdir ki, Şengen ölkələri viza verəndə, Rusiyanın qonşularına yük düşür… Rusiyadan turizmi indi dayandırmaq vaxtıdır”.

Bütün rusiyalılara qadağa Putin və administrasiyasına etiraz olaraq bu ölkəni tərk edən onminlərlə adama da təsir göstərə bilər.

“Onlar sonra anlayacaqlar. Deyəcəklər ki, ‘bu müharibənin bizə dəxli yoxdur. Əhalinin hamısı məsuliyyət daşıya bilməz, elə deyilmi?’ Daşıya bilər. Bu hökuməti əhali seçib, onunla mübarizə aparmır, onunla mübahisə etmir, ona qışqırmır”, Zelenski “The Washington Post”a müsahibəsində deyib.

Fransa ordusu isə vaxtilə Fransa krallarının iqamətgahı olmuş “Chateau de Vincennes”ə rusiyalıların girişinə qadağa qoyub.

Gözdən qaçırmayın:  Rusiya könüllülərdən ibarət daha 40 batalyon toplayıb

“AFP” fransalı mühafizəçilərin əraziyə buraxmadığı iki rusiyalı qadını danışdırıb. Qadınlar sənədlərini göstərəndən sonra onlara deyilib ki, içəri girə bilməzlər, “çünki rusiyalıdırlar”.

Rusiya fevralın sonunda Ukraynaya təcavüzə başlayandan ordunun istənilən tənqidinə görə kriminal prosedurlar və digər cəzalar tətbiq olunub. Münaqişəyə “müharibə” demək belə qadağandır, “xüsusi hərbi əməliyyat” termini işlədilir.

24 saat” “
Rusiyalıları Avropaya buraxmamaq çağırışları səslənir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button