Loading...
Loading...
SEÇMƏ

Keçmiş səfir: “İran Zəngəzur dəhlizinə razı olmayacaqlarını ifadə edir”

Yayımlandı: 20 İyul 2022 13:18

“Xameneyi tarixi təhrif edir, siyasi maraqları önə çıxarır”

“Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından məmnunluq duyuruq. Təbii ki, İran-Ermənistan sərhədinin bağlanması gündəmdədirsə, İran İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd minilliklərin kommunikasiya yoludur”.

Bunu iyulun 19-da İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xameneyi Tehranda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərkən deyib.

Görüşdə Xameneyi Suriya məsələsinə də toxunub.

O, Suriyanın ərazi bütövlüyünün qorunmasını vacib sayıb:

“Suriyanın şimalına hərbi hücum, şübhəsiz ki, Suriyanın, Türkiyənin və regionun ziyanınadır. Bu, həmçinin Suriya hökumətinin siyasi tədbirlərinin reallaşmasına imkan verməyəcək. Terrora qarşı çıxmaq lazımdır, lakin Suriyaya hərbi hücum terrorçuların xeyrinə olacaq, baxmayaraq ki, terrorçular konkret qrupla məhdudlaşmır. Suriyanın təhlükəsizliyini də öz təhlükəsizliyiniz kimi qəbul etməlisiniz”.

“Suriya məsələləri danışıqlar yolu ilə həll olunmalıdır. İran, Türkiyə, Suriya və Rusiya bu məsələyə dialoq yolu ilə son qoymalıdır”, – deyə o bildirib.

Dini lider: “Terrorla mübarizədə, şübhəsiz ki, sizinlə əməkdaşlıq edəcəyik”, – deyə əlavə edib.

Seyid Əli Xameneyi regionda baş verənlərə görə Qərbi ittiham edib:

“Regionda ixtilaf və düşmənçiliyin səbəblərindən biri də ABŞ-ın dəstəklədiyi sionist rejimdir”.

Azərbaycanın İran İslam Respublikasında keçmiş səfiri Nəsib Nəsibli Meydan TV-yə Xameneyinin söylədiklərini şərh edərkən belə deyib:

“Aydın danışıb, görünməyən tərəfi yoxdur”.

O bildirib ki, İranın Ali Dini lideri Zəngəzur dəhlizinə razı olmayacaqlarını ifadə edib:

“Çünki bu dəhliz İranın Ermənistanla sərbəst əlaqələrinə mane olacaq və ona görə də Xameneyi imkan verməyəcəklərini bildirir. Rəsmi Bakı isə deyir ki, dəhlizin keçdiyi ərazilər Azərbaycanın olacaq, gediş-gəliş də məhdudlaşacaq”.

Nəsib Nəsiblinin sözlərinə görə, Ermənistan İran üçün çox önəmli qonşudur:

“Ən azından Tehran Yerevanla son 30 ildə strateji münasibətlər qurub və buna mane olacaq hər hansı prosesə razı olmaz. Həmçinin Seyid Əli Xameneyi siyasi inkişafdan narazılığını ifadə edib. Elə Xameneyinin İranla Ermənistan sərhədinin minilliklərin kommunikasiya yolu adlandırması Tehranın Yerevanla strateji əlaqələrinə işarədir. Əlbəttə, Ermənistan coğrafi vahid kimi olub, amma Ermənistan adlı dövlət 1918-1920-ci illər və son 30 ildə olub ki, Xameneyi də bunu yaxşı bilir”.

Foto: Meydan TV

“Heç kimə sirr deyil ki, ermənilərlə farslar, yaxud farslarla türklər arasında əlaqələr min illəri əhatə edir. Ancaq Xameneyi Ermənistan-İran əlaqələri deməklə tarixi təhrif edir və siyasi maraqları önə çıxarır. Ümumiyyətlə, Bakıyla Tehran münasibətləri Azərbaycanın müstəqilllik qazandığı gündən “geopolitik düyün”ə düşüb. Səbəb də odur ki, Azərbaycanın müstəqilliyi Güney Azərbaycanda (İrandakı azərbaycanlıların yaşadığı ərazi nəzərdə tutulur-red.) milli hərəkatın inkişafının amillərindən biridir və İran da bunu çox yaxşı bilir. Buna görə də İran Azərbaycanın düşmənini özünün dostu sayır. Özlərini İslam Cümhuriyyəti adlandırsalar da, İslamın qoruyucusu kimi qələmə versələr də, Ermənistanla münasibətlərdə tərəf tutan siyasət aparırlar”, – deyə keçmiş səfir vurğulayıb.

Gözdən qaçırmayın:  “Yavru vatan” hekayəsi: terrorla mübarizədən cümhuriyyətə qədər…

Xameneyinin Suriya məsələsi ilə bağlı söylədiklərinə gəlincə, Nəsib Nəsibli deyir ki, hələ Məhəmməz Rza şah Pəhləvinin dönəmində Türkiyə, İran, İraq və Suriya arasında əməkdaşlıq vardı:

“Məqsəd kürd separatizmini sıradan çıxarmaq idi. Amma İran İslam Respublikası yarandığı gündən İslam inqilabının və siyasi islam dəyərlərinin ixracı Tehranın əsas prioriteti olub. Harada siyasi islam varsa, İran orada özünün nüfuzunu artırmağa çalışıb və hərəkatları dəstəkləmək üçün milyardlarla vəsait ayırıb. O cümlədən, Suriyadakı hakimiyyətə hərtərəfli dəstək verib. Çünki Əsəd ailəsi şiə olduqlarından İranla yaxın münasibətləri özünün varlığı üçün əsas şərtlərdən biri sayır”.

Xatırlatma

İyulun 19-da Tehranda Rusiya, İran və Türkiyə prezidentləri – Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə “Astana üçlüyü”nün görüşü baş tutub.

Görüş əsnasında İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xameneyi də prezidentləri qəbul edib.

Görüşün yekunu ilə bağlı birgə bəyannamədə Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edib. Tərəflər Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünün qorunmasını vacib sayıblar.

Onlar hesab edirlər ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur. Həmçinin İran və Türkiyə liderləri Putinin dəvəti ilə növbəti üçtərəfli sammitin Rusiyada keçirilməsinə razılıq veriblər.

2015-ci ilin may və oktyabr aylarında Qazaxıstanda “Astana Platforması” adıyla Suriya müxalifət qüvvələrinin üzvləri arasında görüş keçirilib.

Suriya böhranının həlli üzrə Astana Məşvərət Dialoqunun iştirakçıları yekdilliklə “Astana 2” görüşlərində iştiraka razılıq veriblər və nəticədə Astana Bəyannaməsi qəbul olunub.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button