Lvov vurulur. Ölənlər var
Rusiyanın intensiv hücumlarına baxmayaraq Mariupolda müqavimət ocaqları qalır, bu isə şəhərin təslim edilməsini uzadır
Bu gün – aprelin 18-də Ukraynanın qərbində yerləşən Lvov şəhərinə raket zərbələri nəticəsində ölənlər və yaralılar var. Bu haqda Lvov vilayətinin başçısı Maksim Kozitski məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya raketləri hərbi obyektləri və bir təkər sexinə zərbə endirib. Altı nəfər həlak olub, biri körpə olmaqla, səkkiz nəfər yaralanıb. Lvovun meri isə 5 raket zərbəsinin endirildiyini bildirib.
Hazırda döyüş gedən ərazilərdən uzaqda olan Lvova daha öncə də raket zərbələri endirilmişdi, amma ölən olmamışdı.
Şərqdə döyüşlər gedir
Kiyev vilayətinə də raket zərbələri endirildiyi xəbər verilir. Rusiyanın Müdafiə Nazirliyi nə Kiyev, nə də Lvova zərbələr haqda məlumat açıqlayıb.
Dnepropetrovsk vilayətində isə iki nəfərin yaralandığı bildirilir.
Ukraynanın şərqində döyüşlər davam edir. Luqansk vilayətinin başçısı Sergey Qayday Rusiya qüvvələrinin Kremennaya şəhərinə girdiyini, küçə döyüşləri getdiyini söyləyib. “Növbəti həftə ağır ola bilər. Sizi xilas etməyə sonuncu şans qala bilər”, – deyə başçı sakinləri evakuasiya olunmağa çağırıb.
Amma hazırda Kremennayadan çıxmağın mümkün olmadığı bildirilir.
Mariupol
Mariupolda Ukrayna qüvvələri “Azovstal” zavodunun ərazisinə nəzarəti saxlayırlar. Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, Mariupolda müqavimət Rusiya qüvvələrinin Ukraynanın şərqinə planlaşdırdığı böyük hücumu yubadır.
Rusiyanın intensiv hücumlarına baxmayaraq Mariupolda müqavimət ocaqları qalır, bu isə şəhərin təslim edilməsini uzadır.
Mariupolun həftələrlə mühasirədə qalması “ciddi” insan tələfatına səbəb olub, infrastruktura böyük ziyan dəyib.
Nazirlik Rusiyanı Çeçenistan və Suriyada mülki ərazilərdə işlətdiyi taktikadan istifadədə suçlayıb. Moskva isə fevralın 24-də Ukraynanın işğalına başlayanda deyirdi ki, “Rusiya şəhərləri vurmayacaq, Ukrayna əhalisini təhdid etməyəcək”.