Loading...
Loading...
SEÇMƏ

Qarabağdakı gərginliyin səbəbi: “Azərbaycan yeni dəhliz təklif edib”

Yayımlandı: 3 Avqust 2022 13:39

Deputat: “Separatçılar Laçın dəhlizini boşaltmağa məhkumdurlar”

Azərbaycan tələb edir ki, ermənilər yaxın zamanda Laçın xaricində tikilən yeni dəhlizlə hərəkət etsinlər.

Bunu avqustun 2-də günün ikinci yarısı tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyi bəyan verib.

Elə dünən özünü separatçıların prezidenti adlandıran Arayik Arutyunyan siyasi qüvvələrin və yerli “deputatların” iştirakı ilə “Təhlükəsizlik Şurası”nın genişləndirilmiş iclasını çağırıb.

“Mövcud vəziyyət, eləcə də Azərbaycan qoşunları ilə təmas xəttindəki gərginlik müzakirə edilib. Separatçıların hərbi birləşmələrin komandiri Kamo Vardanyanın hesabatına görə, bir sıra rayonlarda gərginlik qalmaqdadır”, – deyə “Turan”nın yaydığı məlumatda vurğulanır.

Bildirilir ki, Azərbaycan tərəfi Rusiya sülhməramlıları vasitəsilə yaxın vaxtlarda Qarabağdan Ermənistana yeni marşrutla nəqliyyatın hərəkətinin təşkilini tələb edib:

“Qarabağda son iki gündə yaşanan gərginliyin nədən qaynaqlandığı bəlli olub. Azərbaycan ermənilərin istifadə edəcəyi alternativ yolun tikintisini başa çatdırır. Ona görə də ermənilər, nəhayət ki, Laçın şəhərini və Zabux kəndini azad etməli, Laçın dəhlizi ilə hərəkəti dayandırmalı və yeni marşrutdan istifadə etməlidirlər”.

Dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Onlar 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaların icrasına toxunublar.

Telefon danışığı zamanı 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bu kontekstdə erməni hərbi əsirlərin və digər məhbusların azad edilərək geri qaytarılmasının vacibliyi qarşılıqlı qeyd olunub.

Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Kremlin mətbuat xidməti xəbər yayıb ki, tərəflər Dağlıq Qarabağ üzrə sazişlərin icrasını müzakirə ediblər:

Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin həyata keçirilməsinin ayrı-ayrı praktiki aspektləri müzakirə edilib”.

Həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, – deyə nazirlik qeyd edib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Meydan TV-yə deyib ki, separatçılar hansısa cəhd göstərsələr də, Laçın dəhlizini boşaltmağa məhkumdurlar:

Gözdən qaçırmayın:  Yeni müharibəyə aparan “sülh müqaviləsi”?

“Çünki 2020-ci ilin 10 noyabr bəyanatına əsasən, Laçın dəhlizi yaxın zamanlarda boşaldılmalı və Rusiyanın sülhməramlı kontingenti alternativ yola köçürülməlidir”.

Onun sözlərinə görə, 20-25 il əvvəl Laçının kəndlərində məskunlaşdırılan Suriya erməniləri ərazini tərk etmək istəmirlər:

Arzu Nağıyev. Foto: Trend.az

“Səbəb də bölgənin strateji əhəmiyyətə malik olmasıdır. Lakin qeyri-qanuni məskunlaşma olduğundan bütün vasitələrlə ermənilər kəndləri tərk edəcəklər. Əslində, mövcud vəziyyət status-kvonu saxlamaq niyyətindən doğur. Ən əsas isə Rusiya sülhməramlılarının öhdəliklərini sona qədər yerinə yetirməməsidir. Bu baxımdan baş verən insdentin səbəbkarlarından biri Rusiya sülhməramlılarıdır”.

Hələ iyunun 28-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, yeni nəqliyyat marşrutunun tikintisi başa çatandan sonra Laçının Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçəcək.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button