2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İlham Əliyev Kərimovu vəzifəsindən çıxartdı, Kərimlini gətirdi

Yayımlandı: 22 Dekabr 2022 13:52

Anar Kərimovun səlahiyyətlərini Adil Kərimli icra edəcək

İlham Əliyev mədəniyyət naziri Anar Kərimovu vəzifəsindən azad edib.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident bununla bağlı sərəncam imzalayıb.

Prezident İlham Əliyev 2020-ci ildə Mədəniyyət Nazirliyinin strukturunda dəyişiklik edərək birinci müavinlərin sayını ikiyə çatdırmışdı.

İlham Əliyev Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimovu vəzifəsindən geri çağıraraq, mədəniyyat nazirinin birinci müavini vəzifəsinə qoymuşdu. Daha sonra Prezident onu mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən şəxs kimi təyin etmişdi.

2021-ci ilin yanvarın 5-də isə İlham Əliyevin sərəncamı ilə Anar Kərimov mədəniyyət naziri olmuşdu.

Anar Kərimov 2014-cü ildən Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsində işləyib.

İlham Əliyevin digər sərəncamı ilə mədəniyyət naziri vəzifəsinin müvəqqəti icrası Adil Kərimliyə həvalə edilib.

O, mədəniyyət nazirinin birinci müavini təyin olunub. Adil Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində işləyirdi.

Sərəncamla o, tutduğu vəzifədən bu gün azad edilib.

Anar Kərimovun vəzifəsindən azad edilməsinə səbəb kimi Mədəniyyət Nazirliyində baş verən korrupsiya halları olduğu deyilir.

Adil Kərimli və Anar Kərimov

2022-ci il oktyabrın 26-da Hesablama Palatası dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı ciddi maliyyə pozuntularının aşkarlanmasına dair hesabat yayımlayıb.

Palata tövsiyə edirdi ki, nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar.

Bundan bir neçə gün sonra noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı mədəniyyət nazirinin sabiq birinci müavini, Elnur Əliyev, nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov saxlanılıb.

Elnur Əliyevə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələrilə ittiham irəli sürülüb. Lakin istintaq dövrü üçün onun barəsində həbs yox, alternativ növdə qətimkan tədbiri seçilib. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

İlkin Nəsibov haqqında isə noyabrın 2-də Səbail Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O da Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələrilə ittiham olunur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button