2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

QHT sahəsində dəyişikliklər indiyə qədər edilənlərdən fərqlənməyəcək

Sual: Mirəli bəy, QHT sahəsində yumşalmalar məsələsi yenidən gündəmdədir. Hakimiyyət son vaxtlar hökumət və vətəndaş cəmiyyəti üzvləri tərəfindən ard-arda cəmiyyətə mesajlar ötürür ki, bu sahədə yeniliklər olacaq. Yaxın vaxtlarda QHT sahəsində hansısa müsbətə doğru dəyişikliklərin olacağına inanırsınızmı? 

Cavab: Fikrimcə, bu cür mesajların artması müəyyən niyyətin olmasından xəbər verir. Əlbəttə, bunlar nə qədər yaxşı olsa da, ondan da yaxşı olanı yumşalmaların xarakteri ilə bağlıdır. 2013-2014-cü illərdə həyata keçirilən məhdudlaşdırıcı tədbirlərdən sonra da  bu cür mesajlar verilsə də, sonucda biz daha çox manupilyativ xarakterli dəyişikliklərin şahidi olmuşuq. Dəyişikliklər mövcud problemlərin köklü həllinə yönəlmədiyindən onun təsirləri də o qədər hiss edilmədi. QHT sektorunun fundamental problemləri bu gün də qalmaqdadır və bu problemlərin həlli məsələyə konseptual yanaşma tələb edir. Epizodik və texniki xarakterli dəyişikliklərlə mövcud problemləri həll etmək mümkün deyil. Təəssüf ki, son illər QHT qanunvericiliyinin yumşaldılması istiqamətində baş verən dəyişiklər məhz bu cür olub. Dəyişikliklərin mahiyyəti haqqında dəqiq məlumatım olmasa da, lakin qanunvericiliyə edilməsi gözlənilən dəyişikliklərin indiyə qədər edilənlərdən o qədər də fərqlənməyəcəyi qənaətindəyəm və əsas problemlərin həll ediləcəyinə  ümidli deyiləm.

Sual: Bu məsələ zaman-zaman gündəmə gəlib. Sizcə, indiki halda hakimiyyət bu mesajları niyə ötürür? Hakimiyyət indiki şəraitdə bu addımları atmağa hazırdırmı? 

Saytların yığılması Saytlarin yigilmasi

Cavab: Nə qədər qəribə də olsa, QHT sahəsində yumşalmaların edilməsi ilə bağlı mesajlar mühitin əhəmiyyətli pisləşdiyi 2014-cü ildən heç bir il keçməmiş verilməyə başlanmışdı. Müxtəlif zamanlarda bu məsələ ilə bağlı müəyyən açıqlamalar verilib və bu gün də verilir. Fikrimcə, buna səbəb hakimiyyətin problemin ciddiliyini aydın şəkildə dərk etməsi ilə bağlıdır. Qanunvericiliyin beynəlxalq standartlara uyğunsuzluğu və hökumətə müxtəlif formalarda təzahür edən beynəlxalq təzyiqlər bu cür mesajlara ehtiyac yaradır.  İndiki zamanda isə bu cür mesajların artması hökumətin üzərinə götürdüyü müəyyən öhdəliklərlə və bu istiqamətdə həyata keçirdiyi institusional dəyişikliklərlə izah edilə bilər. Belə ki, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən 2020-2021-ci illərdə vətəndaş cəmiyyətinin ən ciddi problemlərindən olan QHT-lərin və qrant müqavilələrinin qeydiyyatı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub. Eyni zamanda yeni yaranmış QHT-lərə Dövlət Dəstəyi Agentliyindən gözləntilər çox oldugundan, onun müsbət imicinin formalaşdırılması  müəyyən dəyişiklikləri zəruri edir. Çox arzu edərdim ki, bu dəyişiliklər edilmiş olsun. Lakin MFP-da nəzərdə tutulan dəyişikliklərin mahiyyəti üzrə deyil, texniki xarakterli  dəyişikliklərlə məhdudlaşması, optimist olmağa əsas vermir. Hakimiyyətin üçüncü sektora hələ də ehtiyatlı münasibəti və yetərli siyasi iradənin olmaması bu sektorun inkişafında başlıca maneə olaraq qalmaqdadır.  

Sual: QHT qanunvericiliyində əsas problemlər hansılardır ki, hakimiyyət ilk növbədə həmin problemləri həll etməlidir ki, vətəndaş cəmiyyəti normal fəaliyyətə başlaya bilsin? 

Cavab: Problemlərin miqyası həddindən artıq genişdir. 2009-cu ildən qanunvericiliyə mütəmadi edilən reqres xarakterli dəyişikliklər və inzibati basqılar bu sektoru tamamilə iflic vəziyyətə gətirib. Əlverişsiz fəaliyyət mühiti və davamlı təzyiqlər onunla nəticələnib ki, əhəmiyyətli sayda peşəkar təşkilatlar fəaliyyətini dayandırmalı olub, bir xeyli fəal və bacarıqlı QHT təmsilçiləri isə müxtəlif səbəblərdən ölkəni tərk etməli olublar. Ölkədə qalanların isə çox böyük əksəriyyəti ya fəaliyyətsiz qalıblar, yaxud qeyri-leqal şəraitdə fəaliyyət göstərmək məcburiyyətindədirlər. Proseslər bu cür inkişaf etdiyi təqdirdə QHT-lərin bütün parametrlər üzrə daha da zəifləyəcəyini proqnozlaşdırmaq o qədər də çətin deyil. Apatiyaya son qoymaq və legitim fəaliyyət mühiti üçün kompleks tədbirlər zəruri olsa da, hazırkı məqamda birinci QHT-lərin qeydiyyatı, ikincisi xarici maliyyəyə çıxışa olan məhdudiyyətin aradan qaldırılması və üçüncüsü qrant müqavilələrinin qeydiyyat problemlərinin həlli bu sektoru canlandıra bilər. 

Sual: Ümumiyyətlə, vətəndaş cəmiyyətinin normal fəaliyyəti üçün və problemlərin köklü həlli üçün sizin təklifləriniz nədən ibarətdir?

Cavab: Vətəndaş cəmiyyəti anlayışı QHT anlayışından çox geniş oldugundan mən ona elə geniş kontekstdən yanaşmaq istərdim. Vətəndaş cəmiyyəti ölkənin siyasi sisteminin tərkib hissəsi oldugundan, onun inkişafı da siyasi sistemin inkişafından asılıdır. Digər demokratik təsisatların zəifliyi fonunda güclü vətəndaş cəmiyyətinin mövcudluğu təsadüfi hallarda mümkündür. Lakin güclü vətəndaş cəmiyyəti olmadan təkmil və demokratik siyasi sistemin də formalaşdırılması mümkün deyil. Siyasi sistemi dəyişəcək və inkişaf etdirəcək əsas təsisatlardan biri parlament oldugundan vətəndaş cəmiyyəti səfərbər olmalı və demokratik parlament seçkilərinə nail olmalıdır. Xalqın iradəsinə əsaslanan və legitim parlamentin mövcudluğu nəinki vətəndaş cəmiyyətinin, eləcə də ölkənin qarşısında duran digər problemlərin həllində başlıca şərtlərdəndir.  Bu sadə həqiqəti dərk etməyincə və həqiqi demokratiyaya nail olunmayınca problemlərimiz həll edilməmiş və yaxud natamam şəkildə qalmaqda davam edəcək.  

Kamran Mahmudov

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button