Loading...
Loading...
SEÇMƏ

Nüfuz agentləri Azərbaycana hansı təhdidlər yaradır?

Sanki məişət məsələlərində verilən qiymət hazırda siyasi proseslərə də köçüb

Şəbəkələrin monitorinqi onu deməyə əsas verir ki, nüfuz agentlərinin hazırda əsas bir neçə tezisi var: “Zelenski Qərbin oyuncağı kimi ölkəsini bada verdi”, “Putinin ən elementar istəylərini yerinə yetirsəydi, Ukrayna bərbad vəziyyətə düşməyəcəkdi” və sair.

Bunun fonunda həmin agentlər özlərini Azərbaycanın milli maraqlarının qoruyucusu rolunda “fədakarlıqlarını” nümayiş etdirmək üçün ölkənin balanslı siyasətini nümunə gətirərək, “İlham Əliyev düzgün siyasət apararaq Putini neytrallaşdırdı”, “Türkiyə Azərbaycanın arxasında elə dayanıb ki, Kremlin ölkəmizə təcavüz etməyə hünəri çatmaz”, “Putinin planlarında Azərbaycan yoxdur” və sairə kimi tezislər irəli sürürlər.Belə bir tendensiya Ukraynada hər yeni yaşayış məntəqəsi işğal altına düşdükcə, daha da artır və Ukrayna rəhbərliyinin səriştəsizliyi barədə fikirlər daha da sərt şəkildə tirajlanır.

Ümumiyyətlə, təəssüf hissi ilə ilk olaraq onu qeyd etmək lazımdır ki, Azərbaycanda hətta məişət səviyyəsində zorakılıq faktlarında belə zorakılığı edəndən daha çox, həmin zora məruz qalmış insanı tənqid etmək kimi qəribə bir adət var. Evdə qadın əri tərəfindən döyülürsə, günahı döyəndə yox, döyüləndə görənlər daha çox olur, hər hansı bir manyak qadını zorlayırsa, günah manyakda yox, zorlanan xanımda olur.

Sanki məişət məsələlərində verilən qiymət hazırda siyasi proseslərə də köçüb.

Təcavüz edən Putin Rusiyası olduğu halda, minlərlə insanın ölümündə, milyonlarla qaçqın kütləsinin yaranmasında, bütöv şəhərlərin dağıdılmasında, insanların həyatlarının sındırılmasında Zelenski Ukraynası günahkar kimi göstərilir.

Təbii ki, bir qisim savadı elə də çox olmayan insanların müəyyən təsirlər altında belə düşünməsi faciə sayılmazdı. Amma problem və bəlkə də Azərbaycan üçün ən qorxulusu odur ki, belə fikir daşıyıcılarının əsas kütləsi kifayət qədər savadı olan, cəmiyyətdə müəyyən mövqeyə yiyələnən, dediklərinin digərləri tərəfindən ciddi qədul edildiyi insanlardır. Birmənalı olaraq belə insanlar bu cür fikirləri cahillikdən demirlər. Bu, konkret olaraq nüfuz agenti kimi ələ alınmış insanlardır.

Qəlbində səmimi olaraq Rusiya sevgisi daşıyan insanların belə, Ukrayna müharibəsinə görə Kremlin addımlarını təqdir etmədikləri halda, “Zelenski müharibəyə görə günahkardır” deyənlər yalnız məqsədli şəkildə fəaliyyət göstərən insanlar olar bilər. Belələri konkret olaraq ölkənin milli təhlükəsizliyinə ciddi şəkildə təhdiddirlər.

Əminliklə demək olar ki, bu agentlər Rusiyanın Azərbaycana gələcəkdə nəzəri cəhətdən hər hansı bir hərbi təcavüzü zamanı da Kremli yox, Bakını günahlar görə biləcək insanlar və potensial koloborsionistlərdir.
XXI əsrin Çingiz İldırımları, Əliheydər Qarayevləri, Ayna Sultanovaları SSRİ nostaljisi ilə yaşayanlar, Kreml çəkməsinin altı üçün darıxan insanlar təbii ki, belə bir anı səbirsizliklə gözləyirlər.

Rusiyanın artıq sirr saxlamağa ehtiyac görmədiyi genişlənmə, Rusiya İmperiyası və SSRİ sərhədlərinin bərpası planları da bu tip insanların gözünü açmır. Ötən həftə Rusiyada əsas ideoloqlardan olan, prezidentin köməkçisi Vladimir Medinskinin dedikləri və sonradan prezident Vladimir Putinin təkrar etdiyi tezislər Kremlin Ukraynadan sonra dayanmayacağını, digər respublikalarla bağlı tədbirlər görəcəyini aydın göstərir.
Bilməyənlər üçün qeyd edək ki, Medinski və Putin Rusiyanın vaxtilə malik olduğu ərazilərin hazırda müvəqqəti olaraq kiçildiyini və bu ərazilərin zamanla bərpa olunacağını bəyan ediblər. Onlar dünyanın altıda bir hissəsi olan ölkənin ərazilərini yenidən qaytarılacağını deyiblər. Dünyanın altıda bir hissəsi isə SSRİ ərazisi idi. Putin açıqca Birinci Pyotrun ruslara sərvət qoyub getdiyi əraziləri qaytaracağını, tarixə rus torpaqlarını genişləndirən rəhbər kimi düşəcəyini deyib.

Gözdən qaçırmayın:  Fərhad Məmmədov: “Rusiya siyasi təşəbbüslərlə çıxış edir, amma pulu o qədər də xərcləmir” 

Belə bir planların olmasını isə görməmək üçün yalnız gərək kor olasan. Buna Qarabağda Rusiya hərbiçilərinin yerləşdikləri ərazilərdə hazırki fəaliyyətindən böyük sübut ola bilməz. Azərbaycanın milli təhlükəsizliyinə təhdid olacaq minalar artıq qurulmaqdadır. Qarabağda rus icmasının yaradılması, guya ki, icmanın 4 minə yaxın üzvünün olması, Putinin hələ 2020-ci ildə “əgər bizim əsgərlərə güllə atılarsa, Cənubi Osetiya ssenarisinin təkrarlanacağı” barədə bəyanatı, Fərrux kəndi ətrafında vəziyyət və Rusiya hərbçilərinin həmin kənddə oynadıqları rol bizim görə biləcəyimiz proseslərin yalnız üzdə olanlarıdır. Buna Rusiya mətbuatında “Qarabağ gələcəkdə Rusiyaya birləşdirilsin” kimi tezislərini də gəlsək, vəziyyətin təhlükəli olduğunu anlayarıq. Həmin tezis hazırda Rusiya vətəndaşları olan erməni əsilli jurnalist, ictimai xadimlərin dilindən səsləndirilsə də, bunun Kremlin ssenarisi olduğunu görməmək və gələcək mümkün faciələrin əsası olduğunu anlamamaq mümkün deyil.

Məqam düşdüyü anda həmin ərazidə rus icmasının üzvü sayılan bir neçə adamın və ya Rusiya hərbiçilərindən bir neçəsinin qəsdən öldürülməsi kifayət edəcək ki, Moskva müharibə, daha doğrusu, “xüsusi əməliyyat” elan etsin.

Rusiyanın nüfuz agentlərinin arxayınlıq yaratmaq üçün “Türkiyə Azərbaycanla müttəfiq olduğundan Kreml planlarında bizim ölkə yoxdur” kimi tezisi də var. Ancaq bu tezisə inananlar nəzərə almırlar ki, Kreml kollektiv Qərbin Ukraynanın arxasında dayandığını bildiyi halda müharibəyə başlamaq qərarını verdi.
Məhz elə bu baxımdan hazırda Ukrayna müharibəsinin hər bir günü Azərbaycanı və Rusiyanın təhdidi altında olan digər ölkələri gələcək təcavüz tarixindən uzaqlaşdırır.

Yazının əvvəlində olan “Zelenski günahkardır” tezisinə qayıtsaq, təbii olaraq sual yaranacaq – Ukrayna prezidenti müharibənin elə ilk günü ordusunu təslim edib, Putinin tələblərini yerinə yetirsəydi, günahkar olmayacaqdı? Və ya hər hansı bir ölkənin rəhbəri işğal qarşısında ölkəsinin müdafiəsinə rəhbərlik edəndəmi günahkar olur, ya təslim olanda?

Bu sualların asan cavabları var, amma bu cavablar nüfuz agentlərinə və onların Rusiya xüsusi xidmət orqanlarındakı kuratorlarına sərfəli olmadığından, Zelenski müharibədə müqavimət göstərdiyi üçün günahkardır tezisi aşılanır.

“Rusiyanın planlarında Azərbaycan yoxdur” deyənlərin satqın gözlərinin içinə baxmaq və xatırlarmaq istəyirsən ki, sizi də gələcəkdə bolşevik Rusiyasının Azərbaycanı işğal etməkdə “fədakarlıq” göstərən azərbaycanlıların taleyi gözləyir.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button