2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Rektor deyirdi ki, ona cadu eləmişik, bu səbəbdən xəstələnib…”

Yayımlandı: 20 Fevral 2023 13:08

Keçmiş rektor bu dəfə də məhkəmənin çağırışına məhəl qoymadı

Bakı Slavyan Universitetinin (BSU) keçmiş rektoru Nurlana Əliyeva haqqında 226 min manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə məhkəməyə məcburi gətirilmə qərarı çıxarılsa da, fevralın 20-də keçirilən məhkəməyə o, yenə gəlməyib. Bu məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. Söhbət bu məhkəmədə mühakimə olunan universitetin Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyevanın işindən gedir. Keçmiş rektor da həmin məhkəmə prosesində əlavə şahid qismində dindirilmək üçün çağırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əvvəl bir dəfə Nurlana Əliyeva çağırılsa da, o, gəlməmişdi. Ona görə də məhkəmə onun haqqında məcburi gətirilmə qərarı çıxarmışdı.

Fevralın 20-də hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmə iclasında məlum olub ki, Nurlana Əliyeva bu dəfə də gəlməyib. Hakim bildirib ki, məhkəmə Dövlət Sərhəd Xidmətindən məlumat əldə edib. Məlumata əsasən, sabiq rektor ölkədən gedib və bu günə qədər geri qayıtmayıb.

Məhkəmə bu işdə adı hallanan daha bir nəfər – Elmlər Akademiyasının keçmiş əməkdaşı – Fərahilə Babayeva-Şükürova haqqında da məcburi gətirilmə qərarı vermişdi. O da məhkəməyə gəlməyib. Onun da ölkədən getdiyi və bu günə qədər geri qayıtmadığı məlum olub.

Hakim həmçinin təqsirləndirilən Dürdanə Əliyevanın president və vitse-prezidentə ünvanladığı məktubların müxtəlif qurumlar vasitəsilə məhkəməyə yönləndirildiyini və iş materiallarına əlavə olunduğunu bildirib. Həmin məktublarda Dürdanə Əliyeva işinə düzgün baxılmasını istəyib, Nurlana Əliyevanın hərəkətləri haqqında məlumat verib.

Dürdanə Əliyeva məhkəmədə də təsdiqləyib ki, Prezident Administrasiyasına və başqa qurumlara belə məktublar göndərib. O bildirib ki, məhkəmənin gedişindən narazılığı yoxdur:

 “İstədiyim günahkarların cəzalanmasıdır…”.

 Adları çəkilən hər iki şəxs haqqında məcburi gətirilmə qərarı qüvvədə saxlanılıb. Hakim bildirib ki, onlar ölkəyə qayıdan kimi məhkəməyə dindiriləcək.

Daha sonra sənədlərin tədqiqi başılayıb, cinayət işində olan ifadələr elan olunub.

Dürdanə Əliyeva və universitetin başqa bir əməkdaşı arasında elan olunan bir mesajla bağlı sualı cavablandıran təqsirləndirilən şəxs bildirib ki, keçmiş rektor onları cadu ilə məşğul olmaqda günahlandırırdı:

“Nurlana Əliyeva iddia edirdi ki, ona cadu eləmişik, bu səbəbdən xəstələnib…”.

Məhkəmə prosesi martın 6-da davam edəcək.

Univeritetin sabiq şöbə müdiri, dosent Dürdanə Əliyeva 226 min manatlıq mənimsəmə, dələduzluq kimi əməllərdə ittiham olunur. Onun haqqında cinayət işinin materiallarında yazılıb ki, Dürdanə Əliyeva təhsil haqqı kimi ona verilən ödənişləri mənimsəyib. O, həmçinin müxtəlif şəxslərdən universitetdə işə düzəlmək adıyla aldığı pulları ələ keçirib, onları aldatmaqda təqsirləndirilir. Bu cinayət işində ümumilikdə 123 nəfərin pulunun ələ keçirildiyi iddia olunur.

Dürdanə Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır. Sabiq şöbə müdiri Cinayət Məcəlləsinin 178 (dələduzluq), 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 32.312 (rüşvət verməyə təhrik etmə) maddələrilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Məhkəmədə bu ittihamlara münasibət bildirən Dürdanə Əliyeva özünü təqsirli bilmədiyini deyib: “Bu ittihamlar üzrə özümü təqsirli bilmirəm. Özümü yalnız cinayəti bilib, xəbər verməməyə görə təqsirli bilirəm”.

Keçmiş şöbə müdiri əlavə edib ki, prokurorluqda şahid kimi dindirməyə çağrılanda bütün bildiklərini istintaqa açıqlayıb:

“Təəssüf edirəm ki, mənim istintaqa kömək etməyimi, özümün müəyyən məsələlər barədə məlumat verməyimi nəzərə almadılar”.

Hələ ilk məhkəmə iclaslarının birində təqsirləndirilən dosent ittihamda yazılanlara münasibət bildirərkən belə demişdi:

“Bunu mən tək eləyə bilməzdim”.

Onun sözlərinə görə, rektor Nurlana Əliyeva və baş mühasib də proseslərin birbaşa iştirakçısı olub:

“Amma onlar məsuliyyətdən kənarda saxlanılıblar. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedən dövrdə də dəfələrlə bu məsələni qaldırmışam. Onların da cəlb edilməsi üçün vəsatətlər vermişəm”.

Dürdanə Əliyevanın sözlərinə görə, Nurlana Əliyevanın baş verənlərdən xəbəri olub, alınan vəsaitlərdən də ona çatıb.

Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub. O, tələbələrin ödədiyi təhsilhaqqı ödənişlərinin mənimsənilməsilə bağlı qalmaqaldan 5 ay sonra vəzifəsindən azad edilib. O, 12 il (2009-2021) YAP-ın Qadınlar Şurasının da sədri olub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button