Loading...
Loading...
SEÇMƏ

Prokurorluq: “Xoş niyyət daşımayan cəhdlər tarixi sitatlar və saxta pasifist baxışlarla pərdələnir”

Yayımlandı: 8 Avqust 2022 16:55

Baş Prokurorluq ictimai fəalların prokurorluğa çağırılması ilə bağlı məlumat yayıb

Baş Prokurorluq ictimai fəal Rüstəm İsmayılbəylinin və daha bir neçə nəfərin sosial media hesabındakı yazılarına görə bu quruma çağırılması haqda açıqlama yayıb. Sosial şəbəkələrdə paylaşımlarına görə Baş Prokurorluğa çağırılıb xəbərdarlıq edilənlər arasında Fərid Hüseynov, Goranboy sakini Elmar Məmmədov və Mingəçevirdə yaşayan Gülay Eyvazova da var.

“Bəzi hallarda sosial şəbəkə istifadəçiləri tərəfindən təhdidlərə cavab olaraq hərbi əməliyyatların keçirilməsinə qarşı çıxma, yalan məlumat yayma, saxta və ya köhnə görüntülər paylaşma, heç bir əsas olmadan onları aktuallaşdırma cəhdləri müşahidə olunur. Xoş niyyət daşımayan həmin cəhdlər informasiya azadlığı, kontekstdən çıxarılmış tarixi sitatlar və saxta pasifist baxışlarla pərdələnir”, – Baş Prokurorluğun açıqlamasında belə deyilir.

Rüstəm İsmayılbəyli avqustun 4-də Baş Prokurorluqdan çıxandan sonra bildirmişdi ki, “Facebook” hesabında Atatürkdən gətirdiyi sitata görə dindirilib. İctimai fəal Atatürkün “xalqın azadlığı təhlükə altında qalmadığı müddətdə müharibə başlatmaq cinayətdir” fikrini sosial media hesabında paylaşmışdı.

“Həmin cümləni prokurorluq milli təhlükəsizliyə təhdid ola biləcək cümlə sayıb…“, – Rüstəm İsmayılbəyli bildirib.

Baş Prokurorluq isə iddia edir ki, bu sitat kontekstdən çıxarılıb.

Prokurorluq müharibə əleyhinə fikir paylaşanlara xəbərdarlıq edərkən “Milli təhlükəsizlik haqqında” qanuna istinad edir:

“Bu qanuna əsasən, ölkənin müdafiə qabiliyyətinin zəiflədilməsinə yönəlmiş addımlar dövlətimiz üçün təhdid hesab olunur, buna xidmət edən istənilən hərəkətlərin vaxtında qarşısı alınmalıdır”.

Son iki həftə ərzində Azərbaycanda xeyli sosial şəbəkə istifadəçiləri, o cümlədən ictimai-siyasi fəallar, jurnalistlər paylaşımlarına görə Baş Prokurorluğa çağırılaraq, onlara xəbərdarlıq edilib. Onların arasında Demokratiya-1918 (D-18) Hərəkatının keçmiş sədri Ruslan İzzətli, jurnalistlər Fikrət Fərəməzoğlu, Səxavət Məmməd və digərləri var.

Prokurorluq ictimai-siyasi fəalların və müxtəlif bölgələrdən olan vətəndaşların çağırılmasını, onlara yazılarına görə xəbərdarlıq olunmasını “ictimai-siyasi sabitliyin, hüquq və azadlıqların pozulmasına yönələn halların qarşısının alınması” məqsədilə izah edir.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə hesab edir ki, prokurorluğun bu cür davranışı insanların ifadə azadlığına, medianın fəaliyyətinə kobud və qanunsuz müdaxilədir: “Medianı monitorinq etmək, onun peşə davranış qaydalarına görə balanslı olub-olmadığını müəyyən etmək onun özünütənzimləmə qurumunun işi ola bilər, prokurorluğun yox…”.

Meydan TV

Gözdən qaçırmayın:  Amerikalı aktrisa Ukraynada

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button