2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sinqapur nümunəsi və Azərbaycan

Hər iki ölkənin oxşar və fərqli cəhətləri

Əhalimizin əksər hissəsi yaşamaq uğrunda çətin mübarizə aparır və siyasətlə əsla maraqlanmır. Siyasətlə maraqlanan azlığın başı qarışıb Qarabağ müşkülünə və dəxi başını qovzayıb nə uzağa, nə də ətrafına baxmağa macal tapammır.

Dünya üçünsə Qarabağ onuncu dərəcəli məsələdir, geridə qalmış kasıb iki xalqın bir parça torpaq uğrunda orta əsrlər meyarları ilə didişməsi əsla maraqlı deyil, azı, acı təəssüf doğuran hadisədir.

Saytların yığılması Saytlarin yigilmasi

Dünyanı elmi tərəqqi, təhsil və səhiyyə, təbiətin qorunması, mükəmməl ictimai quruluş axtarışı, yeni sənət əsərlərinin yaradılması, iqtisadiyyatın sabitliyi, inflyasiyanın cilovlanması, barbar Rusiyanın Ukraynaya təcavüzünün dəf edilməsi daha çox maraqlandırır.

Şübhəsiz, gün keçəcək, il dolanacaq, Qarabağ müşkülü hansısa həllini tapacaq, əhalimizin yaşamaq uğrunda mübarizə aparan hissəsi elə öz qayğıları ilə əlləşəcək, siyasətlə maraqlanan azlıq gözünü açıb bir də ətrafına baxacaq və soruşacaq ki, “Yaxşı, Qarabağ da qayıtdı, biz niyə bu gündəyik?”.

Əhalinin əli pulla oynayan hissəsi əsəbi soruşa bilər ki, “Bizə nə olub ki?” Mən də sakitcə deyəcəm ki, “Canına sağlıq, heç nə. Biz təbii sərvət hesabına yaşayan nümunəvi tüfeyli xalqıq. Dünyada bizim kimilər az deyil, biz üçüncü dünya ölkələrinə aid edilirik və dünya tərəqqisində bizə yer yoxdur. Bildirçinin bəyliyi kimi, bizim bəxtəvər günlərimiz çox çəkməyəcək, təbii sərvətlər tükənəndən sonra möhnətə düşəcəyik. İşimiz qalacaq Allaha, gedib duracağıq Allahdan aman və imdad diləyən bədbəxt xalqların yanında. Somali, Sudan, Mərkəzi Afrika ölkələri, Nauru adası və sairə…”.

Bəsdir əllaməlik edib baş ağrıtdım, keçirəm mətləbə. Azərbaycanın evini yıxan, əhalinin güzəranını ağırlaşdıran, inkişafın yolunu kəsən mühüm amillərdən biri də korrupsiyadır. Ölkəmizdə korrupsiyanın cilovlanması üçün bizim müstəqil iqtisadçı alimlərimiz hakimiyyətə neçə məşvərət səciyyəli təklif və təkliflər toplusu göndərib! Heyhat! Hakimiyyət onları alıb xeyli gülüb və tullayıb arxivin uzaq rəfinə, çünki ona məsləhət lazım deyil, özü hamıdan yaxşı bilir ki, korrupsiyanı necə cilovlamaq olar.

Yadınıza Misirdə Hüsni Mübarəkin devrildiyi, Qahirədə ət-Təhrir meydanınının çağlayıb kükrədiyi dövrü salın. Dünyanın bütün müstəbidləri qorxuya düşmüşdü, Prezident İlham Əliyev məmurlara əmr etmişdi ki, əhalini soymasınlar.

İlahi, necə də bəxtəvər günlər olarmış… Məmurlar vətəndaşdan qara qəpik almadan onun bütün qanuni istəklərini təbəssümlə icra edir, adət etmədiyi rəftardan çaşmış vətəndaş dövlət idarəsini heyrət içində tərk edirdi.

Möcüzə bir neçə ay çəkdi. Prezident dərk etdi ki, örüşdən qoparılmış məmur sürüsü itaətdən çıxa bilər. Həmin vaxta qədər isə Misirdə hadisələr elə cərəyan etdi ki, əski hakim zümrənin müsəlman qardaşlarını devirəcəyi şübhə doğurmadı. Elə də oldu, prezident Muhamməd Mursinin müdafiə naziri təyin etdiyi general Əbd-ül-Fəttah əs-Sisi ordunun əlilə xalqın seçdiyi prezidenti devirdi, həbs etdi, şəbədə məhkəmələrdə şər ittihamlarla mühakimə etdi və sonda çərlədib öldürdü.

Azərbaycanda məmurlar arasında fövqəladə vəziyyət yuxarıdan ləğv edildi və hamı asudə nəfəs alıb sevimli məşğələsinə qayıtdı. Düzdür, Hüsni Mübarəkin Sabunçu vağzalının qənşərindəki heykəli götürüldü və dübarə ucaldılmadı.

Yenə köhnə hamam, köhnə tas, yenə əvvəlki dinməver, yenə büdcənin talanı, yenə jurnalistlər cəmiyyətə elə-hey Sinqapur nümunəsini misal gətirirlər.

Bizə nə olub ki, biz heç kəsdən ağıllı deyilik, biz də Sinqapur nümunəsindən yazıb oxucunu hali edək.
Sinqapurla Azərbaycan arasında çox oxşarlıq var idi, bəziləri hələ də durur.

  1. Hər ikisi müstəmləkə olub, biri Britaniyanın, o birisi Rusiyanın.
  2. Hər ikisi Şərq ölkəsidir.
  3. Hər ikisində rüşvət qəbahət deyil, doğma və əziz milli adət sayılırdı.
  4. Hər iki dövləti bir adam və bir ailə idarə edib: Sinqapuru Li Kuan Yu və oğlu 52 il, Azərbaycanı Heydər Əliyev və oğlu 53 il.
  5. Hər iki dövlət avtoritar üsullarla idarə edilir. Hər iki dövlət KİV-i ciddi nəzarətə alıb və kütləvi tədbirləri əngəlləyir.
  6. Hər iki dövlət multikulturalizmə önəm verir.
  7. Hər iki dövlət Qoşulmamışlar Hərəkatının fəal üzvüdür.

Bununla da oxşarlıqlar, deyəsən, bitir, başlayır fərqlər.

Li Kuan Yun. Mənbə: “cnbc.com”

Sinqapur dünyanın ən zəngin 10 dövlətindən biridir. Azərbaycan 70-ci yerdədir. Sinqapurun təbii sərvəti yoxdur, Azərbaycanın iri neft və qaz yataqları var. Sinqapurda seçkilər şəffaf və ədalətli keçir, Azərbaycanda belə şey yerli-dibli olmayıb. Sinqapurda qanun şahdır, Azərbaycanda şah qanundur. Sinqapur məhkəməsi ədalət və paklıq rəmzidir, Azərbaycanda məhkəmə əslən quramadır. Sinqapur dünyanın elmtutumlu məhsulunun 6%-ni istehsal edir, Azərbaycanın yüksək texnologiya məhsullarındakı payını zərrəbinlə görmək mümkün deyil. Sinqapurda iş və həyat səviyyəsinin yüksəkliyi səbəbindən 500 min yerli vətəndaşa 4,5 milyon əcnəbi əlavə edilib, Azərbaycandan həyat və güzəranın ağırlığı ucbatından azı 1,5 milyon insan cəlai-vətən olub.

Bu fərqlərin səbəbi nədir?

Çox sadə. Atalar məsəlimiz var: niyyətin hara, məqsədin ora. 1959-cu ildə ali dövlət məqamını tutmuş Li Kuan Yu demişdi:

“Mən hakimiyyətə gələndə qarşımda iki yol var idi. Birincini seçsəydim, başlamalıydım oğurlamağa, ailəmin və qohumlarımın adlarını “Forbs” siyahısına yazdırmağa. Bu halda xalqım quru həsirin üstündə yalavac qalacaqdı. İkincini seçsəydim, xalqıma xidmət edib vətənimi dünyanın öncül dövlətləri sırasına çıxaracaqdım. Mən ikinci yolu seçdim”.

Li Kuan Yu 1959-cu ildə Baş nazir seçiləndə Sinqapur dünyanın ən kasıb ölkələrindən biri idi. Beş ildən sonra hər adama düşən orta illik gəlir 400 dollara çatdı. Li Kuan Yu 1990-cı ildə Baş nazir vəzifəsini tərk edəndə bu rəqəm 12 500 dollara çatmışdı. 2010-cu ildə orta sinqapurlunun gəliri orta ABŞ vətəndaşının illik gəlirini üstələdi.

Li Kuan Yu dünyanın bütün müasir şirkətlərini Sinqapurda öz şöbələrini açmağa dəvət etdi. Vəziyyəti öyrənmək üçün Sinqapura gələn hər işbaza bir nəfər məsul məmur təhkim olunurdu. Bu məmurun vəzifəsi işbazın istənilən sualına ləngimədən cavab tapmaq, işinin gedişində yaranan istənilən maneəni dərhal aradan qaldırmaq idi. Sərmayədar gəlib görürdü ki, Sinqapurda hara dönürsə, onun yolunda yaşıl işıq yanır, həvəslənib gəlib bu balaca dövlətdə böyük müəssisə qururdu. İqtisadi inkişaf başlayanda Sinqapurda işsiz qalmadı, üstəlik, xaricdən ölkəyə yüksək ixtisaslı işçi axını başladı.

İstənilən Şərq ölkəsində olduğu kimi, Sinqapurda da hədsiz korrupsiya tüğyan edirdi. Li Kuan Yu ilk addım kimi lisenziya sistemini maksimum ixtisara saldı və şəffaf etdi. İkincisi, qanunları elə sadələşdirdi ki, onların yozumunda ikitirəlik mümkün olmasın. Üçüncü addım məhkəmə islahatı oldu. Hakimlər dəyişdirildi, camaatın hörmətini qazanmış müstəqil vəkillər hakim vəzifəsinə təyin edildi, hakimin illik maaşı əvvəl bir neçə yüz min dollar, bir zamandan sonra isə ildə bir milyon dollar oldu.

Bundan sonra Li Kuan Yu xalqa elan verdi: kim rüşvət alsa, tutulacaq!

İlk tutulan Li Kuan Yunun uşaqlıq dostu, ekologiya naziri Vu Bun Tun oldu. Onun ikinci dostu tutulanda, əhali anladı ki, Baş nazir zarafat etmir və niyyətindən dönən deyil.

Tuthatut ona gətirdi ki, xeyli sayda məmur məhbəsə düşdü, bəziləri ölkədən qaçdı, bir neçəsi intihar etdi.
Beləliklə, korrupsiyanın kökü Sinqapurda bilmərrə kəsildi.

Azərbaycanda isə korrupsiya həyatımızın yazılmamış qanunudur.

Li Kuan Yunun sayəsində Sinqapur tək regionun deyil, həm də dünyanın mühüm maliyyə və ticarət mərkəzinə çevrildi. Hamı Sinqapura köçməyə can atır. Dövlət məcbur olub bu köçü artıq inzibati üsullarla məhdudlaşdırır.

Sinqapur ərazi cəhətdən balaca dövlətdir, hər kvadrat metrinə beş nəfər düşür. Ərazisini dənizin hesabına genişləndirir. Azərbaycan torpaq sarıdan boldur, fəqət istifadəsi zaydır. Ərazi əhalini yedirtməyə çatar, di gəl siyasi sistem buna imkan vermir. Azərbaycanda idxal mafiyası deyilən güclü dəstə yerli istehsalı boğur.

Li Kuan Yu bütün dünyada uğurlu ictimai, iqtisadi və milli siyasət nümunəsi yarada bildi və adı dillər əzbəri oldu.

Nə olar ki? Azərbaycanın da adı müxtəlif dosye və qalmaqallarda hallanır.
Hər halda hakimiyyətimiz imkan vermir ki, dünya Azərbaycanı unutsun.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button