2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Siyasi şərhçi: “Ehtimal ki, Azərbaycan anti-terror əməliyyatına hazırlaşır”

“Əliyevin aqressiv ritorikası Rusiyanın marağına cavab verir”

“İlham Əliyevin çıxışı daxili auditoriyaya hesablanıb”.

Bu fikirləri siyasi şərhçi Azər Qasımlı İlham Əliyevin çıxışını Meydan TV-yə şərh edərkən deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Görüş tanışlıq xarakteri daşıyırdı”

İyulun 15-də keçirdiyi müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir.

İlham Əliyev Azərbaycan-Erməmistan əlaqələrinə real nəticələrin olmamasından təəssüflənib:

“Əgər müsbət məqamlardan söhbət açsaq, sadəcə olaraq, deyə bilərəm ki, delimitasiya üzrə işçi qrupların birinci görüşü keçirilib. Bu da ölkəmizin təşəbbüsü ilə olub. Çünki məhz Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışırdı. Ermənistan tərəfi buna o qədər də meyilli deyildi”.

Prezident deyib ki, birinci görüş daha çox tanışlıq xarakteri daşıyırdı:

“Gələn ay ikinci görüşün keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaqdır. Əlbəttə, bu formatda olan əməkdaşlıqdan biz hələ ki, tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik”.

Ölkə başçısı Ermənistanın Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipini qəbul etdiyini vurğulayıb:

“Münaqişənin məhz bu prinsiplər əsasında həll olunması demək olar ki, təsdiqləndi. Ermənistan bunu qəbul etdi və bunu rəsmən etiraf etdi. Biz bu məsələni bir neçə qonşu dövlətlə müzakirə etmişik – Türkiyə ilə, Rusiya ilə, İranla müzakirə etmişik və bu mövqe dəstəklənir. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları – biz bu tərəfdaşlarla da bu məsələni müzakirə etmişik və faktiki olaraq indi sülh danışıqlarının başlanması üçün əsas yaradılıb”.

Ancaq Əliyev bu yöndə konkret addımların olmadığını da əlavə edib:

“Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər. Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın. Çünki sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb. Orada üzvlər də, o qrupda təmsil olunan üzvlər də müəyyən edilib. Ermənistan tərəfdən hələ ki, belə bir addım atılmayıb. Hesab edirəm ki, bu, yaxşı nəticə ola bilər və digər məsələlər müzakirə oluna bilər. Yenə də deyirəm, biz xarici işlər nazirlərinin sabahkı görüşünü gözləyirik, görüşün nəticələrini gözləyirik. Ondan sonra hansı addımlar atılacaq, biz onu müəyyən edəcəyik”.

“Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi söz verdi…”

Prezidentin sözlərinə görə, müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırır:

“Bəyannamə faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq. Bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları – Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb – necə deyərlər, onları buna məcbur etmir”.

“Cavabımız nə olacaq, onu bəlkə də indi demək yersizdir”

Əliyev yaranmış durumu “dözülməz vəziyyətdir” deyə adlandırıb:

“Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir. İkinci mənfi məqam ondan ibarətdir ki, yenə də həmin 10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında irtibat qurulmalı idi və Ermənistan buna boyun əymişdi, bu öhdəliyi öz üzərinə götürmüşdü. Ancaq bu günə qədər bizə bu imkan verilmədi. Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək. Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Biz bunu öhdəlik kimi götürmüşük və buna əməl edirik. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün bizim imkanımız yoxdur. Nəinki imkanımız yoxdur, biz görmürük ki, Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülsün. Bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu bizə verilməyib. Bir il səkkiz ay keçib, mən bu məsələni dəfələrlə qaldırmışam, o cümlədən Brüssel görüşlərində – mənim, Ermənistanın baş naziri və Avropa İttifaqı Şurası prezidentinin görüşləri əsnasında üç dəfə qaldırmışam. Bu günə qədər bizə marşrut verilmir. Orada cəmi 40 kilometr məsafədir. Bunun bir çox marşrutları ola bilməz. Özü də aydın məsələdir ki, orada bütün mövsümlərdə və günün 24 saatında istifadə edə biləcək yolların marşrutları da o qədər də çox deyil. Deməli, bu marşrutun bizə verilməməsi, bu istiqamətdə işlərin aparılmaması, texniki-iqtisadi əsaslandırmanın hazırlanmamasının bir səbəbi var – Ermənistan bu öhdəliyi də yerinə yetirmək istəmir, ancaq bunu etiraf etmir. Ona görə biz haqqımızı tələb edirik. Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də 1 il 8 ay keçib və bunu hər kəs nəzərə almalıdır”.

Foto: Azərtac

“Biz də Zəngəzur üçün status tələb edə bilərik”

Status məsələsinə gəlincə, Əliyev deyib ki, son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb:

“Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim – Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olub ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusa nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq”.

“Ölmüş Minsk Qrupu həmsədrləri arasında soyuq müharibə gedir”

“Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var. İndi Minsk qrupu faktiki olaraq səhnədən gedib. Biz – bu prosesin iştirakçısı olan ölkə deyirik ki, Minsk qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Minsk qrupu həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Ermənistan tərəfi yenə də, hər dəqiqəbaşı Minsk qrupu belə gəldi, Minsk qrupu belə getdi deyir. Bu, nə deməkdir? Sadəcə olaraq, biz yenə də bunun arxasında ölkəmizə qarşı ərazi iddiası görürük”,-bunu da Əliyev bildirib.

“Sosial Müdafiəsi Nazirliyi böyük işlər görüb, bunu hamı bilməlidir”

Hərbçilərin sosial müdafiəsinə toxunan İlham Əliyevin sözlərinə görə, bu məsələlər Azərbaycanda yüksək səviyyədə təmin edilir:

“Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır. İndi qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilir, onun haradasa 90 faizi yenidən qurulub. O cümlədən azad edilmiş torpaqlarda nə qədər böyük işlər görülüb – hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur – biz bunu o ağır iqlim şəraitində edirik. Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində, müharibədən sonrakı dövr ərzində böyük işlər görüb, bunu hamı bilməlidir”.

“Biz də iqtisadi tənəzzülə hazır olmalıyıq”

Dövlət başçısı qeyd edib ki, dünyada neftin qiyməti qalxıb, amma, eyni zamanda, dünyanın kapital bazarları çöküb, bunu da hər kəs bilməlidir:

“Bəzən kimsə fikirləşir ki, neftin qiyməti artıb, Azərbaycan daha çox zənginləşib. Bəli, neftin qiyməti artıb, amma bizim ehtiyatlarımız əsasən istiqrazlardadır, səhmlərdədir. Açsınlar baxsınlar, dünyanın kapital bazarları necə çöküb. Əlbəttə, bu, müvəqqətidir. Bütün suveren fondlar bu vəziyyətlə üzləşiblər. Mən indi başqa suveren fondların itkilərini demək istəmirəm, amma burada 10 milyardlarla itkilərdən söhbət gedir – böyük suveren fondların, bu kapital bazarının çökməsi nəticəsində. Bu, bizə də mənfi təsir göstərir. Ancaq biz öz işimizlə, islahatlarla elə işləyirik ki, heç kim bunu hiss etmir. Onu da deməliyəm, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq”.

“Quru sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik”

O, pandemiyanın ən ağır dönəmində qapanmaya gedildiyini xatırlayaraq əlavə edib ki, Azərbaycanın quru sərhədləri bağlıdır və bağlı olmalıdır”

“Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq – quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur. Biz COVID dövründə milyardlarla vəsait ayırmışıq, indi mən bunu təkrarlamaq istəmirəm”.

“Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə…”

İlham Əliyev gələn ilin büdcəsində əsas istiqamət olaraq yenə də sosial siyasəti gördüyünü vurğulayıb:

“Bu istiqamətdə, bu sahədə son illər ərzində çox böyük işlər görülüb. Ancaq biz bu sahəyə daim prioritet sahə kimi baxmalıyıq. Ona görə baxın, təkliflər verin, hansı əlavə addımlar atıla bilər ki, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin edilsin, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial məsələləri həll olunsun. Əfsuslar ki, etimad göstərdiyim bəzi kadrlar bu etimadı doğrultmayıblar. Kölgə iqtisadiyyatı, əlbəttə, hər ölkədə var, əsas məsələ onun həcmidir, dövlətin, hökumətin buna münasibətidir. Dövlətin və hökumətin buna münasibəti belədir ki, bu, Azərbaycanda olmamalıdır və bizim əlimizdədir ki, bu, olmasın. Çünki texnologiyalar inkişaf edir, yeni nəzarət imkanları yaranır. Burada kölgə iqtisadiyyatı adlı mənfi faktor olmamalıdır, yaxud da minimuma endirilməlidir. Ona görə ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir – uçot, nəzarət və əlbəttə, kadrların yerləşdirilməsi. Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Baxmayaraq ki, büdcəmiz artıb, o cümlədən şəffaflıq nəticəsində böyük dərəcədə artıb, buna görə yenə də rezervlər var. Kölgə iqtisadiyyatı bu rezervləri faktiki olaraq dövlətdən götürüb kiminsə cibinə istiqamətləndirir. Buna son qoyulmalıdır və biz bütün imkanlardan istifadə etməliyik”.

Avropa İttifaqı ilə saziş

İlham Əliyev Avropa İttifaqı ilə imzalanması gözlənilən sazişdən də danışıb:

“Avropa İttifaqı ilə sazişin böyük hissəsi razılaşdırılıb. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd – enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır”.

Dövlət başçısı bildirib ki, beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada apardığı siyasət daxili problemləri daha böyük uğurla həll etmək imkanı verir:

“Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır – ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada. Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik. Əminəm ki, bundan sonra da belə olacaq. Çünki əsas beynəlxalq oyunçularla, əgər belə demək mümkündürsə, bizim artıq oturuşmuş və dərin məzmunlu əməkdaşlıq formatımız vardır”.

İyulun 14-də “EUobserver” nəşri də Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişdən yazıb. Məqalədə göstərilir ki, məqsəd Rusiyadan asılılığı azaltmaqdır. Sazişdə 2027-ci ildə 20 milyard kubmetr qaz tədarükü nəzərdə tutulur. Aİ bu tədarükü qeyd-şərtsiz həyata keçirməyi planlaşdırır.

“Azərbaycan anti-terror əməliyyatına hazırlaşır”

Ölkə başçısının səsləndirdiyi fikirləri şərh edən Azər Qasımlı sual edir ki, İlham Əliyev bundan sonra 10 noyabr sazişindən çıxacağınımı bəyanat edəcək:

“Təbii ki, Əliyev bu addımı atıb Rusiya ilə münasibətləri korlamaz. İkincisi, Rusiya əsgərlərinin olduğu bölgədə erməni silahlı birləşmələrini çıxartmaq adıyla əməliyyat keçirməsi inandırcı deyil. Ona görə də Əliyevin “Cavabımız nə olacaq, onu bəlkə də indi demək yersizdir” açıqlaması daxili auditoriya üçün təbliğat məqsədi daşıyır”.

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

Siyasi şərhçi İlqar Vəlizadə isə fərqli düşünür. O ehtimal edir ki, Azərbaycan anti-terror əməliyyatlarına hazırlaşır:

“Anti-terror əməliyyatına hazırlıqların işarələri də var. Konkret olaraq, komanda qoşunlarının yaradılması və bölgədə təlimlərin keçirilməsi Azərbaycanın bu ssenariləri nəzərdən keçirməsindən xəbər verir”.

“Əliyevin şifahi razılaşma ifadəsini işlətməsi biabırçılıqdır”

Azər Qasımlı bildirib ki, hansısa savaşdan sonra danışıqlar başlayırsa, orda şifahi razılaşmalar olmur:

“Sülh müqaviləsi hazırlanmalı və orada bütün detallar əksini tapmalıdır. Yəni dövlətlər bir-birinin ərazi bütövlüyünü tanımalıdır, ardınca diplomatik missiyalar, kommunikasiyalar açılmalıdır, o cümlədən, Qarabağda olan ermənilərin təhlükəsizliyi təmin olunmalıdır. Amma bunun üçün hansısa vasitəçiyə ehtiyac olmadan Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlməlidir. Bu mənada Əliyevin şifahi razılaşma ifadəsini işlətməsi biabırçılıqdır”.

Ancaq Qasımlı dövlət başçısının “Zəngəzur üçün status tələb edə bilərik” bəyanatını təzyiq vasitəsi sayır:

“Məsələ ondadır ki, Zəngəzurda on minlərlə azərbaycanlı yaşayıb və onları yurdlarından qovublar. Əgər Qarabağda olan ermənilərin hüquqları məsələsi varsa, yaxud statusu masaya gətirilərsə, o zaman Azərbaycan da öz tərəfindən bunu edə bilər. Bakının bundan əl çəkməsi üçün Yerevan da Rusiyasız bölgədə problemlərin həllinə hazır olmalıdır. Bu mənada Əliyevin həmin bəyanatını müsbət dəyərləndirirəm. Amma biz detalları tam bilmirik”.

Azər Qasımlı Əliyevin dünənki ritorikasının aqressiv olması qənaətindədir:

“Əslində, bu sərtlik Rusiyanın marağına cavab verir. Çünki sülh müqaviləsinin olmamasını Moskva istəyir”.

İlqar Vəlizadə
İlqar Vəlizadə. Mənbə: Trend.az

İlqar Vəlizadə hesab edir ki, əgər söhbət 10 noyabr sazişindən gedirsə, o zaman bu məsələlər tez həll olunduğundan bütün detallar sənəddə öz əksini tapmadı:

“Ona görə müəyyən məsələlər şifahi şəkildə razılaşdırıldı. Amma Azərbaycanın əvvəlki gündəmə qayıtması inandırıcı deyildi. İndi də statusla bağlı praktiki bir gedişat yoxdur”. İ.Vəlizadənin sözlərinə görə, sülh sazişində bütün detallar əksini tapmalıdır:

“Bundan sonra əsas sənəd sülh sazişi olmalıdır ki, tərəflər mövqelərini ortaya qoyub razılaşsınlar. Ona görə 10 noyabr bəyanatı son sənəd sayıla bilməz”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button