Loading...
Loading...
SEÇMƏ

“Şuşaya getmək üçün 470 nəfərdən pul yığılıb, 100 nəfər aparılıb”

“Şuşaya getmək üçün onların hər birindən 70 manat alınıb”

Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) Azərbaycan üzrə baş təmsilçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşı Əlvan Cəfərovun bir qrup alimi aldatdığı iddia olunur.

Zərərçəkən tarixçi alim Arif Gürşadoğlu Meydan TV-yə İKSAD-ın Azərbaycan üzrə baş təmsilçisinin 470 nəfəri Şuşada keçiriləcək konfransda iştirak adı ilə aldatdığını deyir.

Onun sözlərinə görə, baş təmsilçi 470 nəfərin hər birindən 70 manat pul alıb.

Konfransın açılışı iyunun 8-də Şuşada olub.

Tədbirdə 470 nəfərdən yalnız 100 adam iştirak edib. Digər 370 nəfərə isə konfransda iştirakın ləğvi ilə bağlı məlumat verilməyib.

Arif Gürşadoğlu konfransın keçirilməsindən bir gün sonra xəbər tutub, dərhal Əlvan Cəfərovla əlaqə saxlamağa çalışıb:

“Şuşaya göndərilən 100 nəfərin elmə aidiyyəti yoxdur, onlar konfransda iştirak etmək üçün məqalə verməyiblər. Sadəcə, Şuşaya getmək istəyiblər. Ora gedənlərin içində hətta bir ailədən 4 nəfər var. Əlvan bəy zənglərə cavab vermir. Tədbir şəffaf keçirilibsə, bir problem yoxdursa, açıqlama versin, biz də işimizi bilək. Yoxsa deyir ki, yığışın ora. Hara yığışaq?”.

Şikayətçinin sözlərinə görə, ilkin mərhələdə konfransa qatılanların sayı az olub.

“Çox çirkin oyun oynanılıb”

Sonradan təşkilat komitəsi tərəfindən məlumat verilib ki, konfransda iştirak edənlər üçün Şuşaya səfər təşkil ediləcək.

Bundan sonra konfransda iştirak etmək istəyənlərin sayı artıb:

“İnsanların çoxu Şuşaya səfər olduğu üçün bu məsələyə qoşulublar. Təəssüf ki, Şuşa adından da belə bir biabırçı vəziyyətdə istifadə edilib. Azərbaycanda bu qədər alim yoxdur”.

“470 nəfər alimin göstərilməsi orada nə oyunların getdiyindən xəbər verir. 470 nəfərin hər birindən 70 manat – 40 manat Şuşaya gediş-gəliş və yemək pulu, 30 manat isə məqalənin çapı üçün alınıb. Burada söhbət bizdən alınan 70 manatdan yox, Şuşa adından istifadə edilməsindən gedir. Hesab edirəm ki, çox çirkin oyun oynanılıb”, – deyə o bildirib.

Arif Gürşadoğlunun sözlərinə görə, qarşı tərəf 370 nəfərin pulunu ödəməyəcəyini deyib:

“Məqalənin qəbulu konfransın təşkilat komitəsi tərəfindən təsdiqlənib. Şuşaya gedənləri kim seçib, necə seçib-məlum deyil. Bütün hesablar isə Əlvan Cəfərovun adındadır. Sosial şəbəkədə əvvəlcə yazmışdı ki, heç kim ödənişini geri istəməsin. Xeyirdimi? Hər adamdan 70 manat almaq və onu qaytarmamaq bu qədər asandırmı? 370 nəfərdən 70 manat alanda 25.900 manat edir”.

“Pullar mənim hesabıma gəldiyi üçün insanlar məni məsul bilirlər”

Əlvan Cəfərov Meydan TV-yə ittihamların doğru olmadığını deyib.

Gözdən qaçırmayın:  SORĞU: Formula 1 yarışlarının Azərbaycana hansı faydaları olub?

O bildirib ki, konfrans İKSAD-ın Türkiyədəki təmsilçiləri ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşəbbüsü ilə keçirilir.

O bildirib ki, konfrans İKSAD-ın Türkiyədəki təmsilçiləri ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşəbbüsü ilə keçirilir.

Onun sözlərinə görə, konfrans iyunun 10-da saat 10:30-da AMEA Mərkəzi Elmi Kitabxanasında keçiriləcək: “Bu, Türkiyənin AMEA ilə birgə əməkdaşlıq etdikləri bir konfransdır. Konfransa məqalə verənlərin sayı 700 nəfərdən artıqdır. Türkiyədən İKSAD-ın nümayəndələri gəlmişdi. Onlar AMEA ilə birgə Şuşaya səfər edən 100 nəfəri müəyyən ediblər. Şuşa kiçik şəhər olduğu və hazırda orada bərpa işləri aparıldığı üçün 470 nəfərin birdəfəyə getməsi düzgün deyil. Təşkilat komitəsinin qərərına əsasən, 100 nəfərə icazə verilib. Bunu təşkilat komitəsi edir, mənlik deyil. Pullar mənim hesabıma gəldiyi üçün insanlar məni məsul bilirlər”.

“Mənim heç bir məsuliyyətim yoxdur”

Əlvan Cəfərov deyib ki, iyunun 10-da keçiriləcək konfrans zamanı 370 nəfərin Şuşaya səfəri müzakirə olunacaq:

“Səfərə gedə bilməyənlərlə danışmışam. Onlar anlaşılmazlıq olduğunu anlayıb, üzrxahlıq ediblər. Növbəti səfərin vaxtı və adam sayı qeyri-müəyyəndir. Burada mənim heç bir məsuliyyətim yoxdur. İstəyərəm ki, digər 370 nəfər də Şuşaya getsin. Şuşaya getmək istəməyənlərin də ödənişləri geri qaytarılacaq”.

Azərbaycan üzrə baş təmsilçi bildirib ki, Şuşaya səfər məbləği 40 manatdır. 25 manat Şuşaya gedişhaqqıdır. 15 manat da yemək puludur. Bura səhər və günorta yeməyi daxildir:

“İştirakçılar Şuşanı ziyarət etmək istədilər. Şuşada heç bir konfrans olmayıb. 100 nəfər orada bələdci vasitəsilə gəziblər”.

AMEA-nın mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, İKSAD-la birlikdə Şuşa ilə bağlı konfransın təşkili nəzərdə tutulmayıb.

AMEA Mərkəzi Elmi Kitabxanasından zənglərimizə cavab verilməyib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button