2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

 “Qorxu imperiyası”nı ifşa edən qaçış: düşmən tərəfə keçən polkovnikin aqibəti

Yadigar Sadıqlı

1954-cü ilin aprelində böyük rezonans doğuran hadisə baş verdi. Avstraliyadakı sovet səfirliyinin xırda vəzifəli əməkdaşı, əslində isə Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) polkovniki olan Vladimir Petrov bu ölkədən siyasi sığınacaq istədi. Zabitin arvadı Yevdokiya da Avstraliyada idi. KQB əməkdaşları onun ölkədən çıxarmaq istəyərkən yerli polisin müqaviməti ilə üzləşdi.

Bu hadisə Avstraliya və SSRİ arasında diplomatik münasibətlərin pozulmasına səbəb oldu. 

*** 

Saytların yığılması Saytlarin yigilmasi

Vladimir Petrov 1907-ci ildə Tobolsk quberniyasında dünyaya gəlib. Amma anadan olanda adı belə deyildi, Afanasi Şoroxov idi. 1929-cu ildə soyadını inqilabi şəklə salaraq Proletarski edib. Adını da Vladimirə dəyişib. Mənbələr bunun səbəbi barədə bir şey yazmırlar. Yəqin, Leninlə adaş olmaq istəyib.

O, hələ Şoroxov olarkən komsomola, sonra da kommunist partiyasına üzv olub. Əmək fəaliyyətinə Tümen vilayətini Vikulovo kəndində kitabxana müdiri kimi başlayıb. Eyni zamanda, savadsızlığın ləğvi ilə məşğul olub. 1929-cu ildə artıq Poletarski soyadı ilə Baltik donanmasında şifrləyici işləyir.

Şoroxov-Proletarski 1933-cü ildə kəşfiyyat orqanlarının diqqətini çəkir, OQPU-nun (Dövlət Birləşmiş Siyasi İdarəsi) Xarici şöbəsinə cəlb olunur. Məhz burada Yevdokiya ilə tanış olur və az sonra onunla evlənir. İlk xarici səfərinə 1938-ci ildə yollanır. Bir il Çində şifr bölümünə rəhbərlik edir. Qayıdandan sonra Qırmızı Ulduz ordeninə layiq görülməsi işinin öhdəsindən yaxşı gəldiyini sübut edir.

İkinci ezamiyyəti isə artıq müharibə illərinə təsadüf edir. 1942-ci ildə arvadı ilə birlikdə bitərəf İsveçə göndərilir və bu zaman soyadı Petrova çevrilir. O zaman bütün bitərəf ölkələr kimi, İsveç də döyüşən ölkələrin kəşfiyyatının xüsusi fəallıq göstərdiyi yer idi.

Müharibədən sonra bir müddət Moskvada işləyən Petrovun hərbi rütbəsi polkovnikə qədər yüksəlir. İddialara görə, o, Beriyanın sevimli kadrlarından idi və sürətli yüksəlişi də bununla bağlıdır. 1951-ci ildə Petrovlar Avstraliyaya göndərilirlər. Vladimir burada formal olaraq üçüncü katib və mədəniyyət attaşesi vəzifəsini tutur. Əsl vəzifəsi isə sovet kəşfiyyatının rezidenti idi. Yevdokiya da şifrləyici olur. 

*** 

Vladimir Petrovun Avstraliyaya tərəf keçməsinin motivləri barədə müxtəlif versiyalar mövcuddur. Əsas versiyalardan biri bundan ibarətdir ki, Stalinin ölümündən az sonra Lavrenti Beriya həbs olundu və güllələndi. Onun ardınca sovet kəşfiyyatında önəmi vəzifələr tutan bir çox zabitlər repressiyaya məruz qaldılar. Petrov da eyni aqibətlə üzləşəcəyindən qorxduğu üçün əks tərəfə keçdi.

Başqa bir əsas versiyaya görə isə polkovnik Avstraliyanın xüsusi xidmət orqanının (ASİO) içki və qadın məclisləri vasitəsilə qurduğu tələyə düşüb və əməkdaşlığa cəlb olunub. SSRİ-də baş verən proseslər onun qərarına əlavə təsir edib və Avstraliya əks-kəşfiyyatına müraciət edərək, bildiyi sirləri bölüşmək müqabilində siyasi sığınacaq istəyib.

Əsl səbəb nə olursa olsun, Vladimir Petrov 1954-cü il aprelin 3-də Avstraliyadan siyasi sığınacaq istədi və aldı. Maraqlıdır ki, o bunu arvadı olmadan etdi. Yevdokiyaya deməkdən çəkinmişdimi, yoxsa elə tək qaçmaq istəyirdi, hər halda, sığınacaq üçün müraciət edən gün arvadı başqa şəhərdə idi. Hadisənin əsas rezonansı da elə bundan doğdu.

Petrovun qaçışından 16 gün sonra, aprelin 19-da diplomatik kuryer rolunda çıxış edən, əslində isə sovet xüsusi xidmət orqanlarının əməkdaşı olan iki nəfər jurnalistlərin gözü qarşısında Yevdokiya Petrovanın qolundan tutaraq Kanberra hava limanında zorla təyyarəyə mindirdilər. Avstraliya orqanları buna əvvəlcə mane olmadılar. Amma ayaqlarında ayaqqabı belə olmayan ağlayan qadının şəkli geniş əks-səda doğurdu. İctimaiyyət hərəkətsizliyinə görə hökuməti qınadı.

Yevdokiyanın bəxtindən o zaman təyyarələrin fasiləsiz uçuş məsafələri çox deyildi. Ölkəni tərk etmək istəyən təyyarələr çox vaxt şimalda enərək, yenidən yanacaq doldururdular. Petrovanı aparan təyyarə də Darvin şəhərində yerə endi. Bu zaman polislər içəri daxil oldular və təyyarəyə qanunsuz silah keçirmək bəhanəsi ilə kuryerləri tərki-silah etdilər. Daha sonra isə Yevdokiyadan Avstraliyada qalmaq istəyib-istəməməsini soruşdular. Qadın əri ilə telefon danışığından sonra qalmaq qərarı verdi. 

Siyasi sığınacaq alan Petrovlar Melburn yaxınlığında mühafizə altında yaşamağa başladılar. Təhlükəsizlik məqsədilə Petrov dördüncü dəfə ad-soyadını dəyişdirdi, bu dəfə Sven Ellison oldu. 1956-cı ildə onlara Avstraliya vətəndaşlığı verildi.

Baş verən hadisə Moskvada kəskin etiraz doğurdu. Hadisələr hətta iki ölkə arasında diplomatik münasibətlərin 5 il müddətində kəsilməsinə səbəb oldu. Sovetlər hətta Petrovun oğurlanaraq SSRİ-yə aparılmasını və üzərində “ibrəti-aləm” məhkəmə qurulmasını planlaşdırırdılar. Amma naməlum səbəblərdən buna cəhd edilmədi.

*** 

Vladimir Petrov əks tərəfə keçərkən özü ilə xeyli məxfi sənədlər götürmüşdü. Bundan əlavə, Yevdokiya sovet kəşfiyyatının şifr və kodları barədə qiymətli məlumata malik idi. Ər və arvad bir il ərzində Avstraliya və Britaniya kəşfiyyatçıları tərəfindən dindirildilər. Onların informasiyası əsasında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 600-ə qədər sovet casusu aşkar edildi. 

Vladimir Petrov məşhur “Kembric beşliyi”ndən iki nəfərin – Qay Börcess və Donald Makleynin taleyinə aydınlıq gətirdi. Britaniya XİN əməkdaşı olan Börcess və Makleyn ifşa qorxusu səbəbindən hələ 1951-ci ildə SSRİ-yə qaçmışdılar. Bu, Londonda ehtimal edilsə də, dəqiq bilinmirdi. İndi Petrov onların hər ikisinin sağ-salamat Moskvada olduğunu deyirdi.

1956-cı ildə Petrovların xatirələri əsasında ASİO əməkdaşı Maykl Tveytos “Qorxu imperiyası” adlı kitab yazdı. 1970-ci illərin əvvəllərində bir neçə insult keçirən Vladimir Petrov ömrünün son 17 ilində məhdud hərəkət qabiliyyətli idi. O, 1991-ci ildə, SSRİ-nin süqutu ilində vəfat etdi. Yevdokiya Petrova isə ərindən sonra daha 11 il yaşadı. 

The post  “Qorxu imperiyası”nı ifşa edən qaçış: düşmən tərəfə keçən polkovnikin aqibəti appeared first on 24 saat.

24 saat” “ “Qorxu imperiyası”nı ifşa edən qaçış: düşmən tərəfə keçən polkovnikin aqibəti” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button